Eyni gündə doğulan iki şair ata-bala Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”


 Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan nakam şair Mikayıl Müşfiqin bu gün doğum günüdür, həm də onun atası, şair, yazıçı Əbdülqadir İsmayılzadə də iyunun 5-də dünyaya gəlib.

 

Əbdülqadir İsmayılzadə1865-ci ildə, iyunun 5-də Xızıda Sayadlı kəndində anadan olub. Atası Molla İsmayıl Xızı kəndinin tanınmış məktəbdarlarından olub. İbtidai təhsilini əvvəl öz atası Molla İsmayıldan alıb. Bir az sonra ərəb dilinə daha ətraflı bələd olmaq üçün Quba qazısı Axund Zəkidən ərəbcə təhsili alıb. Bir müddət Xızıda atasının yerində əski üsulda məktəbdarlıq edib.

 

Sonra 1902-ci ildə Bakıya köçmüş, burada müəllimlik fəaliyyətinə davam etmişdir. Bir müddət Cəfər Cabbarlıya da dərs deyib. 1905-ci ildə “Nəşri-maarif” cəmiyyətinin açmış olduğu yeni üsul ilə iki illik pedoqoji kursuna daxil olaraq oranı bitirmişdir. Bu kursu qurtardıqdan sonra əski üsulu buraxaraq şagirdlərinə yeni üsulda dərs verməyə başlamışdır.

1908-ci ildə Bakıda fəaliyyət göstərən "Səadət" məktəbinə dəvət olunmuş və ömrünün sonuna kimi burada çalışmışdır.

 

Mirzə Əbdülqədirin "Vüsaqi" təxəllüsü ilə yazdığı şeirlər o dövrün qəzet və jurnallarında çap olunurdu. Müslüm Maqomayev "Şah İsmayıl" operasını Mirzə Qədirin “Şahzadə İsmayıl” adlı poemasının əsasında yaradıb. Mirzə qədir həm də "Şah İsmayıl" operasının liberettosunu, "Seyfəlmülük", "Yusif və Züleyxa" operalarının mətnini yazıb. İlk iki operanı yazıb bitirsə də “Yusif-Züleyxa” və ”Əli xan” operaları yarımçıq qalıb.

 

Xatirəsi və irsi

 

Mirzə Əbdülqədir Vüsaqi 1914-cü ildə Bakıda dünyasını dəyişib.

4 iyun 1937-ci ildə Mikayıl Müşfiq həbs edildikdən sonra evindən onlarla kitab, yüzlərlə əlyazma da müsadirə edilib. Sonradan həmin müsadirə olunan əsərlər "əhəmiyyətsiz" hesab olunduğu üçün 13 oktyabr 1937-ci ildə yandırılıb. Çox güman ki, həmin kitablar və əlyazmalar içində Mirzə Əbdülqədir Vüsaqinin də əsərləri məhv olub.

Xızı şəhərində Mirzə Əbdülqədir Vüsaqi adına küçə var.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.