POLAD HƏŞİMOV VƏ İLQAR MİRZƏYEV – iki milli qəhrəmanın anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 POLAD HƏŞİMOV

 

Eyni səbəb, eyni məqsəd, fərqli cizm - Bu gün Birinci Qarabağ müharibəsinin başlaması səbəbi ilə sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verən, canları və qanları ilə tarixə adlarını yazan iki şəxsiyyətin, iki milli Qəhrəmanın - Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür.

 

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlib və hərbçi olmağı qərara aldığını bildirib.  Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov oranı "Motoatıcı" ixtisası üzrə bitirib. Daha sonra o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb.

1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşıb. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilib.

Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi alıb və Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilib. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlayıb.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib. Bununla da XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olub.

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub.  Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verib:

Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksəkrütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq

 

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olub.

İyulun 14-də günorta saatlarında Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə gətirilib. Hələ səhər saatlarından vida mərasimi üçün minlərlə insan Qəbələ şəhərindən Vəndam qəsəbəsinə axın edib. Doğma yurdunda vida mərasimi baş tutandan sonra Polad Həşimovun nəşi böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə yola salınıb. Axşamüstü Polad Həşimovun nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilib.  Dəfn mərasimi bir gün sonra baş tutub.

2021-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. Polad Həşimovun şəhid olmasından sonra əsasən Qəbələ rayonunda olmaqla yeni doğulan oğlan uşaqlarına "Polad" adı verilib.

2020-ci ilin avqust ayında Polad Həşimova həsr olunan 2 kitab işıq üzü görüb. Əvvəlcə Qanun Nəşriyyatı tərəfindən "Polad Generalımız" adlı kitab, daha sonra isə "Hədəf" Nəşrləri və "XAN" Nəşriyyatı tərəfindən Polad Həşimova həsr olunan növbəti kitab nəşr edilib

 "General Polad Həşimov xatirələrdə" adlanan kitabda Polad Həşimovun anası, həyat yoldaşı, qızı, həmçinin xidmət yoldaşlarının onun haqda xatirələri yer alıb. 2023-cü ildən Polad Həşimovun şəxsi əşyaları — hərbi forması, qələmi, əlyazması və fotoşəkilləri ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir və orada nümayiş olunur.

Qəbələ, Quba və Sumqayıt şəhərlərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib Polad Həşimovun adı verilib. Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilib. Bakının Xətai rayonunda Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.

 

Mükafatları

 

1. "Vətən uğrunda" medalı

2. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı

3. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

4. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

5. "Hərbi xidmətlərə görə" medalı

6. "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı

7. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

8. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı

9. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

10. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

11. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

12. "Qızıl Ulduz" medalı (ölümündən sonra)

13. "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı

14. "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordeni

15. "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni

 

 

İLQAR MİRZƏYEV

 

"Artilleriyanın atası" ləqəbli İlqar Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub.  Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olub. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib.

 

1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirib. İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub və təhsilini uğurla başa vurub.

 

Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar, Tank Artilleriya Kursantları, Kursantlar Taborunun Kursantlar Bölüyünün Taqım Komandiri və Komandiri vəzifəsində xidmət edib. O, baş leytenant, kapitan, mayor, polkovnik hərbi rütbələri ilə təltif edilib.

 

Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

 

Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad edilib.

 

İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. O cümlədən, polkovnik İlqar Mirzəyev.

 

İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə, axşamüstü  isə minlərlə insanın izdihamı ilə evinə gətirilib. Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutub. Mirzəyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.

 

2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulub və binanın həyəti abadlaşdırılaraq orada bağ salınıb. 2021-ci ildə Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin adı verilib.

 

Təltifləri

 

1. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı

2. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

3. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

4. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

5. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı

6. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

7. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

8. "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı

9. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

10. "Qızıl Ulduz" medalı (ölümündən sonra)

11. "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.