Varis,
“Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru.
Azərbaycanın Əməkdar jurnalisti
Hazırda Azərbaycanın komediya bazarı şit və ucuz gülüş üzərində formalaşmaqdadır. İşbazlar bayağı komedik filmlər çəkməklə, televiziya və sosial media meydanında hegemonluq etməklə zövqü korşalmaqda olan kütləni “ha-ha-ha, hi-hi-hi” mənasızlığına sürükləməkdədirlər. Yalnız söz oyunu, vulqar ifadələr, qışqır-bağır üzərində qurulan komediya mədəniyyətimizin faciəsinə çevrilib.
Bəşir Səfəroğluların, Lütvəli Abdullayevlərin, Əliağa Ağayevlərin, Nəsibə Zeynalovaların, Hacıbaba Bağırovların, Səyavuş Aslanların yerinə, bir görün, kimlər gəlibdir, dağıl, ay dünya.
Günümüzün bəlalarından biri də bax budur.
Keyfiyyətli yumoru yalnız qismən “Planeta Parni iz Baku KVN teatrı” ortaya qoyurdu, onlar da mərhum Cabir İmanovdan sonra səhnədən çıxıblar. Ayrı-ayrı səhnələri həqiqətən də gülüş doğuran, satira və yumorun nə olduğunu digərlərindən xeyli daha yaxşı anlayan “Komedixana” komandasını da qeyd etmək yerinə düşərdi. Hazırda böyük tamaşaçı auditoriyası toplamış komedixanaçılar öz yollarını tutub hədəflərinə çataraq irəliləməkdədirlər. Həftəlik teleproqramlar bir yana, solo konsertlər belə verir, zalları doldurub kassa gəlirlərindən bacarıqla faydalanırlar.
Amma və lakin. Bəzən onlar elə şeyləri təbliğ edirlər ki, adamın ayağının altından yer qaçır.
Elə bir səhnələri üzərində dayanaq. Kişinin ad günüdür. Həyat yoldaşı deyir ki, qızımız gəlib səni təbrik etmək istəyir. Qızları qədim peşə ilə məşğuldur, kişi də bu səbəbdən adlarına ləkə gətirən qızı həyatından silibdir, buna görə də onun gəlişini istəmir, deyir, qapıdan qovacam. Əla qərardır, azərbaycanlı kişisinin mentalitetinə tam uyğundur. Pozğun, əxlaqsız qızını bu yoldan daşındıra bilməyən ata daha radikal tədbirlərə əl ata bilməsə də, heç olmasa onu həyatından silirsə, bunu da təqdir edirik. Lakin qız gəlir, ona qapını göstərib ağır sözlər deyən atasına söyləyir ki, get deyirsən, gedərəm, amma hədiyyəmi qəbul elə. Atasına onunçün aldığı avtomobilin açarını verir. Dərhal hər şey dəyişir, kişinin gözlərinə işıq gəlir, sevincindən qızını qucaqlayır, xoş sözlər deyir və onun tutduğu yola bəraət qazandırır.
Siz deyin, belə Azərbaycan kişisimi olar?
Hələ ardına qulaq asın. Qapı döyülür, evin kişisinin qardaşı, qızın da əmisi gəlir. Qardaşını təbrik etməyə gəlmiş əmi qardaşqızını görəndə nəslin adını batırdığına görə ona olmazın sözlər deyir - əlbəttə ki, alıqşlayırıq buna görə əmini - və geri qayıtmaq istəyır. Bu zaman qız həmin hədiyyənin birini də əmisi üçün edir. Əmi də sevinc içində qızın ayaqlarına düşür və onu nəslin fəxri adlandırır.
Bununla nə demək istəyirsiniz, komedixanaçılar? Sizi izləyən auditoriyaya – hansında ki uşaq, yeniyetmə və gənclər də az deyil – hansı yolu göstərirsiniz?
Bu səhnə ilə gülüş yaradandan sonra, yumorun, satiranın tələblərinə uyğun olaraq, qəhrəmanlarınızın mənfi olduğunu diqqətə çatdırıb, onları islah etməlisiniz, dramaturji həll üçün baş sındırmaq istəmirsinizsə, barı bircə kəlmə mesaj verməlisiniz, deməlisiniz ki, səd əfsus, cəmiyyətimizdə bu cür düşünən antipodlar da var, belə olmaq azərbaycanlı kişisinə yaraşmaz. Amma siz bunu etmirsiniz, nəticədə də səhnəniz sadəcə əxlaqsızlığın təbliğinə yönəlmiş olur, ucuz gülüş xatirinə min illərdən bəri formalaşan milli-mənəvi dəyərlərimizə bu cür hörmətsizlik yaranır.
Mədəniyyətin hər bir sahəsi həm asudə vaxtı təşkil edir, həm mənəvi zövq yaşadır, bunlar öz yerində. Amma əsas funksiya bu sahələrin hansı mesajı verməsidir. Bu səbəbdən də istəyərdik ki, komedixanaçılar cəmiyyətin, insanlığın əsas problemlərinə toxunsunlar, çatışmazlıqları ortaya qoysunlar, öz mesajları ilə xalqımıza və dövlətimizə fayda gətirsinlər. Populyarlıqdan istifadə edib insanların maariflənməsinə, mənəvi saflaşmasına xidmət etsinlər.
İnanırıq ki, olduqca bacarıqlı, istedadlı təşkilatçı, ssenarist və aktyor Ənvər Abbasovun başçılığı altında uğurlar sıralayan bu kollektiv dediklərimizi nəzərə alacaq.
“Ədəbiyyat və incəsənət”
(16.11.2026)


