Tanınmış yazıçı-dramaturq Aqşin Babayevin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həm dövlət qulluçusu, həm də ədib olasan. Hər iki sahədə fərqlənəsən, özündən sonra iz qoyasan. Razılaşın ki, bunu hər kəs bacarmaz. O isə bacardı. O – Aqşin Babayev.

 

Azərbaycanın tanınmış yazıçı-dramaturqu Aqşin Babayev 23 noyabr 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb.

 

İlk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları" almanaxında çap olunub. 1964-cü ildə onun "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı çapdan çıxıb. "Həmişəbahar", "Bir parça həyat", "Ağ ulduzlar", "Bir ürəyin hərarəti", "Ayrılıq", "Söz gülləsi", "Dünyanın axırı" adlı kitabların müəllifidir. "Kişilər az yaşadı" kitabı isə Moskvanın "Sovetski pisatel" nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib. Yaxın günlərdə 10 cilddən ibarət "Seçilmiş əsərləri"nin birinci cildi işıq üzü görüb.

 

Aqşin Babayev həm də şair idi. Yeddinci sinifdə oxuyanda "Bahar" adlı ilk şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib. Şeir kitabına xalq şairi Fikrət Qoca ön söz yazıb. Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik dövründə - 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. "Xilaskar" və "Oğul" pyesləri Heydər Əliyevə həsr edilib. 

 

Elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. "Nazim Hikmətin yaşamı" adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. "Türk ədəbiyyatı müntəxəbatı", "Türk dramaturgiyası", "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan və türk dünyası" kitabları bu gün də dəyərli dərs vəsaitidir. Türkiyədəki Nazim Hikmət vəqfinin Məsləhət Şurasının fəxri üzvüdür. Ali Attestasiya Komissiyasının Ekspert şurasının, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvüdür.

 

Filmoqrafiya 

 

Nekroloq 

Dəvətnamə 

Yol

Mükafat

 

Mükafatları 

 

"Əmək rəşadətinə görə" medalı  

"Əməkdar jurnalist" fəxri adı

 II dərəcəli Dövlət müşaviri rütbəsi 

 

A.Babayev uzun sürən xəstəlikdən sonra 10 iyun 2020-ci ildə dünyasını dəyişib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.