Bu gün Onun günüdür - ONUN, HEYDƏR ƏLİYEVİN Featured

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

Bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan Ulu Öndər Heydər Əliyev mayın 10-da, Naxçıvanda – Nuhun çıxdığı torpaqda dünyaya gəldi. Gəlişi mənsub olduğu millətin, məmləkətin haqq səsinə döndü.

 

O, dünyaya gələndə Şərqin ilk Demokratik Cümhuriyyəti Qızıl Ordunun “Qırmızı Terroru”na 3 ildir ki, qurban getmişdi. “Bir kərə yüksələn Bayraq, bir daha enməz!” nidası ilə tarix yaradan, yoxdan bir dövlət qurub Bayraq yapan liderlərin əksəriyyəti ölümün, mühacirətin ağuşuna atılmışdı. Tanrı onu dünyaya ən qüdrətli Türklərdən, tərcümeyi-halı ilə tarix yaradan liderlərdən biri kimi dünyaya gətirmişdi. Milli dövlətçilik tariximizdə Nəriman Nərimanov talesizliyindən, Əziz Əliyev əyilməzliyindən sonra, Ulu Öndər Heydər Əliyev yeni bir qəhrəmanlıq dastanı yazacaq, birliyin-bütövlüyün rəmzinə dönüb, “Dövlət qalan, qalan hər şey yalan!” nidası ilə tarix yaradacaqdı.

Osman Qazinin Osmanlı İmperatorluğunu qurduğu ərəfədə Şeyx Ədəbalı iki tarixi kəlam işlətmişdi: “Dərdi qədər böyük adam” və “İstanbulu fəth edən komutan, nə mutlu komutan!” Ulu Öndər Heydər Əliyev Səfəvilər hökmdarı Şah İsmayıl Xətaidən, Nadir şah Əfşardan, Ağa Məhəmməd Şah Qacardan, Fətəli şah Qacarın daha doğrusu Qacarlar dövlətinin vəliəhdi Abbas Mirzə Qacardan, “Nərimanovçuluq” məfkurəsini Azərbaycançılıq məfkurəsinə çevirən Nəriman Nərimanovdan, İkinci Dünya Müharibəsində Stalin, Molotov, Jukov, Rokassovski kimi mümkün olmayanları dağlar diyarı Dağıstanda, Dəmirqapı Dərbənddə gerçəyə çevirən Əziz Əliyevdən sonra tək və yeganə liderimiz idi ki, çiynində zər paqonlar daşısa da, General rütbəsi ilə təhlükəsizlik orqanlarına rəhbərlik etsə də, bir milli liderə xas xüsusiyyətlərlə “Mümkün olmayanları mümkünə çevirdi”. Siyasi hakimiyyətinin birinci mərhələsində 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətə çevirdi. Milli Ordu quruculuğu siyasəti yürütməklə, Ana dilini dövlət dili elan etməklə kifayətlənmədi, Azərbaycanın tarixi şəxsiyyətlərinin adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün əmr və fərmanlar imzaladı. Azərbaycanı qüdrətli kənd təsərrüfatı və sənaye ölkəsinə, elm, təhsil, mədəniyyət mərkəzinə çevirdi. Siyasi fəaliyyətinin Moskva dövründə isə, təkcə Azərbaycanın deyil MDB məkanına daxil olan respublikaların əsas qurucularından biri kimi tarix yaratdı. Baykal-Amor magistralı ilə əfsanəyə dönən Ulu Öndər Heydər Əliyev, Türküstan, Yaxın və Orta Şərq siyasəti ilə bir Türk, müsəlman kimi dünyaya sübut etdi. Nazarbayevin, Kunanbayevin müdafiəsi ilə Kolbinlərin üstünə yeriməklə cəsarətin, ləyaqətin nümunəsinə döndü.

1985-ci ilin Qorbaçov perestroykası, erməni daşnaklarının dəyirmanına su tökən Mərkəzi Komitənin Dağlıq Qarabağ və Azərbaycan məsələlərinə, 20 Yanvar dəhşətlərinə, ölümü gözə alaraq etiraz edən Ulu Öndər Heydər Əliyev Ümummili Liderə çevrildi.

Moskvadan dönüşü, siyasi fəaliyyətinin Naxçıvan dövrü ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Bayrağını Dövlət rəmzinə çevirməklə kifayətlənmədi, “Ümid körpüsü”nü qurmaqla Qars bəyannaməsindən Şuşa bəyannaməsinə yol saldı. 1993-cü il iyunun 14-də Naxçıvandan Bakıya tarixi dönüşü, böyük qayıdışı ilə “Qurtuluşun Dastanı”nı yaratdı. Qardaş qırğınına, Vətəndaş müharibəsinə son qoyan Ulu Öndər “Atəşkəs müqaviləsi”ni imzalamaqla, mənsub olduğu millətin genefondunu qorudu. “Əsrin müqaviləsi” ilə ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirdi. Düz 10 il siyasi hakimiyyətinin növbəti mərhələsində Müasir Azərbaycanın Memarı kimi tarix yaratdı!

Ulu Öndər Vətən, xalq, millət, məmləkət qarşısında heç bir tarixi xidməti göstərməsəydi təkcə Müzəffər Ali Baş Komandan, Sərkərdə-Xaqan Prezident cənab İlham Əliyevin atası kimi dünyaya gəlsəydi belə, 30 illik intizardan, 300 illik nisgildən sonra Xudafərin körpüsündə Bayrağa dönən millət, onu sonsuz sayğı, ehtiramla yad edəcəkdi.

Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın iki tarixi kəlamı var: “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!” “Heydər Əliyevin varlığı Azərbaycan Xalqı üçün Tanrının tale payıdır!” Ulu Öndər Heydər Əliyev Mete, Atilla, Məlik şah, Osman Qazi, Əmir Teymur, Sultan Bəyazid, Sultan Səlim, Sultan Süleyman, Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi həyatda yerini və rolunu tarix müəyyən edən Liderlərimizdəndir. Onun varlığı təkcə Azərbaycan xalqı üçün deyil, Türk dünyası, Yaxın və Orta Şərq üçün mükafatdı. Çünki, onun adı gələndə harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir Türk, müsəlman, Azərbaycanlı qürur duyur. O, özü də qürur duyurdu. Azərbaycanlı, Türk və Müsəlman olmasıyla. O, bu dünyaya mənsub olduğu milləti, məmləkəti xilas etmək üçün gələnlərdən idi. Bütün fəaliyyəti Birliyə, Bütövlüyə xidmətə həsr olundu. Gedişi də elə idi. On minlərlə insan, onu torpaq müqəddəsliyinə qovuşdurmaq üçün Fəxri Xiyabana sonsuz sevgi, məhəbbətlə yollandı. Hər gün ziyarətinə yollandığı kimi. Bu gün Onun dünyaya gəldiyi, daha doğrusu mələklərin qanadında yer üzünə endiyi gündü. Bu gün həm də bizim günümüzdür. Onun və Varisinin iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən Millətin!

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.