Təqvimdə bu günün adı - BEYNƏLXALQ CAZ GÜNÜ Featured

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

  

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir.Bu əlamətdar gün 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik və insanlar arasında ünsiyyətdə rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub.

Təşəbbüs dünya şöhrəti amerikalı caz musiqiçisi, UNESCO-nun xoşməramlı səfiri Herbi Hənkok tərəfindən irəli sürülüb.  

Beynəlxalq Caz Günü ilk dəfə 2012-ci ildə Parisdə Herbi Hənkokun öz iştirakı ilə qeyd edilib.

 

UNESCO tərəfindən elan edilən bu gün hazırda dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Beynəlxalq Caz Günü hər il 200-dək ölkədə qeyd olunur.

Məşhur müğənni, bəstəkar Nina Simone ilk dəfə 1900-cü illərin əvvəllərində ABŞ-ın cənub ştatlarında inkişaf edən, Afrika-Amerika musiqi janrı olan, XIX əsrin sonu və XX əsrin əvvəllərində Luiziana ştatının Yeni Orlean şəhərindəki Afrika-Amerika icmalarında yaranan cazı belə təsvir edir: Caz yalnız musiqideyil, həyat, var olma, düşüncə tərzidir.” Caz musiqisi insan ləyaqəti, demokratiyavə vətəndaş hüquqları axtarışlarından ayrı-seçkiliyə və irqçiliyə qarşı mübarizəyəqədər dünyəvi mövzulara, eləcə də insanlar arasında empatiya, dialoq və qarşılıqlıəməkdaşlığın gücləndirilməsi kimi məsələlərəgüclü bədii təkan vermişdir.

Caz maneələri dəf edir və qarşılıqlı anlaşma və tolerantlıq üçün imkanlar yaradır. Fərdlər, qruplar və icmalar arasındakı gərginliyi azaldır. Caz mədəniyyətlərarası dialoqu stimullaşdırır və təcrid edilmiş cəmiyyətlərdən olan gənclərin inkişafına dəstək verir.

Dünyada Azərbaycan cazının da özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivalları, caza olan maraq bir daha sübut edir.

Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksofon, royal, gitara və zərb alətlərindən ibarət idi. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi. 1940-cı illərdə "Dövlət cazı"nın rəhbəri Rauf Hacıyev olmuşdu.

1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən birini saksafonçu və cazmen Pərviz Rüstəmbəyov olmuşdur.

1950-ci illərin əvvəlindən 1960-cı illərin sonuna qədər Bakının caz həyatının "mərkəzi" keçmiş Azərbaycan Neft-Kimya İnstitutunda keçirilən tələbə gecələri idi.  Azərbaycan cazının bütün sənətçiləri buraya toplaşırdı. Hər il yaz axşamlarının birində Azərbaycanda caz kollektivləri Azərbaycan Neft-Kimya İnstitutunun akt zalında çıxış edirdi.

1960-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır.

 Bundan əlavə, Azərbaycanda "Qaya", Rafiq Babayevin kvarteti yaranır.  Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır.

Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. (Eliza Mustafazadə Azərbaycanda peşəkar caz-muğam tərzində oxuyan ilk qadın olub.) Məşhur caz tənqidçisi Velis Konover deyib ki, “Vaqif Mustafazadə ekstra ifaçıdır. O dinlədiyim lirik caz ifaçıları arasında ən gözəl ifaçıdır”.

1980-2000-ci illərdə Azərbaycan cazı əsl tərəqqi dövrü yaşayır, onun aurası genişlənirdi. 2000-ci illərdə Bakı Beynəlxalq Caz Festivalı və Qəbələ Musiqi Festivalı kimi caz festivalları Azərbaycanda cazın inkişafında müsbət dönüş yaratdı.

Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olaq.

Həmçinin Əzizə Mustafazadə, Rain Sultanov, Əminə Fiqarova, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli, Sevda Ələkbərzadə kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

 

 

                                                                  

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.