Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Bu şeir elə-belə yazılmayıb, Stalin repressiyasının qanlı qılıncı başı üzərində dayandığından, bu gün, ya sabah haqqında ölüm hökmü kəsiləcəyini şair duymuşdu, fəryad edirdi, belə gənc yaşında, nakam yaşında dünyadan getməmək üçün fəryad edirdi. Amma onun bu fəryadı rus-erməni və yerli satqınlardan ibarət bolşevik cəza aparatının eyninə belə deyildi…
Məşhur şeirin davamı isə belədir:
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun kimi könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
- Həyat, həyat!- deyə çırpınır könül.
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
Mənbələrə görə o, güllələnərək dənizə atılıb, lakin, bəraətindən sonra ailəsinə verilən ölüm kağızında yazıldığına görə isə o, sürgündə, həbs düşərgəsində vəfat edib - bu gün represiya qurbanı, gənc yaşda dünyadan nakam köçən şairimiz, yeni Azərbayan şeirinin öncülüllərindən sayılan Mikayıl Müşfiqin doğum günüdür.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya gəlib. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb, 1902-ci ildə Xızıdan Bakıya köçüb.
Körpə ikən Mikayıl anasını, altı yaşında isə atasını itirib, nənəsinin himayəsində böyüyüb.
1915-1920-ci illərdə Rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, daha sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.
Mikayıl Müşfiqin ilk mətbu əsəri 1926-cı ildə "Gənc işçi” qəzetində
dərc olunan "Bu gün” şeiri olub. “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.
1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.
1957-ci ildən başlayaraq əsərləri “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında çap edilib.
Tərcümə ilə də məşğul olan şair A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Stalin represiyasının qurbanı olan gənc şair 1937-ci il iyun ayının 4-də - növbəti ad gününə hazırlaşırkən evində həbs edilərək, əksinqilabçı milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqla ittiham edilib və mənbələrə görə 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Özündən sonra övladı da qalmayıb, belə ki, oğul övladı elə doğulandan bir neçə həftə sonra yüksək hərarətdən vəfat edib.
1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Əbdülqədir oğlu İsmayılzadəyə bəraət verilib.
Şairin həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri isə 2005-ci ildə işıq üzü görüb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(05.06.2025)