İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova. Bu ad adama heç nə demir. Amma bir baxın: Azərbaycan xalqının sevimli şairi Səməd Vurğunun övladı. İndi isə tam başqa bir fikir formalaşır insanda. Bəli. Böyük şairin özü kimi məşhur olan oğlan övladları – yazıçı Yusif və şair Vaqif Səmədoğluları hər kəs tanıyır, qızı Aybəniz isə yazıb yaratmayıb deyə məşhur la bilməyib. Amma o, Vurğun irsinin qorunub təbliğ edilməsində əvəzsiz işlər görüb.
Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində oxuyub (sonra 132 saylı məktəbə dəyişilib),1954-cü ildə oranı bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, oranı "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirib.
Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi vəzifəsində çalışıb. 1975-ci ilin oktyabr ayında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz olub. O, 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışıb.
Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveç və İspaniyada konfranslarda iştirak edib. Səməd Vurğunun yubileyləri münasibətilə 1966, 1976 və 1986-cı illərdə nəşr edilmiş kitablarının tərtibçisi, 1976-cı ildə çəkilmiş "Səməd Vurğun" sənədli filminin elmi məsləhətçisi olub.
1994-cü ildə təsis etdiyi "Səməd Vurğun Fondu"nun prezidenti olub. Fond tərəfindən muzeyin fəaliyyətinə həsr olunmuş "Vurğun ocağı-25" adlı albom və "Sözləri Səməd Vurğunundur" adlı mahnı diski yaradılıb, internetdə şairin həyat və yaradıcılığına və muzeyin fəaliyyətinə həsr olunmuş sayt açılıb.
Şairin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş Ş. Nəzirlinin "Vurğun ömrü məktublarda" kitabının və A. Bayramovun "Vurğun ocağı" kitabının elmi məsləhətçisi və rəyçisi olub. 2003-cü ildə çap edilən İ. Umudlunun "Vəkiloğulları" kitabının da elmi məsləhətçisi olub.
SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülüb.
Aybəniz Vəkilovanın muzey fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən də qiymətləndirilib, 1997-ci ildə anadan olmağının 60 illiyi münasibətilə ona təbrik məktubu göndərilib.
2002-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına, 2003-cü ildə isə "Prezident təqaüdü"nə layiq görülüb. 2007-ci ildə Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə ona Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adı verilib.
Aybəniz Vəkilova 2009-cu il iyun ayının 13-də, ömrünün 72-ci baharında həyata gözlərini qapayıb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)