Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada... – VAQİF SƏMƏDOĞLUNUN DOĞUM GÜNÜNƏ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”


Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!

Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata...

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.

Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə...

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

 

Bu gün Bu ölməz şeirin müəllifi, Azərbaycan poeziyasının ən uca zirvələrindən biri, xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri vəzifəsində çalışıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır 

Vaqif Səmədoğlunu biz həm də milli-azadlıq hərəkatının alovlu tribunu kimi də tanıyırıq. O, Azərbaycanın Milli Məclisinin deputatı da olub.

Orta statistik azərbaycanlı bu dahi şairi “Bəxt üzüyü” komediyası ilə tanıyır. Bəli, o, həm də Azərbaycan ekranına və səhnəsinə Moşunu və Söylünü yadigar qoyub. Amma hər halda, Vaqif poeziyada elə bir ucalıq yaradıb ki, bu ucalıqda “Bəxt üzüyü” yalnız bir çınqıl ola bilər.

 

Kitabları

 

Yoldan teleqramlar

Günü baxtı

Mən burdayam, ilahi

Uzaq, yaşıl ada

Gürzəçöl yazıları

 

Dram əsərləri

 

Bəxt üzüyü

İntizar

Uca dağ başında

Lotereya

Yayda qartopu oyunu

Yaşıl eynəkli adam

Generalın son əmri

Mamoy kişinin yuxuları

 

Məşhur şeirləri

 

1. Son gecədir bu gün yenə...

2. Vicdan kirəsi tək gəlir evimə...

3. Nəyin istisindən yananlar...

4. Bir cüt ayaqqabı...

5. Qağayı, axtar məni...

6. Anara

7. Birlikdən və tənhalıqdan...

8. Bu payız da başlandı...

9. Eşidirsənmi?

 

Filmoqrafiya 

 

- 1001-ci qastrol (film, 1974)

- Ağır şkaf (film, 1971)

- Ayrılıq bir dənizmiş... (veriliş, 2002)

- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)

- Bəxt üzüyü (film, 1991)

- Bircəciyim (film, 1986)

- Cin mikrorayonda (film, 1985)

- Çıxılmaz vəziyyət (film, 1983)

- Evləri göydələn yar (film, 2010)

- Evləri köndələn yar (film, 1982)

- Gün keçdi (film, 1971)

 

Təltifləri

 

Azərbaycan Respublikasının Xalq Şairi

"Əməkdar İncəsənət Xadimi"

"İstiqlal" ordeni

"Şərəf" ordeni

"Humay" mükafatı

"Nəsimi" mükafatı 

 

 

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunub.

2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin sədri, şairin həyat yoldaşı, yazıçı və şərqşünas Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə Vaqif Səmədoğlu medalı təsis olunub.

Allah rəhmət eləsin!

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.