“Bakı” qəzetinə verilən xüsusi imtiyaz Heydər Əliyevin adı ilə bağlı idi Featured

Şərəf Cəlilli, fillgiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 Nəsir İmanquliyev: “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır!”

 

Milli mətbuatı milli məfkurənin təməl daşına çevirən, “Hər kəsi çağırıram gəlmir...” nidası, həm də kədəri ilə tarix yaradan, mümkün olmayanları mümkünə çevirən Həsən bəy Zərdabi ilk anadilli mətbu orqanın, “Əkinçi”nin əsasını qoymaqla Əbədi istiqlalın konturlarını müəyyən etdi. Cümhuriyyət qurucularının baş ideoloquna çevrildi. “Əkinçi”dən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Kaspi”, “Füyuzat”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Hümmət” doğuldu. Cümhuriyyət Qızıl ordunun qırmızı terroruna məruz qalanda milli mətbuatın incilərini sovet mətbuatı nümunələri əvəz etdi. “Yeni yol”, “Gənc işçi”, “Kommunist”, “Vışka”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Təşviqatçı”, “Bakı” və “Baku” qəzetləri yarandı. “Əkinçi”dən 83 il sonra işıq üzü görən “Bakı” klassika ilə müasirliyin körpüsünə çevrildi.

 

Nəsir müəllim “Bakı”nı Bakının aynasına çevirdi

“Bakı” qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim “Gənc işçi”, “Yeni yol”, “Kommunist” , “Döyüşən Krım” qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi.

 

1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan «”Bakı” milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti ilə yazıldı. Oxucu auditoriyası ilə o dövrün məşhur qəzetlərinin səviyyəsinə çatdı. Dili, üslubu, yazı manerası, hadisələrə münasibəti, ictimai-siyasi və mədəni mühitdə baş verən olayları çevik, operativ şəkildə əks etdirməsi “Bakı”nı təkcə bakılıların deyil, bütün respublikanın sevimlisinə çevirdi. Bu qəzetin səhifələrində ilk dəfə idman şərhləri, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar özünə yer aldı. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və orfoepiya qaydalarına əməl edən, sözü müxtəlif çalarlarda oxucuya təqdim edən, ona baş yazarının üslubunu gətirən “Bakı” qəzeti ədəbi səhifələri ilə tez bir zamanda şöhrətlənməyə başladı. Respublikamızda və dünyada baş verən hadisələrə ayna tutan “Bakı” dövrünün məşhur qələm sahiblərinin, gənc istedadların, ədəbiyyatda, poeziyada, incəsənətdə, mədəniyyətdə, elmdə öz sözünü deməyə cəhd edən insanların tribunasına çevrildi.

 

“Bakı” qəzetinin daimi oxucusu tək mən də Həsən Seyidbəylinin, Balaş Azəroğlunun, Qılman İlkinin, Mir Cəlalın, Hüseyn Abbaszadənin, Rəsul Rzanın, Qabilin, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Vidadi Babanlının, Anarın, Elçinin nəşriyyat üzü, senzura qayçısı görməyən əsərlərini isti-isti “Bakı” qəzetindən oxumuşam. “Ardı var” sonluğu ilə çap olunan roman və povestlərin baş qəhrəmanlarının taleyini öyrənmək üçün axşam saat 5-i səbirsizliklə gözləmişəm. Hamı kimi mən də qəzet köşklərinin önündə növbələrə dayanmışam. Onu da qeyd edim ki, “Bakı”nın məşhur olduğu dövrlərdə 150-200 min tirajla çap olunan, digər mətbu orqanlara meydan oxuyan qəzetlər var idi. “Kommunist” , “Vışka”, “Bakiniski raboçiy”. Bu qəzetlərin məşhurluğu ancaq tirajında idi. Təkcə şəhərdə deyil, bölgələrdə də saysız-hesabsız məcburi abunəçiləri var idi. Sovet mətbuatının bütün çalarlarını, qayda-qanunlarını özündə yaşadan bu qəzetlərdən fərqli olaraq “Bakı” qəzeti özünün dəst-xətti, hadisələrə münasibəti, sənəti, mədəniyyəti himayə etmək məharəti ilə milli-mətbuatımızın zülmətləri yaran günəşinə çevrilmişdi.

 

Nəsir müəllimin “Bakı”sı bir Məktəb idi

Milli dövlətçilik tariximizdə iki baş şəhərimizin - Təbrizin və Bakının nazını az çəksək də, adını həmişə sevə-sevə tutmuşuq. Bayatı, dastan qoşmuşuq. Təəssüf ki, müfəssəl tarixini yazmamışıq. Bu böyük xoşbəxtlik, səadət daha çox iki fədakar tarixçi alimə - tarix elmləri doktoru, professor Sara xanım Aşurbəyliyə və düz 70 il ömrünü şama pərvanə edən, redaktə etdiyi yazıların qanadında gündə yüz yol dərgaha gedən “Bakı” qəzetinin baş yazarı, professor Nəsir İmanquliyevə nəsib olmuşdu...

Qəzetin elə birinci sayından, şəhərin qaynar həyatını, quruculuq işlərini işıqlandırmağa çalışan, “Qəzet yaxşı yazıları ilə şöhrətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərinin kəsərliliyidir. Biz ilk növbədə qəzetin ətrafına güclü qələm sahibləri toplamağı, sənət adamlarının yazılarını verməyi vacib sayırdıq. Adlı-sanlı adamların, yazıçı və şairlərimizin qələmindən çıxan hekayələr, oçerklər, reportajlar oxucuların qəlbinə yol tapır, onlar tərəfindən rəğbətlə qarşılanırdı...” “Yazı yazın, səs salıb mis kimi cingildəsin” nidasına tapınıb “Bakı”nı “Əkinçi”nin, “Molla Nəsrəddin”in mənəvi varisinə çevirən, “Jurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur” deyib, Şamil Şahməmmədov, Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Şamil Qurbanov, Famil Mehdi, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Adil Cavadlı, Əhməd Rəşidov, Səfər Məmmədov, Şakir Abdullayev, İsmayıl Kərimov, Şaban Şabanov, Oktay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuşkin, Kamil Rəhimov, Akif Ağayev, Dağbəyi İsmayılov, Ağahüseyn Hüseynov, Zemfira Məhərrəmli, Hacı Babayev, Leonid Qerçikov, Vyaçeslav Sidorenko kimi neçə-neçə istedadlı qələm sahibinin, publisistin püxtələşməsinə, cəmiyyətdə mövqe tutmasına, özünü təsdiq etməsinə ömür əridən Nəsir müəllim ustadlıq zirvəsinin birinci mərhələsini gözünün nuru ilə qurduğu jurnalistika fakültəsinin auditoriyalarında yaşayırdısa, ikinci mərhələsini nəzəriyyə ilə təcrübənin vəhdətində qurub-inkişaf etdirdiyi  “Bakı” qəzetinin redaksiyasında yaşayırdı.

60-70-ci illərin məşhur Bakısı təkcə zahirən tikilib qurulmurdu. Yeraltı keçidlər, metro stansiyaları yerüstü dünyanın yeraltı aləminə körpü olmaqla yanaşı, zülmətləri yarmaq demək idi. Bu gün dünyanın maddi-mədəniyyət inciləri sırasına daxil edilən İçərişəhərin lal sükutu elə o illərdə pozulurdu. Bayır şəhərdə yeni yaşayış massivləri salınır, iri-iri komplekslər, mədəniyyət ocaqları tikilib istifadəyə verilirdi. Bir sözlə, XX əsrin əvvəli təkrarlanırdı. Tağıyevlərin, Nağıyevlərin, Əsədullayevlərin malikanələri “Ağ şəhər”i, əllərindən mazut, tellərindən su daman yorğun insanların üzünü xatırladan yosmaca evlər “Qara şəhər”i yaratdığı kimi, 60-cı illərdən başlayan quruculuq işləri də Bakının ucqarlarını dirçəlişə qovuşdururdu. Neft daşlarının səsi-sorağı isə dünyanın o başına - Nobellərin, Rotşildlərin vətəninə belə gedib çatırdı.

Bu dirçələn, inkişaf edən şəhərin adına dastan bağlayan bəstəkar Tofiq Quliyevin silsilə mahnıları, ölməz Rəşid Behbudovun ifaları isə yeni bir aləm idi. Bu aləmin gücünü, məna tutumunu, ancaq “Bakı” ilə, onun məşhur baş yazarının yüksək təşkilatçılıq bacarığı və öz şəhərinə sıcaq münasibəti, içdən gələn istəyi ilə müqayisə etmək olardı. Bu, üç sənət, söz adamını - Nəsir İmanquliyevi, Tofiq Quliyevi, Rəşid Behbudovu isə bu şəhərdə nə tanımayan, nə də sevməyən var idi...

 

O gözəgörünməz qüvvə Nəsir İmanquliyevə bütün səlahiyyətləri vermişdi

70-ci illəri milli-mənəvi dəyərlərin qorunması, yaddaşa qayıdış, milli özünüdərk ideologiyasının formalaşması kimi qəbul edənlər, bu uzaqgörən siyasətin ideya müəllifi kimi ümummilli lider Heydər Əliyevi etirafda bulunur. Onun xilaskarlıq və himayədarlıq missiyasını müasir, müstəqil Azərbaycanın nicat yeri bilir. Bu illər ərzində Ümummilli liderin müdrikliyi sayəsində Səfəvi hökmdarı Şah İsmayıl Xətainin 500 il öncə yazdığı tarix yenidən təkrarlandı, yeni konstitusiyada ana dilimiz dövlət dili elan olundu. Bu böyük şəxsiyyətin, dövlət adamının təşəbbüsü ilə Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Mirzə Fətəlinin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Səməd Vurğunun, Natəvanın, Bülbülün, Üzeyir bəyin abidələri ucaldıldı. Bir çoxunun ev-muzeyləri yaradıldı. Adlarına küçələr, xiyabanlar salındı. Əsərləri yüksək tirajla nəşr olunub oxuculara təqdim olundu. Hüseyn Cavidin nəşi Sibir çöllərindən gətirilib vətənində torpaq müqəddəsliyinə qovuşduruldu.

Əli qabarlı kolxozçuların, fəhlələrin haqqını mərkəzdən alıb, keçici bayraqları, orden-medalları Vətənə gətirən Heydər Əlirza oğlu Əliyev SSRİ səmasından ən parlaq ulduzları qoparıb, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Rəsul Rza, Mirzə İbrahimov kimi dühaların yaxasından asdı. Nizamilər, Füzulilər, Nəsimilər yetirən, fəqət sinəsinə repressiya, müharibə dağa çəkilən qüdrətli xalqın haqqını özünə qaytardı. Adil İsgəndərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk kimi haqq aşiqlərini himayə edib, “KQB”-nin caynağından aldı.

Bu xilas olunanların, üzdə görünməyən şəxsiyyətin himayəsini hiss edənlərin içərisində Azərbaycan dilinə, Azərbaycan milli-mənəvi dəyərlərinə, ərazi bütövlüyünə, muğamlarımıza, xalq mahnılarımıza, sənət-söz adamlarımıza qarşı səlib yürüşü başlayanda Mircəfər Bağırovun, İmam Mustafayevin, Vəli Axundovun peşəkar kadr, vətənpərvər ziyalı, nüfuzlu dövlət xadimi kimi etiraf və etibar etdiyi Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin təbliğatçısı kimi dəyər verdiyi Nəsir İmanquliyev – “Bakı” və “Baku” qəzetinin qurucusu, qüdrətli bir şəxsiyyət, ötkəm redaktor da var idi. Fəqət bunu nə o, nə də yuxarılar üzə vururdu.

O gözəgörünməz qüvvə şəhər qəzetini şəhərin, mədəniyyətin, milli-mənəvi dəyərlərin aynasına çevirmək üçün, nədən, niyə və kimin üçün yazdığını bilən redaktora Nəsir İmanquliyevə bütün səlahiyyətləri vermişdi. Bu səbəbdən də “Bakı” özünün ab-havası, yazı manerası, dil-üslub xüsusiyyətləri, hadisələrə çevik münasibəti ilə digər mətbu orqanlardan seçilir, milli mətbuatın dan ulduzuna çevrilir, zülmətləri nura qərq edirdi. Mərkəzi Komitənin qərarlarından, beşilliyin planlarından yazan sovet mətbuatından çox müstəqil qəzeti xatırladan “Bakı”nın 70-ci illərdə söz-mətbuat, fikir və düşüncə azadlığının nümunəsinə çevrilməsinin başlıca səbəblərindən biri də bu idi.

Elə olmasaydı, iki dildə, həftədə 12 sayı işıq üzü görən, sənətin, mədəniyyətin himayədarına, şəhərin ictimai-siyasi, sosial-mədəni mühitinin aynasına, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin yaradıcılıq laboratoriyasına çevrilən “Bakı” qəzeti klassika ilə müasirliyin, ənənə ilə novatorluğun sintezində “Əkinçi”dən, “Molla Nəsrəddin”dən, “Füyuzat”dan sovet mətbuatına bitib-tükənməyən yol gələn milli mətbuat nümunəsinə çevrilə bilməzdi.

“Bakı” qəzetinin təməli qoyulanda Nəsir İmanquliyev Radio və Televiziya Verilişləri Komitəsində sədr müavini idi. İndi də ənənəsinə sədaqət hissini qoruyan Milli Radionun başında dururdu. Yetirmələri ilə efirə, ekrana yeni rəng, ahəng gətirir, milli-mənəvi dəyərləri, yaddaşa qayıdış ideyalarını təbliğ edirdi. Amma zaman ömrünün hər anını millətinin inkişafına, el və dil birliyinə bağışlayan bu haqq aşiqinin başqa bir amalını gerçəyə çevirməyə səsləyirdi. Ruhundan qida verdiyi “Bakı” qəzeti ilə o, təkcə yeni bir ədəbi nəsil formalaşdırıb, onlara istiqamət vermədi. Publisistikada, jurnalistikanın ən ağır janrı olan xəbərçilikdə, informasiyanın təqdimatında yeni cığır açdı. Qısa, lakonik xəbərləri ilə dünyanın o başını bu başına caladı. İdman şərhləri, reportajları ilə bayrağını bayraqlar üstə yapan millətin gücünü, qüdrətini sübut etdi. Felyetonları ilə zamanı, quruluşu, məsləkindən uzaq düşən məmurları, saxtakarları qamçılayan “Bakı” yeni ictimai-siyasi mühiti - yaddaşa, əski gələnəklərə qayıdış ideologiyasını formalaşdırdı. Könülləri ovsunlayan müsahibələri ilə insanla insanca, dostla dostca danışmanın yolunu göstərdi.

Hələ 70-ci illərdə ilk reklam bülletenlərinin, futbol təqvim-məlumat kitabçalarının nəşrinə nail olan professor Nəsir İmanquliyev Azərbaycan və rus dilində işıq üzü görən bu nəşrləri ilə təkcə milli mətbuat tariximizə yeni səhifə yazmadı. Bakı Nəşriyyat Poliqrafiya Birliyini formalaşdırdı. Reklam bazarının, menecment fəaliyyətinin təməlini qoydu.

Bu gün azad mətbuatdan, demokratik dəyərlərdən, reklamın mətbuata, cəmiyyətə təsirindən danışanlar, idmanı, futbolu həm də siyasi mübarizə meydanı hesab edənlər unudurlar ki, professor Nəsir İmanquliyev bu qənaətə düz 60 il bundan öncə gəlib, “Bakı”nı bu möhtəşəm ideyanın təməldaşına çevirib.

 

 

“Bakı” qəzetinə verilən xüsusi imtiyaz Heydər Əliyevin adı ilə bağlı idi

“Kommunist”, “Gənc işçi”, “Yeni yol”, “Döyüşən Krım” qəzetlərinin əsas yazarı, məsul katibi kimi tanınan, “Radio proqramı”nın, “Bakı” və “Baku”nun təməlini qoyan professor Nəsir İmanquliyevin millət, məmləkət qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi “Vətənin səsi” qəzetini qurmasıdır.

Sonralar Vətən Cəmiyyətinin mətbu orqanı kimi fəaliyyət göstərən bu qəzetin təməlini qoymaq haqqı da peşəkarlığı, təşkilatçılığı, redaktorluq məharəti ilə ad çıxaran Nəsir İmanquliyevə verilir. Dünya Azərbaycanlılarının birliyinin, bütövlüyünün, diaspora məsələlərinin carçısı olan bu qəzetin ideya müəllifi Azərbaycanın I katibi Heydər Əliyev, onu gerçəyə çevirən isə Nəsir İmanquliyev idi: “...Heydər Əliyev I katib kimi fəaliyyətə başlayandan sonra hər sahədə inkişaf özünü büruzə verdi. Mətbuatda da azad fikirlilik hökm sürməyə, üstüörtülü olsa da, milli siyasət yürüdülməyə başladı. “Bakı” qəzetinə verilən xüsusi imtiyaz da I katibin - Heydər Əliyevin adı ilə bağlı idi. Onun diqqəti, xüsusi qayğısı və səyi nəticəsində “Bakı” və “Baku” milli mətbuat orqanına çevrildi, o dövrün qəzetlərindən fərqləndi. Belə bir zamanda onun tapşırığı ilə yeni bir qəzet təşkil etmək məsələsi Mərkəzi Komitədən mənə tapşırıldı. Müharibə dövründə əsir düşmüş, kənarda qalmış azərbaycanlılar üçün “Vətənin səsi» adlı bir qəzet işıq üzü gördü. Xarici Ölkələrlə Əlaqə Cəmiyyətinin orqanı kimi nəzərdə tutsaq da, ilk vaxtlar gizli çıxırdı bu qəzet, KQB imkan vermirdi.. Çox böyük faydası oldu. Bizdən uzaq düşənlərlə aramızda bir körpü yaratdı “Vətənin səsi”. Neçə-neçə azərbaycanlının vətənə dönmək qeyrətini gücləndirdi “Vətənin səsi”!..”

Bu gün ümummilli lider Heydər Əliyevin 70-ci illərdə, hakimiyyətinin ilk mərhələsində həyata keçirdiyi Azərbaycanın özgürlüyünə hesablanan möhtəşəm, genişmiqyaslı layihələrdən hər kəs ürək dolusu danışır. 90-cı illərdən sonra dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edən, Dünya Azərbaycanlılarının qurultayını çağıran, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini yaradan Ümummilli Liderin danılmaz xidmətlərini qeyd edənlər unudurlar ki, o müdrik insan, qüdrətli Dövlət Adamı bu ideyanın da təməlini 70-ci illərdə qoyub, onu gerçəkləşdirmək üçün də professor Nəsir İmanquliyev kimi peşəkar, vətənpərvər, əzəmətli, əyilməz kişilərə, cismi Bakıda, ruhu Təbrizdə dolanan, varlığında paralanmış Vətəni - Odlar yurdunu bütövləşdirən mühacirlərə, bütün həyatını Azərbaycançılıq məfkurəsinin inkişafına, təbliğinə həsr edən ictimai-siyasi xadimlərə söykənib.

 

“Güney Azərbaycan bizim tarixi torpağımızdır”

İkinci Dünya Müharibəsi illərində bir qrup Azərbaycan ziyalısı ilə ön cəbhədə döyüşən Nəsir İmanquliyev dövrünün müqtədir qələm sahiblərilə birlikdə Güneydə qurulan Pişəvəri dövlətində - Güney Azərbaycan Cümhuriyyətində məhz mətbuat məsələləri ilə məşğul olmuşdu. 50-ci illərdə Azərbaycan dili məsələsini Ali Sovetin gündəliyinə çıxaran, Sovet İKP MK-nın, Xruşovun hədəfinə gəlsə də, vəzifəsini, yüksək titullarını itirsə də, Azərbaycan kişisinə xas qürurunu, qeyrətini qoruyan, 1941-ci ildə Mircəfər Bağırovun göstərişi, görkəmli dövlət xadimi Əziz Əliyevin rəhbərliyi ilə “Güney Azərbaycan missiyası”nın tərkibində Təbrizə gedən, Sovet ordusunun əsgərlərinin sırasında təbliğat – təşviqat qrupunun məşhur üzvləri Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğun, Rəsul Rza, Qılman İlkin, Ənvər Məmmədxanlı, Cəfər Xəndan, Qulam Məmmədli kimi qələm sahibləri ilə xalq yazıçısı, akademik Mirzə İbrahimovun redaktorluğu ilə işıq üzü görən “Vətən yolunda” qəzetinin nəşrinə nail olmuşdu. Güneyli soydaşlarımıza, daha doğrusu, öz həmvətənlərinə ana dilinin badəsindən şərbət süzmüşdü. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi milli mətbuatımızın Güney Azərbaycan salnaməsini yaradan Mirzə İbrahimovla çiyin-çiyinə sözün səngərində dayanmışdı. Azərbaycanın birliyi, bütövlüyü üçün Qələmini Süngüyə çevirmişdi. Bununla həm də o, Rza şah Pəhləvi ilə görüşəndə Güney Azərbaycanda yürütdüyü milli siyasətə görə şahın etiraz notasını alan, görüş zamanı “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşanlar qan qardaşlarımızdır. Onların ana dili, sağlıq, mətbuat məsələləri bizi qayğılandırır!” nidası ilə mənsub olduğu millətin və məmləkətin haqq səsinə dönən polkovnik – komissar Əziz Əliyevin başladığı möhtəşəm işlərə, ümummilli məsələlərə öz töhfəsini vermişdi.

 

Nəsir İmanquliyev müəllimdən müqəddəs ad, jurnalistikadan müqəddəs peşə tanımayıb

Tanrının ona bəxş etdiyi ömür payını müxtəlif vəzifələrdə əritsə də, professor Nəsir İmanquliyev ömrü boyu mətbuatla, jurnalistika ilə bağlı olub. Müəllimlik edib. Müəllimdən müqəddəs ad, jurnalistikadan müqəddəs peşə tanımayıb. Elmi əsərləri, monoqrafiyaları, dərslikləri ilə peşəsinə sədaqət hissini sübut edib. Bir vaxtlar böyük Həsən bəy Zərdabinin müdrikcəsinə söylədiyi: “Elm gərək sel kimi axsın ki, hər kəs onu içə bilsin” kəlamını gerçəyə çevirib.

1947-ci ilin martından universitetin qurucu müəllimlərinin sırasında yer alan, düz yarım əsrdən çox ruhunu tələbələrinin beyninə köçürən Nəsir müəllim universitet auditoriyalarından cismən 1998-ci il martın 7-də ayrıldı. Həmin gün dünyaya vida nəğməsi oxuyan Nəsir İmanquliyev üstündən 27 il keçməsinə baxmayaraq, jurnalistika fakültəsinin auditoriyalarında mühazirələr oxuyan yetirmələrinin Ustad sevgisində yaşayır. Ömrü boyu çalışdığı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası”nın fasadındakı barelyefindən boylanan təbəssüm dolu baxışları isə hər gələn yeni nəslə: “Vicdan yaradıcı insanın qələminin ucundadır” söyləyir!

 

“Qəzet kitablar”a kimi Nəsir müəllimin əfsanəsi, kimi də Şah əsəri dedi

Bütün dahilər, istedadlı insanlar kimi, həyatı keşməkeşlərdən, eniş-yoxuşlardan ibarət olan Nəsir müəllim də ömrünün ilk çağlarını və sonunu ağrılar, kədərlər içində yaşadı. Uşaqlığı vətən həsrətində, Güney Azərbaycanın nisgilində, ata sığalından uzaq, ana himayəsində, at başına oxşayan taxta buruqların, mazut qoxuyan neft çəlləklərinin, od püskürən çilingər, qaynaqçı sobalarının əhatəsində, gəncliyi 1937-ci ilin repressiya burulğanında, İkinci Dünya Müharibəsinin qanlı-qadalı illərində keçən Nəsir müəllim ömrünün son illərini inandığı quruluşun millətinə xəyanətinin acılarında, qanlı 20 Yanvar gecəsinin, Xocalı dəhşətinin, Şuşa nisgilinin acısında, unudulmaz Gövhər xanım Sultanzadənin, tək və yeganə övladı, Ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, professor Aida xanım İmanquliyevanın həsrətində keçdi.

Vaxtsız gələn payız ömrünü xəzan eylədi. Payızda köçən durnalar baharda qayıtsa da, qəmin, hicranın köçünə qoşulan doğmalarının intizarı, onu ondan, dostlarından, doğmalarından, tələbələrindən aldı. Uzaqlara, lap, lap uzaqlara, “biz olmayan yerlərə” apardı.

60-cı illər mətbuatının nəfəsliyi olan, ustad ucalığından jurnalistika adlı nəhrə boylanan, doğmaları, yetirmələri ilə qürur duyan Nəsir müəllim qalın yox, qalan kitablar qoydu. Bu, düz 30 il oxucularını deyib sevə-sevə köşklərə gələn “Qəzet kitablar” idi. Vaxtı, zamanı özü ilə çəkib aparan “Qəzet k  itablar”a kimi Nəsir müəllimin əfsanəsi, kimi də Şah əsəri dedi.

Kim nə deyir, desin! O əfsanənin, Şah əsərin özü – “Yeni Yol” qəzeti bağlandıqdan sonra düz 20 ilə yaxın “əhalisinin yarısından çoxu azərbaycanlılardan ibarət olan şəhərin günahı nədir ki, ana dilində çıxan qəzeti bağlasın” deyib Mərkəzi Komitənin dincliyini əlindən alan, tərcümeyi-halına “ötkəm redaktor”, “təşkilatçı mühərrir”, “peşəkar jurnalist”, “kişi adam” kəlmələrini yazan Nəsir İmanquliyev idi!

 

İrsdə varislik – “Bakı” qəzetindən “Bakı” dərgisinə

Peşəkar jurnalist, qüdrətli pedaqoq, ictimai-siyasi xadim kimi tarix yaradan Nəsir İmanquliyev indi həm də irsdə varislik prinsipi ilə qələm çalan sevimli nəvə-nəticələrinin gerçəkləşdirdiyi, təşkil etdiyi humanitar forum və konfranslar, genişmiqyaslı layihələrlə sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoquna töhfələr verən, Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları ilə bəşəriyyəti Birliyə, Bütövlüyə, Dostluğa, Qardaşlığa çağıran, 30 il kürsülərdən Qarabağın, Şərqi Zəngəzurun, Xocalının haqq səsinə, ədalət carçısına dönən, 44 günlük Vətən savaşından sonra Qarabağda, Şərqi Zəngəzurda qurtuluşun, qayıdışın, dirçəlişin dastanını yaradan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin silahdaşına çevrilən, Molla Pənah Vaqifin Məqbərə Kompleksinin yenidən ucaldılmasına nail olan, Vaqif Poeziya Günlərinə, Xarıbülbül Musiqi Festivalına ruhundan qida verən, multikulturalizmin Azərbaycan modelinin konturlarını yenidən cızan, İçərişəhəri, Qobustanın qayaüstü abidələrini, tarı, sazı, neyi, Novruz bayramını, Azərbaycan muğamlarını, Azərbaycan xalısını, Azərbaycan kəlağayısını dünyanın maddi-mədəni irsi siyahısına yazdıran Azərbaycan Respublikasının birinci Vitse-prezidenti, birinci xanım, Azərbaycan Mədəniyyət Fondunun, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təməlini qoyduğu, publisistikasını, redaktorluq məharətini yaşatdığı “Azərbaycan-İrs” və “Muğam” dərgilərində, “ÜNS”ü, “Qarabağnamə”si ilə dünyanın sənət-mədəniyyət məbədlərinin mələyinə dönən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təməlini qoymaqla milli-mənəvi, dini qarşıdurmaların əleyhinə çıxıraq, elmi-mədəni əlaqələrin, dostluğun, tolerantlığın körpüsünə çevrilən, Azərbaycan – İngiltərə Cəmiyyətinin xətti ilə Şərq-Qərb dialoquna xidmətdə bulunan, Nizamişünaslıq və Qafqazşünaslıq elminin yeni əsaslarını müəyyənləşdirən, Beynəlxalq Nizami Mərkəzinin qurucularından biri kimi adını tarixə yazan, “Molla Nəsrəddin” irsinin yeni əlifba ilə nəşrinə nail olan, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz xanım Paşayevanın duyğularında, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ruhundan qida verdiyi “Bakı” jurnalının səhifələrində, Bakı Media Mərkəzini qurmaqla medianın həyatımızdakı rolunu və yerini müəyyənləşdirən, Azərbaycan həqiqətlərini medianın imkanları çərçivəsində dünyaya müasir biçimdə təqdim edən, milli kinonun tarixini müasir kino sənayesinin nailiyyətləri ilə zənginləşdirən, milli istiqlal, milli dövlətçilik istiqamətində mücadiləmizin açılmamış səhifələrinə, istiqlal, özgürlük mücahidlərinin ömür yoluna ayna tutan Arzu xanım Əliyevanın millət, məmləkət sevgisində, “Yarat” Müasir İncəsənət Məkanının rəhbəri Aida xanım Mahmudovanın rənglər dünyasında, “Nargis” jurnalı ilə incəsənət, mədəniyyət və jurnalistika tarixinə imzasını atan Ülviyyə xanım Mahmudovanın fəaliyyətində yaşayır!

Nəsir müəllim ərazi bütövlüyü pozulan, milyondan çox vətəndaşı qaçqına, məcburi köçkünə çevrilən Odlar Yurdundan, Şuşadan, Qarabağdan, Şərqi Zəngəzurdan, Qərbi Azərbaycandan, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Vətəndən nigaran getdi. 44 günlük tarixi savaşdan, haqq davasından, Vətən müharibəsindən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun iradəsi, Şəhidlərin və Qazilərin sonsuz Vətən, torpaq sevgisi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən millətinin, məmləkətinin əzəmətini görüb indi Tanrı Dərgahında huzur dolu anlarını, günlərini yaşayır. Şeyx Ədəbalının dili ilə üzünü millətinə, məmləkətinə tutub deyir: “Torpağı su ilə qarışdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olar!”, “İgid sərkərdə olarsa, gedərmi ordu bada?”

 

Nəsir İmanquliyev: “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır!”

Heydər Əliyev sıradan bir şəxs, dövlət xadimi deyildi. O, Təhlükəsizlik orqanlarında ən kiçik vəzifədən ən ali rütbəyə, vəzifəyə qədər yüksəlmişdi. “Canından əziz bildiyi Azərbaycan”ın sarayına Sultanı, ölkəsinə Birinci xanımı, varislərinə ananı, nəvə-nəticələrinə nənəni seçəndə övlad məhəbbəti ilə yanaşı, şübhəsiz ki, Mircəlal təmizliyini, Nəsir İmanquliyev əyilməzliyini də nəzərə almışdı.

Zaman onun nə qədər müdrik, uzaqgörən bir lider, tarixi şəxsiyyət olduğunu sübuta yetirdi. Millət, Məmləkət sevgisi ilə abidələr ucaldan, abidəsini könüllərdə yapan Ulu Öndər Heydər Əliyevin adına ən möhtəşəm abidəni Heydər Əliyev Fondu adında ölkənin Birinci xanımı, “Kölgədə bitən ağacın kölgəsi olmaz!”, “Yada satmaram!”, “Dilini, millətini sevməyəndən, vətən təəssübü çəkməyəndən Böyük Vətəndaş, vətənpərvər olmaz!” nidası ilə müəllim, alim, yazıçı, publisist ucalığı, müqəddəsliyi  yaşayan Babaların – Mir Cəlalın, Nəsir İmanquliyevin genetik kodlarının daşıyıcısı edə bilərdi.

Son 30 ildə əldə olunan tarixi nailiyyətlər deyilənlərlə yanaşı, həm də Peyğəmbər əleyhissəlamın: “İnsan dünyasını dəyişəndə ondan üç şey qalır: əməl, əsər, övlad!” hikmətini gerçəyə çevirdi.

“Əkinçi”, “Füyuzat”, “Molla Nəsrəddin” ənənələrinə söykənərək, milli mətbuatın “Nəsir İmanquliyev” və “Bakı” zirvələrini yaradan Nəsir müəllim bünövrəsini qoyub, peşəkar kollektivini formalaşdırıb düz bir qərinə – 30 il rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetlərinin onlayn rejimdə Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yenidən oxucuların görüşünə gəlməsi “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır. Peşəsini kiminsə pul kisəsindən asmamalıdır!.. Bir yazı yazanda düşünməlidir ki, haradasa onu bir nəfər oxuyur, bax o oxucu naminə yalan yazmamalıdır, saxtakarlıq etməməlidir” nidası ilə nə az, nə çox düz 60 il qələm çalan Nəsir İmanquliyev irsinə, şəxsiyyətinə ehtiramın əlamətidir.

“Bakı” qəzeti “Əkinçi”dən 83 il sonra nəşrə başladı. Zərdabinin müəyyənləşdirdiyi təməl prinsiplərlə millətə, məmləkətə təmənnasız xidmətdə bulundu. Dəqiq, qərəzsiz, vicdanlı dünyası ilə cəmiyyətin tərəqqisinə töhfələr verdi. Həsən bəy Zərdabinin ənənələrini davam etdirdi. Yüz minlərlə tirajı ilə meydan sulayan mətbu orqanların sırasında özünəməxsus dili, üslubu, yazı manerası, məlumatlandırmaq, maarifləndirmək missiyası ilə tarixlə müasirlik arasında körpüyə çevrildi. Zərdabinin irsinə, şəxsiyyətinə ehtiram hissi ilə yanaşan redaktorun – Nəsir İmanquliyevin peşəkarlığı, əzəməti, əyilməzliyi sayəsində “partiyanın təkərciyinə, vintciyinə çevrilən” qəzetlərdən fərqləndi. Bu il milli mətbuatın 150 illiyidir. Bu illər ərzində əldə olunan nailiyyətlərdə “Bakı”nın öz yeri, dəsti-xətti, imzası var. O, Zərdabinin imzasına bərabər Nəsir İmanquliyev imzasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.