Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
28 aprel tarixində Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkiyanın Bakıda baş tutan görüşü ikitərəfli əlaqələrə, Cənubi Qafqazda və daha geniş regionda formalaşan yeni siyasi-iqtisadi düzənə böyük təkan verdi. Tarixi, mədəni və dini ortaq bağlarla birləşən bu iki qonşu dövlət, hazırda münasibətlərini qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlıq müstəvisinə qurur.
Azərbaycanın bölgədə artan nüfuzu, xüsusilə nəqliyyat-tranzit imkanlarının genişlənməsi, enerji infrastrukturunun modernləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində güclənən diplomatik mövqeyi İranla əməkdaşlığa yeni zəmin yaradır. Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində birgə hidroenerji layihələri, eləcə də Ağbənd-Kəlalə avtomobil körpüsü kimi təşəbbüslər yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün iqtisadi və logistik baxımdan strateji əhəmiyyət daşıyır.
Birgə imzalanan sənədlər və verilən bəyanatlar göstərdi ki, hər iki ölkə enerji təhlükəsizliyi, sərmayə qoyuluşu, elm, sənaye və turizm kimi sahələrdə əməkdaşlığı dərinləşdirməkdə qərarlıdır. Bu yaxınlaşma, həmçinin, üçüncü tərəflərin bölgədə münaqişə yaratmaq cəhdlərinə qarşı ortaq mövqenin formalaşmasına da xidmət edir.
Azərbaycan üçün bu əməkdaşlığın dəyəri təkcə iqtisadi dividentlərlə məhdudlaşmır. Bu münasibətlər Azərbaycanın regional təşəbbüslərdə lider rolunu gücləndirir, 3+3 formatında əməkdaşlıq mexanizmini rallaşdırır. Həmçinin ölkəmizin suverenlik, ərazi bütövlüyü və qeyri-müdaxilə prinsipləri üzərində qurulan xarici siyasət xəttinə güclü dəstək verir.
Bu kontekstdə paytaxt Bakıda keçirilən görüşdən verilən açıq-aydın mesaj bu oldu ki, Cənubi Qafqazın gələcəyi bölgə dövlətlərinin iradəsi ilə formalaşmalıdır. Azərbaycan isə bu prosesdə həm sülhün təminatçısı, həm də real inkişafın təşəbbüskarı kimi çıxış edir.
NTV-yə müsahibəsində İqtisadçı Eldəniz Əmirov bildirib ki, İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da möhkəmlənməsi baxımından mühüm bir mərhələdir. Bu səfər Azərbaycan-İran iqtisadi əlaqələrinin bütün istiqamətlərdə inkişafı üçün ciddi imkanlar yaradır.
Tarixi və mədəni baxımdan zəngin olan Azərbaycan-İran münasibətləri iqtisadi sahədə bu potensiala tam adekvat deyil. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 33% artaraq 647 milyon dollara yüksəlib. Artım nəzərəçarpacaq olsa da, 765 kilometrlik sərhəd xəttinə və hər iki ölkənin böyük iqtisadi potensialına nisbətdə hələ də kifayət qədər aşağıdır. Xüsusilə də nəzərə alsaq ki, burada ÜDM-i yarım trilyon dollara yaxın olan bir ölkədən bəhs edirik.
İnvestisiya sahəsində də oxşar mənzərə müşahidə olunur. İran indiyədək Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və digər sahələrinə 371 milyon dollarlıq investisiya yatırıb. Lakin bu sahədə də mövcud potensialdan tam istifadə olunmadığı aydındır
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri də Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Bu dəhlizin inkişafı məqsədilə iki ölkə arasında son illər intensiv müzakirələr aparılıb. 2024-cü ildə dəhliz üzrə yükdaşıma 28%, tranzit daşımalar isə 23% artıb. Lakin bu sahədəki inkişaf da hələ regional və beynəlxalq tələblərə cavab verəcək səviyyədə deyil.
Məhz bu səbəbdən Prezident Pezeşkiyanın səfəri dəhlizin infrastrukturunun təkmilləşdirilməsi, yükdaşıma potensialının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Ələt-Astara dəmir yolunun yenidən qurulması, Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantılarının yaradılması kimi layihələr bu əməkdaşlığın konkret nəticələrindən olacaq və regionun iqtisadi xəritəsində iki ölkənin rolunu daha da artıracaqdır.
Bundan əlavə, Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilmiş ərazilərdə İran sahibkarlarının fəallaşması və müxtəlif sahələrdə – turizmdən sənayeyə qədər – yeni əməkdaşlıq imkanlarının yaranması Azərbaycan-İran münasibətlərinə əlavə dinamika verəcək.
Xüsusi qeyd edilməlidir ki, 2027-ci ildə “Xudafərin” körpüsünün 1000 illik yubileyi qeyd ediləcək. Bu tarixi hadisə Azərbaycan və İran üçün mühüm simvolik əhəmiyyət daşıyır. Hər iki dövlət bu münasibətlə böyük bir tədbir təşkil edə bilər ki, bu da ikitərəfli əlaqələri daha da gücləndirməklə yanaşı, regionda sabitliyə də önəmli töhfə verə bilər.
Ümumilikdə, Prezident Məsud Pezeşkiyanın Azərbaycana səfəri yalnız diplomatik jest olmaqla kifayətlənmir, eyni zamanda konkret iqtisadi hədəflərə yönələn strateji addım kimi qiymətləndirilməlidir.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, İran Azərbaycanın ən böyük və ən strateji qonşularından biridir. İki ölkə arasındakı münasibətlərin inkişafı Azərbaycanın iqtisadi, ticarət və tranzit imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İranla əməkdaşlığın gücləndirilməsi idxal və ixrac əməliyyatlarından tutmuş, tranzit daşımaları, qarşılıqlı investisiya, turizm, mədəniyyət, təhsil və səhiyyə sahələrində əməkdaşlığa qədər geniş bir spektri əhatə edir. Bu əlaqələrin dərinləşməsi həm Azərbaycanın, həm də İranın milli maraqlarına tam cavab verir.
Regionun mövcud geosiyasi reallıqları da bu əlaqələrin əhəmiyyətini artırır. Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından Azərbaycanın Naxçıvanla və Türkiyə ilə quru əlaqələri əsasən İran üzərindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Çin və Hindistan kimi böyük iqtisadi bazarlarla ticarət dövriyyəsini də məhz İran ərazisindən keçən yollarla reallaşdırır. Bu fakt Şimal-Cənub Nəqliyyat Dəhlizinin və İranla əlaqələrin strateji əhəmiyyətini bir daha ortaya qoyur.
Şimal-Cənub Dəhlizi yalnız regional deyil, həm də qlobal miqyasda əhəmiyyətli bir logistika layihəsidir. İrandan keçən yüklərin Azərbaycan vasitəsilə Rusiyaya və Avropaya, eləcə də əks istiqamətdə daşınması alternativ və təhlükəsiz ticarət marşrutlarının formalaşması baxımından ölkəmiz üçün böyük üstünlüklər yaradır. Eyni zamanda Çin və Hindistandan gələn yüklər üçün də bu marşrut ideal bir alternativ təşkil edir.
İran həmçinin Orta Dəhlizdə də mühüm rol oynayır. Bu baxımdan böyük qonşumuzla əlaqələrin daha da möhkəmləndirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi və turizm sahəsinin canlandırılması baxımından strateji dəyər daşıyır. İranlı turistlərin Azərbaycana artan marağı, işgüzar əlaqələrin genişlənməsi və sərmayə qoyuluşu perspektivləri ölkəmizin iqtisadiyyatına yeni nəfəs verə bilər.
Üstəlik, İran və Azərbaycan arasında əsrlərlə formalaşmış tarixi və mədəni bağlar bu əməkdaşlığa təbii bir zəmin yaradır və münasibətlərin inkişafı üçün möhkəm təməl rolunu oynayır.
Beləliklə, İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri yalnız ikitərəfli münasibətlərin güclənməsi baxımından deyil, həm də regional sabitlik, yeni iqtisadi imkanların açılması və Azərbaycanın beynəlxalq ticarət şəbəkələrində daha aktiv rol oynaması üçün önəmli bir addımdır.
Bu səfər Azərbaycan-İran əlaqələrində yeni bir mərhələnin başlanğıcı ola bilər.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)