HEÇ KƏS UNUDULMUR – Milli Qəhrəman Şahlar Şükürovu şərəflə anırıq Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”


Onlar Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etdilər. Fərq etməz, istər Birinci Qarabağ müharibəsi olsun, istər Aprel döyüşləri, istər 44 günlük müharibə, istər antiterror əməliyyatı, istərsə də aralıqdakı 28 il ərzində baş verən bütün toqquşmalar.

Şəhidlər heç vaxt olmürlər, onlar ölməzdirlər.

 

Ötən şənbə günündə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Şahlar Şükürovun doğum günü idi.

Şahlar Şükürov 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1972-ci ildə təhsilini başa vurmuş və hərbi xidmətə çağırılmışdır.

Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışmışdır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar tezliklə mayor rütbəsi almışdır.

Qarabağ müharibəsinin ilk illərində - hələ milli ordu formalaşmamış torpaqlarımızın müdafiəsini könüllü batalyonlar və milis dəstələri həyata keçirirdi.. Şahlar Şükürov da tez–tez döyüş bölgələrinə gedər, torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı.

1990-cı ilin 11 iyul günündə Tərtər - Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı, burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Şəhidimiz Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edildi. 

Ailəli idi, iki övladı yadigar qaldı.

Hazırda Zərdab rayonunda adına küçə var. Buradakı məktəblərdən biri də onun adını daşıyır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.