Rəqsanə Babayeva,
rejissor, mədəniyyət yazarı, “Ədəbiyyat və incəsənət” üçün
Bir zamanlar sənət, ruhun pıçıltısıydı. İnsan öz içində sükutla danışardı və bu sükutun dili bəzən musiqi, bəzən şeir, bəzən bir rəsm tablosu olurdu. Sənət – zəmanədən böyük, bazardan uzaq, alqışdan asılı olmayan bir mövcudluq idi. İndi isə çox vaxt “bəyənildi”, “satıldı”, “trend oldu”, “səhnə aldı” deyə ölçülür.
Bəs bu dəyişən tələblər sənəti öldürür, yoxsa başqa cür yaşamağa məcbur edir?
Zəmanə ruhu nədir və sənətə necə sirayət edir?
Hər dövrün öz dili, ritmi və ehtiyacı var. Sənət də bu ehtiyacların içindən doğulmağa meyllidir. 20-ci əsrdə müharibələrin, inqilabların, yoxsulluğun təsiri ilə sənətdə protest, ekzistensializm, simvolizm kimi cərəyanlar yarandı. Bəs bu gün?
Bugünkü zəmanə:
Sürətə dəyər verir, dərinliyə deyil
Vizuala vurğulanır, mahiyyəti ötür
Populyarlığı önə çəkir, orijinallığı geri itələyir
Sənət də bu çağırışa cavab verir: qısa, səsli, sadə, satıla bilən, parlaq.
Bu, bir tərəfdən zamanın ruhuna uyğunlaşmadır. Digər tərəfdən isə dəyərlərin “ticarət obyekti”nə çevrilməsi riskidir.
Sənət əsəri, yoxsa məhsul?
Sənət əsəri yaratmaq – çox zaman risk tələb edir. Satılmaya bilər, bəyənilməyə bilər, başa düşülməyə bilər. Amma bu gün bir çox yaradıcı “nə satılar?”, “nə trend olar?” sualına cavab verməyə çalışır.
Teatr – bilet satılacaq tamaşalar üzərində düşünür
Kino – kommersiya planı olmayan ssenariləri rədd edir
Musiqi – bazara düşməyən janrları istehsaldan çıxarır
Rəssamlıq – sərgidən çox, “instagram-layihə”lər üçün tablolar yaradır.
Sənət əsəri getdikcə məhsula çevrilir. Bu bazarla bilincli şəkildə əməkdaşlıq edən sənətçi isə, bir növ, istehsalçıdır. Amma burada sual yaranır: sənətçi “istehsalçı” olmaq istəyirmi?
Zövqlər formalaşır, yoxsa formalaşdırılır?
Çox vaxt deyilir: “İnsanlar bunu istəyir.” Lakin unudulur ki, insanların nə istədiyi – onlara nə təklif olunduğundan asılıdır. Televiziya, sosial media, reklam, platformalar – bir zövq standartı təqdim edir və sənət də bu standarta uyğunlaşmağa məcbur olur.
Əgər tamaşaçı səthi, gülməli, səsli vizual axtarırsa, sənət də bu tələbatı ödəməyə başlayır. Amma sənətin missiyası yalnız tələbə cavab vermək yox, həm də zövqü formalaşdırmaqdır.
Əgər sənət bazarın diktəsi ilə hərəkət edirsə, təbliğat vasitəsinə çevrilir. Əgər sənət vicdanın, düşüncənin, estetik tərbiyənin səsinə qulaq verirsə – onda mədəniyyətin sütununa çevrilir.
Bazarla əməkdaşlıq mümkündürmü?
Sənəti bazardan tamamilə təcrid etmək də mümkün deyil. Əsər yayımlanmalıdır, göstərilməlidir, təbliğ olunmalıdır. Yəni maddi müstəvi qaçılmazdır. Məsələ onun hansı pillədə dayanmasındadır.
Əgər bazar sənətə xidmət edirsə – bu sağlam münasibətdir.
Əgər sənət bazara tabe olursa – bu kültürün aşınmasıdır.
Sənətçinin borcu həm zamanın ritmini anlamaq, həm də onu təhlil edib alternativ yaratmaqdır. Təkcə üzən axın deyil, bəzən suyu tərsinə buran bir gücdür sənət.
Əsil sənət hara çəkilir?
Əsil sənətçi – bu çağda bəlkə də kütlədən bir addım geridə gedir. Qışqırmır, bəzəmir, satmır. O səssizliyi seçir. Yavaş-yavaş, amma dərindən yazır, çəkir, bəstələyir. Bəlkə az görünür, amma görünəndən çox deyir.
Çünki bilir: sənət – bir gün yox, bir əsr yaşamaq üçün yaradılır.
Ticarətlə ruhun sərhədində dayanan sənət
Bu gün sənət bazarla üz-üzədir. Bəzən onunla əməkdaşlıq edir, bəzən mübarizə aparır. Amma əsas sual budur:
Sənət hara gedir? Bazarın yanına, yoxsa zamanın içinə?
Bu suala hər sənətçi öz yaradıcılığı ilə cavab verir. Və bu cavab – mədəniyyətin sabahını müəyyən edir.
“Ədəbiyyat və incəsənət”
(08.08.2025)