Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Sosial şəbəkədə yenə qapı-qapı gəzən bir video var.
Bu dəfə hədəfdə Alim Qasımovdur.
Musiqi dünyamızın canlı əfsanəsi, amma iki günə "rep oxuyan qoca kişi" kimi etiketlənib. Niyə? Çünki bir az fərqli danışıb, ritmik olub, bəlkə də sadəcə bir az əylənmək istəyib. Amma bizim üçün fərqlilik = zarafat. “Başı getmiş”, “qocalıb çatmır” deyirlər. Çünki hər şeyin bir qutusu var: sənətdə gülmək olmaz, qocalanda əylənmək olmaz, azacıq fərqli olanda... olmaz.
Eyni hal Tolikdə. Adam evli deyil, amma övlad sahibi olub. Necə? Süni mayalanma ilə və daşıyıcı ana vasitəsilə. Seçimini edib, cəsarətlə paylaşır. Amma bizdə yenə səs: “Bu nədi belə? Uşaq necə böyüyəcək? Ata deyəndə kimə deyəcək?”
Sual budur: Niyə bu adamın həyatında “ata” anlayışını tapmağa çalışanlar, öz içindəki “insanlıq” anlayışını itirib? Uşağı sevəcəkmi? Baxacaqmı? Yetişdirəcəkmi? Bəli. Yetərli deyil?
Sonra gəlir Nəcibə. İtaliyada evlənib.
Toy yoxdur, bəzək yoxdur, borc yoxdur – sadəcə sevgi və sadəlik.
Biz nə edirik? Bəyənmirik. Qınayırıq.
Çünki bizim zövqümüz toy çadırı, səsucaldan və “təbrik üçün zəhmət olmasa” üzərində dondurulub qalıb.
Bax indi burdan çıxıb özümüzə sual verək:
Niyə biz teatrlarımızı müzakirə etmirik?
Opera və baletə gedən insanlar niyə sosial şəbəkələrdə “qarşısı alınmalı” elit obrazına çevrilir?
Niyə incəsənət muzeylərimiz boş qalıb, amma kim kimlə sevgilidir xəbərləri minlərlə bəyənmə toplayır?
Niyə yay planlarımız ancaq plovlu piknik və hovuz kənarında storidən ibarətdir?
Dağ yürüşləri, meşə kampları, oxuduğumuz kitablar, Monteneqro və Çin kimi vizasız ölkələr – bunlar niyə gündəmimiz deyil?
Ən asanı başqasını müzakirə etməkdir.
Ən çətini isə öz həyatını dəyərli etmək.
Bəlkə də biz heç zaman başa düşmək istəməmişik, çünki başa düşmək – məsuliyyət istəyir.
Qınamaq isə sadəcə klaviatura.
Və sual budur:
Bütün dünya dəyişir, sən isə hələ də başqasının həyatına söz qoşursansa…
bəlkə də problem heç vaxt o başqasında olmayıb.
Sən sonuncu dəfə nəyi qınamadın?
“Ədəbiyyat və incəsənət”
(14.06.2025)