"Hər şey yaxşı olacaq!" sözləri ilə əbədiləşdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəzən bir hadisə baş verir ki, adi, sıravi bir şəxs məşhurlaşır, adı dillər əzbəri olur. Təyyarə qəzaya uğrayarkın "Hər şey yaxşı olacaq!" kəlmələri ilə insanlara təskinlik verən stüradessa, Azərbaycanın Milli Qəhramanı Hökümə Əliyeva da belələrindən oldu.

 

Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

Öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib. Atası Cəlil Əliyevin sözlərinə görə bu il onun doktoranturasının son ili olub. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. Atasının sözlərinə görə, o, bu uçuşdan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.

O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri olub. Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq - "Hər şey yaxşı olacaq!" kəlmələri ilə məşhurlaşıb.

29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına, "Qızıl Ulduz" medalına layiq görülüb.

Rejissor və ssenarist Ziya Şıxlinski 2025-ci ildə Hökumə Əliyevanın həyatından bəhs edən "Hökumə - kədərim mənim" adlı qısametrajlı sənədli film çəkib. Filmin bədii rəhbəri Rasim Balayev, ssenari müəllifi və rejissoru Ziya Şıxlinski, operatoru Adil Abbasovdur.

Əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə verilib. Polşada adına təqaüd proqramı təsis edilib. Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa adı verilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.