İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan maarif xadimi, yazıçı Rəşid bəy Əfəndiyev – bu ad sizə nə dedi? Azərbaycanlılara əgər bu ad heç nə demirsə, demək, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı işlərimiz tam axsayır.
Rəşid bəy Əfəndiyev 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olmuşdular. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada, Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən almışdır. 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmişdir. O, Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını, sonralar Qori seminariyasında dramaturqun digər komediyalarını tamaşaya qoymuş, eyni zamanda baş rolları ifa etmişdir. R. Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanmış, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.
O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilir. İlk əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə (hazırkı Qəbələ) müəllimlik etdiyi, 8 il Tiflis dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir.
Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.
Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edir, hətta şəxsən artist kimi iştirak edirdi. Rəşid bəyin "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.
Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan Rəşid bəy Əfəndizadə iki hissədən ibarət "Müxtəsər şəriət" dərsliyinin də müəllifidir. O, etnoqrafiya ("Nuxada evlənmək adətləri", "Qəbələ mahalı", "Qutqaşen kəndi haqqında bir neçə məlumat" və s.), ədəbiyyatşünaslıq ("Azərbaycan türklərinə məxsus ədəbiyyat", "Azərbaycan ədəbiyyatı nümunələri", "Lev Nikolayeviç Tolstoy", həmçinin "Seyid Əzim Şirvani" və s.) sahəsində də fəaliyyət göstərmişdir.
Azərbaycan xalq əfsanə və rəvayətləri, adət və ənənələri, eləcə də xalq sənətkarlığı, coğrafiya və təbabətə aid məlumatlar toplayıb , "СборникматериаловдляописанияместностейиплемёнКавказа" məcmuəsində çap etdirmişdir.
Əfəndizadə 1924-cü ildə Azərbaycanın Birinci Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilmişdir.
Dərslikləri
1. Bəsirət-ül-ətfal
2. Uşaq bağçası
Ədəbi əsərləri
1. Qonşu-qonşu olsa, kor qız ərə gedər
2. Saqqalın kəraməti
3. Arvad məsələsi
Əsərləri
1. Müxtəsər şəriət. I cild. Nuxa: "Mədəniyyət" mətbəəsi, 1910
2. Müxtəsər şəriət. II cild. Tiflis: "Kultura" mətbəəsi, 1910
3. Qan ocağı. Tiflis: "Kəşkül" mətbəəsi, 1885
4. Qan ocağı. Tiflis: Məhəmməd ağa Şahtaxtinski mətbəəsi, 1904 (ikinci çapı)
5. Pul dəlisi
6. Dram əsərləri.
7. Məktəbə dəvət
1942-ci avqustun 31- də Rəşid bəy Əfəndizadə Şəkidə vəfat etmişdir. Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(05.06.2025)