“ABŞ-nin Cənubi Qafqaza yanaşmasını tənzimləməyin vaxtı çatıb” Featured

ABŞ-nin George Mason (Corc Meyson) Universitetinin tələbəsi, universitetin Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin (Center for Security Policy Studies) redaktoru Əli Məmmədovun həmin ölkənin mətbuatında məqaləsi işıq üzü görüb.

 

“ABŞ-nin Cənubi Qafqaza yanaşmasını tənzimləməyin vaxtı çatıb” (“Time to adjust the US approach to the South Caucasus”) adlı məqalədə müəllif ABŞ-nin Cənubi Qafqaz siyasətinə yenidən baxmasının zəruriliyini vurğulayıb.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş uzrə Dövlət Komitəsindən verilən məlumata görə, müəllif bölgədə dəyişən güc balansının təhlilini verərək ABŞ-nin regiona daha aktiv və məqsədyönlü yanaşmasının vacibliyini qeyd edib. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın təsirinin zəiflədiyini, İranın isə bölgədə rolunu artırmağa çalışdığını bildirib. Bu şəraitdə ABŞ-nin iştirakının sabitliyə və strateji tarazlığa töhfə verə biləcəyini diqqətə çatdırıb.

Müəllif İkinci Qarabağ Müharibəsi və onun nəticələrinə də toxunub. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Türkiyənin dəstəyi və Rusiyanın passivliyinin regionda siyasi və təhlükəsizlik baxımından yeni vəziyyət yaratdığını bildirib. İranın isə Ermənistanla əlaqələrini gücləndirərək Azərbaycan-Türkiyə-İsrail yaxınlaşmasına qarşı ehtiyatlı mövqe tutduğunu vurğulayıb.

Məqalədə Ermənistan-Azərbaycan sülh prosesi region üçün çox mühüm fürsət kimi qiymətləndirilir. ABŞ bu prosesi dəstəkləməklə yanaşı, Gürcüstan da daxil olmaqla üç ölkə arasında iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsini təşviq etməlidir. Bu yanaşmanın formal ittifaqlardan fərqli olaraq çevik diplomatiya və regional təşəbbüslərin dəstəklənməsi ilə həyata keçirilə biləcəyi diqqətə çatdırılıb.

Həmçinin ABŞ-nin Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlığı, enerji və nəqliyyat layihələrinə dəstəyi, Mərkəzi Asiya ilə əlaqələrin inkişafı üçün Cənubi Qafqazda şərq-qərb dəhlizlərinin əhəmiyyəti vurğulanıb. Müəllifin fikrincə, Vaşinqtonun formalaşmaqda olan yeni yanaşması – ikitərəfli əməkdaşlıq, infrastruktur əsaslı siyasət və enerji təhlükəsizliyinə fokuslanma həm regionun dayanıqlığını gücləndirə, həm də ABŞ-nin strateji maraqlarını təmin edə bilər.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.atlanticcouncil.org/blogs/turkeysource/time-to-adjust-the-us-approach-to-the-south-caucasus/

Qeyd edək ki, Əli Məmmədov 2022-ci ildə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin və 2024-cü ildə Amerika Azərbaycan Gənclər Forumunun iştirakçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.