İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sentyabrın 18-də Azərbaycanın görkəmli bəstəkarı, adını musiqi tariximizə qızıl hərflərlə yazdıran Müslüm Maqomayevin 140 illik yubileyini qeyd edəcəyik. Bu gün isə onun anım günüdür.
Müslüm Maqomayev Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dostu olub. Və ən maraqlısı da budur ki onlar eyni ildə, eyni ayda, eyni gündə - 18 sentyabr 1885-ci ildə dünyaya göz açıblar. İndi isə Müslüm Maqomayevi yaxından tanıyaq.
O, əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd gənc yaşlarında İlisu kəndində dəmirçilik edib və sonralar Vladiqafqaz şəhərinə köçüb. Müslüm 18 sentyabr 1885-ci ildə Qroznıda anadan olub.
1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olub. Elə buradan da onun Üzeyir Hacıbəyov ilə dostluğu başlayıb. Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev skripka və qaboyda əla çalıb. Seminariyada çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilib. Simfonik orkestrin baş ifaçısı olan Müslüm Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edib.
Maqomayev 1904-cü ildə seminariyanı uğurla bitirdiyinə görə skripka və pul mükafatı alıb. Seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilib. 1904–1905-ci illərdə Bekoviçi aulunda məktəb müdiri və nəğmə müəllimi vəzifəsində çalışıb, şagird xoru təşkil edib. 1911-ci ildə Maqomayev Bakı şəhərinə köçüb və burada şəhər kollecində işə başlayıb. Burada müəllimlikdən əlavə, həmçinin yerli işçilərə savadlılıq öyrədən axşam kurslarını təsis edib.
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, eləcə də, "O, olmasın, bu olsun", "Arşın mal alan", musiqili komediyalarına dirijorluq edib. Müslüm Maqomayevin Azərbaycan milli teatrının inkişafı, eləcə də, müəllimlik sahəsindəki pedagoji fəaliyyəti onu Üzeyir Hacıbəyovla daha da yaxınlaşdırıb.
1913-cü ildə Magomayev "Sevgi" və "Şah İsmayıl" operalarını yazmağa başlayıb. 1913–1914-cü illərdə "Məhəbbət" adlı (bitməyən) opera yazıb. O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan "Şah İsmayıl" operasını bitirib. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edib. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları olub, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanıb. 1916-cı ildə tamamlanan operanı bəstəkar bir neçə dəfə redaktə edib.
1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçilər Birliyinin sədri seçilib. O, 1921-ci ildə Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb. 1929-cu ildə Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində işləyib və bu vəzifədə 1931-ci ilə qədər qalıb.
O, 1920–1930-cu illərdə "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. Bəstəkar, həmçinin, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi", və s. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirib. "Bahar", "Tarla", "Bizim kənd" mahnıları milli koloriti ilə diqqəti cəlb edib. 1932-ci ildə Koroğlu dastanı hekayəsinə əsasən opera yazmağa başlayıb, lakin Hacıbəyovun eyni mövzuda əsər yazdığını öyrənib və dostunun daha yaxşı bir opera yazacağını düşünərək, layihələri məhv edib.
Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun "Nərgiz" operası təşkil edib. Bəstəkar opera üzərində 1932–1935-ci illərdə işləyib. "Nərgiz" operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutub. Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq operanın melodik quruluşunda milli musiqi nümunələrinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır. "Nərgiz" operasının tamamlanması ilə əlaqədar olaraq bəstəkar "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
15 yaxın simfonik əsərlərin, o cümlədən iki opera, marşlar və bir neçə rapsodyanın, azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir. Onun bitməmiş əsərlərindən üçü məlumdur — "Sevgi" operası, "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediya. Bundan əlavə, Maqomayev teatr tərtibatına ("Ölülər", "1905-ci ildə") və filmlərə ("Azərbaycan incəsənəti", "Raport veririk") musiqi müşayiətinin müəllifidir.
Operalar
- "Şah İsmayıl"
- "Nərgiz"
Musiqili komediya
- "Xoruz bəy (operetta)"- 4 pərdəli satirik musiqili komediya
Balet
- "Dəli Muxtar (opera)" — 4 pərdəli balet. 1936-cı ildə başlanılıb, bitirilməyib
İnstrumental
1. Simfonik əsərləri — Azərbaycanda ilk dəfə
2. "Ceyran" rapsodiyası
3. "Azərbaycan çöllərində"
4. "Azad olunmuş Azərbaycan qadınının rəqsi"
5. "Dərviş"
6. "Marş RV-8"
7. "Şəlalə"
Mahnılar
- "Yaz"
- "Neft"
- "May"
- "Tarla"
- "Gözəlim"
- "Durna"
Filmoqrafiya
1. Azərbaycan incəsənəti
2. Bəstəkar Müslüm Maqomayev
3. Doğma xalqıma
4. İlisu
5. Lökbatan
6. Müslüm Maqomayev
7. Üzeyir ömrü
Mükafatları və xatirəsi
Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə və "Nərgiz" operasını yaratdığına görə 13 yanvar 1936-cı ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 1937-ci il avqust ayının 11-də Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edilib ki, Müslüm Maqomayevin adını əbədiləşdirmək üçün Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilsin. Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayevin adını daşıyır. 1976-cı ildə "Azərbaycanfilm" Kinostudiyasında Bəstəkar Müslüm Maqomayev adlı qısametrajlı sənədli film istehsal olunub.
Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il, iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Bakıda İçərişəhərin küçələrindən biri onun adını daşıyır. Bakıda bəstəkarın yaşadığı Nizami küçəsində yerləşən 41 nömrəli evin divarında xatirə lövhəsi asılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)