Azərbaycanın APREL GÜNDƏLİYİ Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Tarix yalnız keçmişin salnaməsi deyil, həm də bugünün kodlaşdırılmasıdır. Aprel - “Konstitusiya və Suverenlik İli”nin dördüncü ayı çərçivəsində Azərbaycan Respublikasının iç və dış gündəliyinin dinamik iç-içəliyi baxımından müstəsna önəm daşıyır. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən hər bir tədbir, görüş, səfər və açılış, əslində Azərbaycanın geosiyasi və sosial-iqtisadi xəritəsində yeni suverenlik xətləri çəkir.

 

Aprel ayının simvolik ritmini “Böyük Qayıdış” proqramı diktə etdi. Hər gün (bəli, hər gün!) azad olunmuş torpaqlara ailələrin, həyatların qayıtdığına, oraların şen olduğuna tanıq oluruq. Bu, sadəcə köç deyil – mədəni dirçəliş, milli yaddaşın canlanması, əraziyə şad ruhun dönməsi sürəcidir. Ağalıdan Talışa, Laçından Xocalıya… uzanan bu sürəc, Azərbaycanın suveren iradəsinin əməli sübutudur. Üstəlik, ölkənin siyasi partiyalarının dünən Laçına səfəri təşkil olundu və bu da, ayrı bir məhəbbət doğurur.

 

Qarabağ və Gündoğar Zəngəzurdakı irimiqyaslı tikinti-quruculuq, abadlıq və “Böyük Qayıdış” proqramı respublikamızın digər bölgələrinin iqtisadi, sosial-mədəni inkişafı ilə bərabər aparılması ilə bir başqa məhəbbət yaradır. Prezidentin Sumqayıt və Qusar səfərləri çərçivəsində açılan yeni məktəblər, sənaye müəssisələri və sosial obyektlər, “dayanıqlı inkişaf” anlayışını sırf kağız üzərində deyil, konkret həyat səviyyəsində reallaşdırır. Bu, suverenlik təkcə ərazidə yox, təhsil, səhiyyə və rifah sistemlərində də bərqərar olur deməkdir.

 

Aprel diplomatik aktivlik baxımından da məhsuldar keçdi. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına möhtəşəm səfəri, 

Azərbaycanın Qlobal Güney – Gündoğar Asiya – Orta Dəhliz üçbucağında necə uslu davrandığını bir daha göstərdi. Bu səfər təkcə iqtisadi işbirliyinin yox, həm də sivilizasiya tərəfdaşlığının başlanğıcı yaxud yeni keyfiyyətidir. 

Çindən öncə baş tutan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə ilə müttəfiqlik strategiyasının dərinləşməsi, KKTC-yə Azərbaycanın xəlqi məhəbbətinin və dövlət dəstəyinin təzələnməsi, başqa coğrafiyalara (necə deyərlər) yeni anlamlar qazandırılması və s. həm Türk dünyası, həm də NATO–Avrasiya geosiyasi bucağında Azərbaycanın yerini möhkəmləndirdi.

 

Rəisi-Cümhur Məsud Pezeşkianın Azərbaycan Respublikasına ilk və uğurlu səfəri, Tehran-Bakı gərginlik dönəminin arxada qaldığını, praqmatik və infrastruktur yönümlü yeni işbirliyi səhifəsinin açıldığını göstərdi. Arazın qıyısında deyil, xoş niyyətin sınırında yeni bir körpü salındı bu səfərlə. 

 

İsrailin Baş naziri Netanyahunun Azərbaycana gözlənilən səfəri isə sınırötəsi (cross-border) təhlükəsizlik, texnologiya və diplomatik şəbəkələrin daha da güclənəcəyinə işarədir. Azərbaycanın müxtəlif qütblərlə eyni vaxtda strateji bağlar qurması, onun dəngələşdirilmiş, amma prinsipial diplomatiyasının göstəricisidir.

Ayrıca, qarşı günlərdə, qardaş Türkiyənin Cümhurbaşqanı Ərdoğanın səfəri də gözlənilir və Netanyahu - Ərdoğan görüşü olacaqsa, o görüş üçün üçün ən uyğun ünvan Bakı olmayacaqsa, bəs hara olacaq?..

 

Bakıda keçirilmiş Qlobal Güney Forumu, Azərbaycanın artıq təkcə regional deyil, qlobal moderasiya mərkəzinə çevrildiyini sübut etdi. Bu Forum, inkişaf etməkdə olan ölkələrin səsini eşidən və onları platformaya çevirən dövlətçilik missiyasının bir formasıdır. Gündoğar-Günbatar qiyaslama, qarşıdurma və qovuşma, işbirliyi mövzularının yanında yeni geofəlsəfi baxış yüksəlir… Ayrıca, burada Qlobal Quzeyin diktəsi deyil, Güneyin təşəbbüsləri və dialoq bacarığı əsas səhnədə idi.

 

Beləliklə,

Aprel ayı göstərdi ki, müstəqil və qalib Azərbaycanın dövlətçiliyi artıq reaktiv yox, proaktiv və planlı strateji ardıcıllıq mərhələsindədir. Yəni, olaylar baş verdikdən sonra reaksiya verən, müdaxilə edən - təsirə cavab verən yanaşma yox, olaylar baş verməzdən öncə (qabaqlayıcı) tədbir görən, işi vaxtında planlayan və təşəbbüs göstərən yanaşma qüvvədə, yürülükdədir.

Konstitusiya ilə tənzimlənmiş bu suverenlik dövrü, özünü həm sosial yaşamın mikrosəviyyəsində, həm də dünya diplomatiyasının makrosəhnəsində təsdiqləyir.

 

Göründüyü kimi, 

Azərbaycanın gündəliyi – sadəcə təqvimdəki olayların ardıcıllığı deyil. Bu, milli iradənin, siyasi uzaqgörənliyin və dövlətçilik sinxronluğunun gündəlik ritmidir. Bu gündəliyi izləyənlər gələcəyin xəritəsini oxuyur… Yazanlarsa – onu qurur!

 

Başa çatmaqda olan ayın son günü həmçinin “ADNA terroru”nun növbəti ildönümü idi.

Həmin gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradıldığı gün olaraq da əlamətdardır! Ondan 2 gün öncə isə Azərbaycanın bolşevik işğalının 125-ci ildönümüydü. - Gedib və bir daha gəlməyəcək! Şəhidlər ölmədi, Vətən bölünmədi!

Bütün dönəmlərdəki və hər yerdəki şəhidlərimizi dərin sayğılarla yad edir, ölkəmizə, ordumuza, xüsusi təyinatlılarımıza güc-qüvvət diləyirəm!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.