Bu gün Xalq artisti Sədayə Mustafayevanın anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Adətən aktyor və aktrisaları Bakı səhnəsi məşhur edir. İstisnalar az-az olur. Bir istisna da Azərbaycan SSR xalq artisti, teatr və kino aktrisası Sədayə Mustafayevadır, ulduzu əyalətlərdə parlayan aktrisanın bu gün anım günüdür.

 

Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib.

Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradıb.

"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti Sədayə Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir.

Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz Sədayə Mustafayeva məktəbinin yetirməsidir.

 

Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm... bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət..."də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar.

 

Mükafatları

- Azərbaycan SSR Əməkdar artisti

- Azərbaycan SSR Xalq artisti

- Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü.

 

Aktrisa 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.