Inci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Vətən yaxşıdır” mahnısı ilə yaddaşlarda qalan Şəhid Xudayar Yusifzadə - Bu gün onun da doğum günüdür.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi alıb. 2020-ci ilin Tovuz döyüşləri zamanı general–mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib.
Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam edib. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri
1. "Azərbaycan Bayrağı" ordeni
2. "Vətən uğrunda" medalı
3. "Zəngilanın azad olunmasına görə" medalı
4. "Cəbrayılın azad olunmasına görə" medalı
Xudayar Yusifzadənin şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna şəhidin anası tərəfindən təhvil verilib.
2022-ci ilin iyulunda "Palmali Holding" şirkətinin prezidenti Mübariz Mənsimov şəhidin anası Radə Qurbanovaya zəng edərək oğlunun adının gəmiyə verilməsi ilə bağlı razılıq əldə edib. Sözügedən gəminin yola salınması üçün tədbirə şəhidin anası və ailə üzvləri dəvət olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)