Nemət Tahir, “Ədəbiyyat və İncəsənət” portalının Qarabağ təmsilçisi
24 yaşlı İsrailli alpinist Nadav Ben-Yahuda dünyanın ən hündür nöqtəsi olan Everestə çatmağa və fəth etməyə cəmi 300 metr qalmış bu arzusundan vaz keçib. Səbəb çox sadədir – O, yaralı türk alpinisti xilas etməyi seçib.
Xüsusən indi ölkəmizdə İsrailə münasibət birmənalı deyil. Fələstinlə müharibə səbəbindən xüsusən radikal islamçılar İsraili düşmən ölkə kimi qələmə verirlər, amma Azərbaycan dövləti üçün İsrail dost, müttəfiq ölkədir, gərək bunu yaddan çıxarmayaq. Və elə bu yerdə Şəhidlərimiz sırasında fəxarətlə yer almış Milli qəhrəman, yəhudi Albert Aqarunovu xatırlayaq.
Qayıdaq alpinist Ben-Yahudaya. O, Everestin fəthinə az qalmış baş verənləri belə təsvir edib:
Mən qalxarkən 2 cəsədlə rastlaşdım. Onlar yeni ölmüşdülər, çünki mənim qalxdığım kəndirin üzərində idilər. Onlar güclərinin tükəndiyini və ölmək üzrə olduqlarını anlasalar da geri çəkilməmiş, komaya düşərək donmuşdular. Məndən əvvəl qalxanlar sadəcə onların üzərindən keçmişdilər.
Biri isə hələ sağ idi. Mən onu görəndə tanıdım, bu, Aydın İrmaq idi. Biz hələ düşərgədə olarkən tanış olmuşduq. O huşsuz idi, nə əlcəyi vardı, nə də oksigeni qalmışdı. Dəbilqəsini çıxarmış və ölümü gözləyirdi. Digər alpinistlər onun yanından keçərək irəliyə getmişdilər, mən anladım ki, mən də irəliləsəm, o, mütləq həlak olacaq. Mən anlayırdım ki, onu xilas etmək üçün cəhd etməliyəm.
Aydınla birlikdə aşağı enməyə başladım, bu, düz 9 saat çəkdi. O, ağır olduğu üçün bu çox çətin idi. Arada qısa müddətlik özünə gəlirdi və yenə də huşunu itirirdi. Huşu özündə olanda ağrıdan zarıyırdı və bu zaman aşağı enmək daha da çətin olurdu. Asta olsa da, biz yavaş-yavaş enirdik, amma sonra mənim oksigen maskam sıradan çıxdı. Bir müddət sonra biz Malaziyadan olan və ölməkdə olan başqa bir alpinistlə rastlaşdıq. Məlum idi ki, biz bu halda davam edə bilməyəcəyik. Yuxarı dırmaşmağa davam edən alpinistlər vardı və mən onlara bağıraraq, oksigenlərini paylaşmağı tələb edirdim. Bəziləri oksigenlərini bölüşdü və bu, Aydının huşunun qayıtmasına yardım etdi.
Mənim qarşımda seçim vardı: Ya İsraildən olan ən gənc alpinist kimi tarixə düşə bilərdim, ya da ölməkdə olan alpinisti xilas etməliydim, mən ikinci variantı seçdim və bir insanın xilasına nail oldum.”
Düşünün, hər birimiz bunu bacarardıqmı?
“Ədəbiyyat və incəsənət”
(04.06.2025)