Dilimiz öləcəkmi? - MÜSAHİBƏ Featured

 

Aqşin Yeniseyin “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

Fariz Əhmədovla söhbətini təqdim edirik.

 

FARİZ ƏHMƏDOV:

Hələ lap uşaqlığımdan dilimin altında elə hey pıçıldayıb dururdum: Dil ünsiyyət vasitəsidir. Müəllimlərimiz o qədər bu cümləni istifadə edirdi ki, psixi olaraq şüuraltıma yerimişdi. Mahiyyətini və mənasını başa düşməyərək təkrarladığım bu cümlə sən demə bu gün üçün özünə elə o gündən təməl hazırlayırmış.

Alimlər deyir ki, bir neçə il sonra dillərin bir çoxu ölüb sıradan çıxacaq. Bəs bizim ana dilimiz necə? Görəsən o da öləcək?

 

Bu suallara cavab tapmaq üçün şair, publisist Aqşin Yeniseyin, dilin taleyi, ictimai, elmi və texnoloji məsuliyyəti ilə bağlı düşündürücü, həmçinin mübahisə doğuran müsahibəsini təqdim edirik.

 

Aqşin bəy, Azərbaycan dili bu gün çağımızın mövzularını ifadə etmək imkanlarından məhrumdur və texnoloji çağın “ölü dillərindən” birinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Amerikalı psixoloq Culian Ceyns dilin yaranmasından (dilin təxminən əlli min il yaşı olduğu güman edilir) çox sonralar, təxminən beş min il əvvəl icad edildiyi zaman yazı işarələrini oxumağın insan beynində emosional mətn qavrayışını yaratdığını, beləliklə, oxunan sözlərin maddi varlıqlar olaraq şüurumuza sızdığını irəli sürdü. Ceynsin fikrincə, “buna görə də eramızdan əvvəl III minillikdə oxuma aktı, qavrayışımızda hecaların oxunmasından ibarət olan vizual oxu deyil, şəkil-simvollara baxaraq, mixi yazıları eşitməklə nitqin hallüsinasiyası ola bilərdi".  Amerikalı psixoloqun bu sözlərinə dörd il gözləri görməyən Borxesə gecələr kitab oxuyan Argentinalı yazıçı Alberto Maquel özünün "Kəlmələrin şəhəri" kitabındakı "Kassandranın səsi" essesində öz əlavəsi ilə belə bir yekun vurur: "Dil təkcə adlandırmaqla kifayətlənmir, həm də reallığı yaradır: dil, kəlmələr və baş verənlərin hekayələri vasitəsilə gerçəkləşdirilən zehni bir canlandırma aktıdır.

Dil xalqın öz mədəniyyətinə depoladığı qaxac tarixini hər an bir üfürüklə canlandıra bilən bir fövqəlgücdür. Dili olmayan xalqın kitabı, kitabxanası; kitabı, kitabxanası olmayan xalqın yaddaşı; yaddaşı olmayan xalqın tarixi və nəhayət özü də olmaz.

 

AQŞİN YENİSEY:

Dilimizin zənginliyi və yoxsulluğu haqqında söz düşəndə dərhal filoloji elita ədəbiyyatı ön plana çıxarırlar. Bu dil Füzuli, Nəsimi, Seyid Əzim, Cəlil, Haqverdiyev və sair ədiblər yetişdiribsə, ona yoxsul demək olmaz. Dilin potensilını yalnız ədəbiyyat müstəvisində dəyərləndirmək doğru deyil, müasir bir dil özünü fəlsəfi, elmi, texnolji müstəvidə də doğrultmaldır. Azərbaycan dili fəlsəfi, elmi, texnoloji baxımdan da ədəbiyyatda sahib olduğu potensiala sahibdirmi? Ümumiyyətlə, dilimiz bu gün özündə fəlsəfi, elmi, texnoloji məsuliyyəti hiss edirmi? Dinin, siyasətin, incəsənətin özünəməxsus məsuliyyəti olduğu kimi, dilin də özünəməxsus məsuliyyəti var.

Sovet sistemində müstəmləkə siyasəti Azərbaycan dilinin elmi, fəlsəfi, texnoloji məsuliyyətini rus dilinin üzərinə qoyulmuşdu. Məqsəd rusdilli elita yaratmaq və xalqa stün rifahın rus dilində mümkünlüyünü göstərmək idi. Müstəmləkə illərində Azərbaycan (türk) dili xeyir-şər dili idi, folklorik məsuliyyət daşıyırdı. Onun heç bir ictimai məsuliyyəti yox idi. Fransızların əsarətində olan İngiltərədə ingilis dili də vəbadan öncə belə bir çağ yaşayıb.

Azərbaycan (türk) dili yenə ictimai məsuliyyəti olmayan bir dil statusundadır. Bu dil Azərbaycan vətəndaşına yenə də ancaq şeir yazmaq, meyxana demək, linç etmək üçün lazımdır. Azərbaycan dili Azərbaycan vətəndaşı qarşısında heç bir ictimai, elmi, fəlsəfi, texnoloji məsuliyyət daşımır. Ona gələcəyi ilə bağlı heç nə vəd etmir. Buna görə də valideynlər daha məsuliyyətli dillərə üz tuturlar; ya Anadolu türkcəsi, ya rus dili. Çox vaxt təhsil işçilərini qınayırlar ki, dilimizi uşaqlarımıza pis öyrədirlər, yanlış düşüncədir. Bu gün Azərbaycan xalqı özü öz dilini pis öyrənir. Çünki gələcəyini, rifahını ona etibar etmir.

Dilimizin bugünkü vəziyyəti eynən eramızdan əvvəl I əsrdəki latın dilinin vəziyyətidir. Eramızdan əvvəl I əsrdə latın dili şimaldan qall, etrusk, cənubdan yunan dilinin mühasirəsində can verdiyi kimi bu gün Azərbaycan dili də şimaldan rus, qərbdən Anadolu türkcəsinin və ingilis dilinin təhdidi altındadır. Latın dili mühasirəyə təxminən 200 il dözə bildi və bir gün tab gətirməyib hiss olunmadan canını tapşırdı. Lap başa qayıdaq. Abbasqulu Ağa Bakıxanov Azərbaycan tarixinin ilk, özünün son əsəri olan "Gülüstani-İrəm”i farsca yazıb ruscaya tərcümə etmişdi.

Azərbaycan aydınlarının öz dilinin gücünə münasibətini əks etdirən ümumiləşdirmə üçün acınacaqlı bir faktdır bu. Dilimizin yad dillər qarşısında keçirdiyi bu "balacaboy”luq kompleksi indinin məsələsi deyil.

XI əsrdə ərəb dilinin lüğəti 26 cild idi. Həmin dövrdə türk dilində 10 min, fars dilində 250 min söz vardı. Bədəvi ərəb dilini XI əsrdə 26 cild edən səbəb nə idi? Türk professor Şakir Gözütox "Peyğəmbər dönəmində təhsil və tədris" kitabında yazır ki, ilk ayə endirildikdə Məkkədə cəmi on yeddi adam yazıb-oxuya bilirdi. Mədinədə isə yalnız yəhudilər yazıb-oxumağı bacarırdı. Müsəlmanlar Bədr döyüşündə ələ keçirdikləri müşrik əsirlərə şərt kəsmişdilər ki, bizə yazıb-oxumaq öyrədin, sizi azad buraxaq. Çox güman peyğəmbər özü də ilk "şagirdlər" arasında idi.

Çünki mənbələr onun yazıb-oxumağı bacarmadığını desə də, peyğəmbərin ölüm yatağında kağız-qələm istədiyini yazan digər mənbələr də var.

Müsəlmanlar nə zaman əsl yazılı bilgiyə sahib oldular?

Ceyms Vestfoll Tompsonun "Ortaçağ Kitabxanaları" kitabının "Müsəlman kitabxanaları" bölümündə göstərilir ki, müsəlmanlar ilk dünyəvi kitablara İranın və Misirin fəthindən sonra sahib olublar.

Xüsusilə 651-ci ildə Sassaniləri yenən müsəlmanlar onların Hind və yunan mədəniyyətinin tərcümələrini ələ keçirdilər və bu kitabları sürətlə ərəb və suryani dillərinə tərcümə etdilər. Beləliklə, ərəb dili estetik (mistik) və elmi-fəlsəfi zənginliyə büründü.

Orta əsrlərdə ərəb dili müsəlman Şərqində elm, fəlsəfə, fars dili şeir dili idi. Günlərin birində biz dilimizi ərəb, fars sözlərindən təmizlədik, bəs yerinə nə qoyduq? Ərəb sözlərini öz dilimizdən təmizləməklə, biz həm də dilimizi elmi, fəlsəfi anlayışlardan təmizlədik axı. Dilimizdə elmi, fəlsəfə anlayışları ifadə edən sözlərin yeri boş qaldı. Dilimizi Şərqdən qoparanlar, onu heç olmasa, Qərbə yapışdırmalıydılar. Amma nə etdilər, o boşluğu folklorla, şifahi dilin elementləri ilə doldurdular. Yazılı dili xəlqiləşdirdilər. Bizim dərdimiz də məhz yazılı dilimizin düşdüyü bu vəziyyətdir. Dünyada nitqi olub, dili olmayan minlərlə xalq var. Azərbaycan yazılı dilinin ən böyük faciəsi budur - xəlqilik. Onun mühafizəkarlığı da xəlqiliyindən doğur. Bu gün ingilis dili elm, texnika dili olmaqla yanaşı, həm də dünya xalqlarının dillərinə açıq olduğu, başqa dillərdən ən çox söz alan dil olduğu üçün dünyəvidir.

Dilçilik elminin "atası" sayılan Sössür nitq fəaliyyətini iki yerə ayırır: Dil "langue” və Nitq "parole”. Nitq danışma aktıdır, fərdidir, xəttidir, mexanikidir. Dil nitqin daxili aləmidir, anlayışlar və işarələr sistemidir. Yəni nitq şifahi olandır, dil yazılı olan. Danışa bildiyin nitqindir, yaza bildiyin dilin.

Bir dilin "gəncliyi" onun şifahi mərhələsdir. Azərbaycan türkcəsi məhz bu mərhələdə ilişib qalıb. Nitq (söz) mərhələsindən, dil (anlayış) mərhələsinə keçə bilməyib. Çünki sovet ideoloqları Azərbaycan elmini deyil, ədəbiyyatını cəmiyyətin aparıcı xəttinə çevirdilər. Savadsız fəhlə-kəndli balaları da qalın-qalın poemalar, romanlar yazaraq elitarlaşıb folkloru diriltdilər. Funksionallığını itirmiş həqiqətlərlə funksionallığı olmayan bir dil yaratdılar. Yazılı ədəbiyyatımız belə şifahi nitqin hesabına yaradıldı. Necə ki, həmin işi bu gün meyxanaçılar davam etdirir. Bu gün hər evə soxulmaq imkanı olan Azərbaycan efirinin dili 200-300 sözdən ibarət nitqdir. Azərbaycan tamaşaçısı, oxucusu ona görə rus dilinə, Anadolu türkcəsinə şığıyır ki, orada nitq yox, dillə ünsiyyətə girir, sözlərlə deyil, anlayışlarla tanış olur.

Çağın ölçüləri ilə yanaşsaq, əslində, biz bu gün ölü bir dilə sahibik. Dünyada elə bir xalq yoxdur ki, şifahi nitqi olmasın, amma yazılı dili olan cəmi 78 xalq var.

Bu gün beynəlxaq ədəbi mühitdə artıq belə bir fikir hakimdir ki, əgər bir roman ingiliscə yazılmırsa, o bəri başdan roman deyil, ona vaxt ayırmaq olmaz. Çünki çağı ifadə edən əsas dil ingilis dilidir. Dilimiz "gənc" olduğu üçün çağı ifadə etmək imkanlarından məhrumdur. İnkişaf etmiş dünya çoxdan ideologiyalar dövrünü başa vurub, texnologiyalar çağına qədəm qoyub. Texnologiyalar çağında isə dili ədəbiyyatçılar deyil, mühəndislər, proqramistlər, nə bilim, kiber uzmanlar yaradır.

Azərbayacan dili artıq texnoloji çağın "ölü dili"dir. Bu dildə çağımızın heç bir fəlsəfi, elmi, texnoloji mövzusunu ifadə etmək mümkün deyil. İnsanımız gələcəyini öz dilində görmür. Qərar qəbul etməliyik: ya çağı ifadə edən əcnəbi sözlərə dilimizdə milli pasport verməliyik, ya da bu sözlərin milli vahidlərini yaratmalıyıq. Əlbəttə, bu dili çağımızın mövzuları üzrə və mətndə istifadə etməyən yaşlı nəsil problemi görmür. Onlara görə, dil bayatı çağıra bilirsə, deməli, hələ də yaşayır. Halbuki günümüzün yaşayan dilləri bayatı çağırmaq taqətləri ilə deyil, kompüter proqramı yaza bilmək imkanları ilə öyünür. Oksfordun hesablamalarına görə, cəmi 20-30 ildən sonra indiki ixtisasların üçdə ikisi olmayacaq. Həyatımıza kiber təhlükəsizlik, süni zəka proqramistləri, gen mehəndisliyi kimi yeni ixtisaslar daxil olacaq. Sual budur: Azərbaycan universitetləri ana dilimizdə bu ixtisas sahiblərini yetişdirə biləcəkmi?

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.