İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün şair, publisist, ssenari müəllifi, satirik Fikrət Sadığın doğum günüdür.
Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956–1961).
Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyil etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir.
Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur.
Azərbaycan yazıçılarının VII–VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləmişdir (1975-ci ildən). 2002-ci ildən prezident təqaüdçüsü olub.
Əsərləri
1. Cığır
2. Ömrün bir günü
3. Dəniz küçəmizə gəlir
4. Cırtdan hara getmişdir?
5. Bala kirpi
6. İşığın yaşı
7. Göydə nə var
8. Ağ cığır
9. Yerdən göyə ümid
10. Göydən alma düşmədi
Filmoqrafiya
1. Cırtdanın yeni sərgüzəşti
2. Fransa qəhrəmanı
3. Naxçıvan-50
4. Süleyman Rüstəm
5. İçəri Şəhər
Fikrət Sadıq 16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin!
Sənətkar barədə həmkarım Elman Eldaroğlunun daha geniş yazını gün ərzində sizlərə təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(30.05.2025)