“Kim hara gedir-getsin, mən Ağdamda qalacağam!" Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 "Ermənilər ancaq mənim meyitimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir-getsin, mən Ağdamda qalacağam", -dedi və sona qədər də öz sözündə durdu.

 

Qüdrət və hökmlülük deyəndə ağlıma ilk o, gəlir. Çünki 1003 xocalı vətəndaşının əsirlikdən azad edilərək geri qaytarılmasını biz məhz onun hökmlü xarakterinə borcluyuq.

Bu gün milli qəhrəmanımız Allahverdi Bağırovun şəhadət günüdür. 

 

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-sində Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alıb. Uşaqlıqdan futbol, voleybol. və yüngül atletika ilə məşğul olan qəhrəmanımız  bir neçə il Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildən isə kamandanın baş məşqçisi seçilib. Qarabağ hadisələrinin ilk günlərindən qardaşı Eldar Bağırovla birlikdə ön sırada dayanıb və Ağdamdakı müdafiə dəstələrinin yaradılmasına və təşkilinə rəhbərlik edib. Rayon ərazisində gedən bütün  döyüşlərdə iştrak edib. Vətən oğulları adlandırılan 760 nəfərlik batalyona rəhbərlik edən, eyni zamanda Azərbaycan Ali sovetinin deputatı olan qardaşı Eldar Bağırov 1991-ci ildə yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib

 Qardaşının ölümündən sonra Allahverdi ömrünün sonuna qədər saqqal saxlıyıb və Eldarın batalyonuna rəhbərlik edib. 1992- ci ilin yanvarında Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Xocalının Naxçıvanlı kəndində ermənilərin bütün canlı qüvvəsini və texnikasını məhv edib. Əskəran qalasına qədər irəliləyib Pircamal kəndindəki böyük yüksəklikləri tutub, erməni bayraqlarının yerinə üçrəngli Azərbaycan bayrağını sancıb. Xocalı soyqrımı zamanı həlak olanların cəsədlərinin döyüş meydanından çıxarılması və Ağdam məscidində yuyularaq torpağa tapşırılması da Allahverdinin səyi nəticəsində baş verib. 1003 xocalı vətəndaşını əsirlikdən azad edib ailələrinə təhvil verib. 1992-ci il iyunun 12-si Aranzəmin döyüşündə Bağırovun dəstəsi 100 erməni əskərini məhv edib 10 nəfəri əsir götürüb. Həmin gün təcili iş üçün Ağdama çağırılıb və onların maşını yolda minaya düşüb. Maşındakı 3 nəfər sağ qalsa da Allahverdi, sürücü və Nizami adlı həkim yerindəcə dünyasını dəyişib Bağırovun nəşi Ağdamdakı şəhidlər xiyabanında qardaşı Eldarın yanında dəfn olunub. 

O, ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına laiq görülüb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.