VARdanın YOXdanları Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Ermənistanın keçmiş Xarici işlər naziri (1998-2008) Vardan Oskanyanın Baş nazir Paşinyanla Prezident Əliyevin Tirana görüşünə dair reaksiyası – həm açıq ritorik təzyiq cəhdidir həm də illərlə formalaşmış erməni siyasi diskursunun qapalı mətbəxindən sızan “içəridəki danışıqlar”ın etirafıdır.

 

Bu cür çıxışlar ilk baxışda Paşinyanı tənqid edir kimi görünür, lakin əslində, bu mövqenin Azərbaycanla bağlı hansı köklü münasibətləri əks etdirdiyini, hansı illüziyaların dağılmaqda olduğunu və bu ritorikanın hansı “deyilməyənləri” deməyə başladığını görürük.

Ermənistanın keçmiş Xarici işlər naziri nə deyib? - Diqqət edək:

 

"Mən indicə Nikol Paşinyanın Azərbaycan prezidenti ilə Albaniyanın Tirana şəhərindəki görüşünü izlədim... Paşinyanın etdikləri çarəsizlik hərəkəti idi. Onun hərəkətlərində balans, ləyaqətli mövqe və ya dürüstlük yox idi... Nə Bakıda əsirlikdə saxlanılan erməni hərbi əsirləri, nə də Artsaxın zorla deportasiya edilmiş əhalisinin geri qaytarılması hüququ ilə bağlı zərrə qədər də olsa, heç bir söz açılmadı. Belə çıxılmaz mövqe, təbii ki, Azərbaycanı ancaq ruhlandırır. Bu, Əliyevi mütləq dominantlıq vəziyyətinə salır, ona istənilən şərtləri - istədiyi vaxt və istədiyi kimi diktə etmək imkanı verir. O, yaxşı bilir ki, Paşinyan öz siyasi gələcəyini xilas etmək üçün təcili olaraq sazişi imzalamalıdır. Əliyev heç bir təzyiq altında deyil. Üstəlik, o, yəqin ki, heç nəyi imzalamağa belə ehtiyac görmür. O, yaxşı bilir ki, indi imzalanacaq istənilən müqavilə Ermənistan xalqı ilə deyil, Paşinyan hakimiyyəti ilə bağlanacaq. O, başa düşür ki, Paşinyanın siyasi sağ qalması onun bu sənədi nailiyyət kimi təqdim edib-etməməsindən asılıdır. Əslində, saziş imzalansa da, bu, Paşinyanın siyasi taleyini xilas etməyəcək, əksinə, nəhayət, onun təslim olmasının miqyasını üzə çıxaracaq. Bu, onun uğursuzluqlarının rəsmi rekordu olacaq - sülh planı adı altında təqdim edilən siyasi ölüm haqqında şəhadətnamə... İndiki şəraitdə sülhdən danışmaq məğlubiyyət dili ilə danışmaqdır. Erməni xalqının yaralarına, deportasiyasına, onlara qarşı törədilmiş cinayətlərə məhəl qoymayan hər hansı sağlam düşüncəli rəhbər belə bir sənədi necə barışıq yolu kimi təqdim edə bilər? Qanuni hakimiyyət ədalətdən məhrum olan sənədə necə imza ata bilər? Demokratik legitimliyə malik olan və milli maraqları rəhbər tutan Ermənistanın gələcək hökumətinin şübhəsiz ki, bu sənədə yenidən baxmağa hər cür hüquqi və mənəvi haqqı olacaq. Müharibə təhlükəsi, işğal altında və xalqın hüquqlarına tam məhəl qoymadan imzalanmış müqavilələr sülh müqaviləsi deyil. Bunlar məcburiyyət alətləridir. Onlar sülh gətirmir, ancaq ədalətsizliyi qanuniləşdirir. Paşinyanın ümidsizliyi sülh istəyi deyil. Bu, xəyanətdir: tarixə, fədakarlığa və erməni dövlətçiliyi ideyasına xəyanətdir. Həqiqətən öz adına layiq olan sülh sazişi tabeçilik deyil, bərabərliyə əsaslanmalıdır”. (Sitatın sonu).

 

Fevralda 70 yaşı tamam olmuş bu Hələb ermənisinin (Vardan Minasi Oskanyan; Վարդան Մինասի Օսկանյան; 07.02.1955) Azərbaycanla bağlı mövqeyinin yaxud mövqesizliyinin mahiyyəti nədir? - Oskanyan, uzun illər Ermənistanın xarici siyasətinin formalaşmasında iştirak etmiş bir fiqur kimi, bu açıqlamasında Azərbaycanın dominant aktor kimi təsvir olunmasından rahatsızdır. O, bunu bir təslimiyyət, fiasko kimi təqdim edir. Lakin: -Əgər 30 il boyunca Ermənistan rəsmiləri, o cümlədən Oskanyan özü, Azərbaycanla sülh danışıqlarını “vasitələr”, “çərçivələr”, “status” və b. ritorika altında aparırdısa, bu açıqlama bir daha və təkzibolunmaz şəkildə göstərir ki, o danışıqlar heç vaxt səmimi olmayıb. Onlar, birmənalı olaraq görünür, yalnız “status-kvo”nun uzadılmasına, işğalın qanuniləşdirilməsinə və Azərbaycanın zəiflədilməsinə yönəlmişdi. -İndi, Azərbaycanın hərbi, siyasi və diplomatik üstünlük qazandığı bir ortamda, əsl niyyətlər üzə çıxır: yəni, bu sülh çağırışları, əslində, Ermənistanda “sülh” deyil, “təslimiyyət” kimi qəbul olunur. Bu, onu göstərir ki, erməni siyasi elitası Azərbaycanla heç vaxt bərabərhüquqlu barışa hazır olmayıb və indi bu fikirlər daxili siyasi ixtilaflar vasitəsilə dilə gətirilir. Vardan “Sülh bərabərlik üzərində qurulmalıdır” ritorikasındadır. Deyir, “həqiqətən öz adına layiq sülh sazişi bərabərliyə əsaslanmalıdır”. Pəki. Amma görəlim bu fikrin arxasında nə var? -Bərabərlikdən danışan Oskanyan, 30 il Qarabağda işğalçı vəziyyətdə olan tərəfin heç bir ədalət hissi olmadan davranmasını vurğulamır. Yəni onun “bərabərlik” anlayışı yalnız Ermənistanın istədiklərini danışıqlar masasına daşıya bildiyi dönəmlərlə məhdudlaşıb. -Bu “bərabərlik” çağırışı əslində keçmiş “status-kvo”nu diriltmək cəhdidir. Halbuki bölgədə gerçəkliklər dəyişib, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və dəngələr yenidən qurulub. -Oskanyan möhtəməl “Sülh müqavilə”sini hüquqi cəhətdən legitim hesab etmir, deməzsənmi məgər “xalqın razılığı yoxdur”. - Bax, bu dəqiq “klassik erməni siyasi ritorikası”dır: xalqı təhrik edərək qanuni öhdəlikləri qeyri-legitim göstərmək cəhdi.

Açıqlamanın daxili-psixoloji səviyyəsi və erməni toplumuna hansı ismarıcı ötürməsi haqqında daha nə demək olar? Oskanyan bu açıqlama ilə əslində yalnız Paşinyana deyil, Ermənistan toplumuna də müəyyən açıq-örtülü siqnallar verir. Yaramazın ağlınca: -Xarici siyasətdə güzəştlər - xəyanət ritorikası gücləndirilir deməkdir; -Paşinyan rejimi zəiflədilir, amma eyni zamanda gələcək hər hansı konstruktiv sülh addımının da qarşısı alınır; -Ermənilər arasında “ədalət” anlayışı təhrif edilir – ədalət yalnız onların istədikləri baş verdikdə mövcuddur. Əks halda – bu, “ədalətsiz sülh”dür. Bu, sülh deyil, revanşizmi ideoloji təməl üzərində dirçəltmək cəhdidir.

Əgər gələcəkdə Ermənistan hakimiyyətində dəyişiklik olsa, Oskanyanın xəttinə yaxın yeni hökumət bu Sülh müqaviləsi və yardımçı bəlgələri ya tanımayacaq, ya da yeni tələblərlə gündəmə gətirməyə çalışacaq. 105 il öncə, 34 il öncə, bir sözlə, həmişə də belə olmayıbmı?.. Oskanyanın dedikləri “deyilməyənlər”i də üzə çıxarır – bu, bir baxıma, ikiüzlü erməni diplomatiyasının ifşasıdır. Yəni bu açıqlama bir neçə vacib “deyilməyən”i də açır: -Erməni diplomatiyası heç vaxt gerçək və ədalətli sülh istəyində olmayıb. Onların məqsədi hər zaman zamana oynamaq, bölgədə faktiki dəyişiklikləri “normallaşdırmaq” olub; -İndi isə, işğal rejimi çökdüyü üçün sülh “ədalətsiz” adlandırılır – bu, erməni siyasi təfəkküründə hüququn deyil, gücün hakim olduğunu göstərir; -Oskanyanın sözlərindəki əsl məğlubiyyət hissi, Azərbaycanın “istədiyi vaxt, istədiyi şərtlərlə diktə etmə imkanını əldə etməsi” ilə bağlıdır. Bu, həm də Ermənistan siyasi elitasının bölgədəki strateji dəyişiklikləri qəbul edə bilməməsidir.

Uzun sözün qısası, Bakıda istintaq olunan Vardanyanın xiffətini çəkən İrəvandakı Vardanın açıqlamasından və onun sətiraralarından dəxi oxuyuruq: -Danışıqların illər boyu saxta və manipulyativ xarakter daşıdığı etiraf olunur; -Paşinyanın daxili legitimliyi sarsıdılır, amma məqsəd Azərbaycanın qələbəsinin nəticələrini qeyri-legitim göstərməkdir; -Ermənistanda revizionizm çağırışları artır, bu isə bölgə üçün yeni qeyri-sabitlik dalğası yarada bilər; -Ən əsası – Azərbaycanla bərabərhüquqlu barış deyil, yalnız təzyiqlə qazanılmış “kompensasiya”lar Ermənistan tərəfi üçün “ədalət” hesab olunur.

Beləliklə, Oskanyanın açıqlaması, erməni toplumunun Azərbaycanın uğurunun təkcə hərbi deyil, həm də siyasi və digər kateqoriyalar, parametrlər baxımdan da sinirə bilmədiyini, eyni zamanda, köhnə ritorikaların da iflasa uğradığını göstərir.

Bu gün Azərbaycan yalnız sahədə deyil, həm də siyasi-diplomatik meydanda qalibdir. Bu qalibiyyət Dəmir Yumruğun - milli həmrəyliyimizin, prinsipial mövqeyimizin və əlbəttə, haqq-ədalətin təntənəsidir!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.