Xalq şairi Osman Sarıvəllinin anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əgər bir şairin azı bir şeiri dillər əzbəri oldusa, demək o şair tarixdə qalacaq.  Xalq şairi Osman Sarıvəllinin ən məşhur şeirlərindən olan “Günah onun özündədir” şeiri də dillər əzbəri statusunda olan şeirdir.

 

Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.

Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.

Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında,
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir.

Baxan kimi sərraf gözün,
Təmtəraqlı yalan sözün
Canı yoxdur, dedin özün,
Məna sözün düzündədir.

 

Zaya getməz alın tərin,
Bir gün bitər şah əsərin,
Arzuların, diləklərin
Hələ sənin gözündədir.

Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.

Azərbaycan SSR xalq şairi Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Təhsilini artırmaq məqsədilə Moskvaya gedib və burada Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.

 

1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Bakı Pedaqoji texnikumunda müəllim, Bakı Teatr texnikumunda müdir, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.

 

Ədəbi yaradıcılığına 1933-ci ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunub.

 

Kitabları

 

- Dəmir sətirlərim

- Bənövşə

- Şairin hədiyyəsi

- Gətir, oğlum, gətir

- Gənclik eşqi

- Bahar çiçəkləri

- Yeni dünyanın qapısı

- İqlimdən-iqlimə

- Sabahı yaradanlar

- Seçilmiş əsərləri (üç cilddə)

- Hər kim yüz il yaşamasa

- Mən sabaha gedirəm

 

Təltifləri

 

1. "Azərbaycan SSR xalq şairi" fəxri adı

2. "Oktyabr İnqilabı" ordeni

3. "Qırmızı Əmək Bayrağı" ordeni

4. "Xalqlar Dostluğu" ordeni

5. "Şərəf nişanı" ordeni

6. "Əməkdə fərqlənməyə görə" medalı

 

Sman Sarıvəlli 1990-cı il iyulun 2-də Bakıda vəfat edib və doğulduğu kənddə dəfn edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.