Sərtyel,
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu üzrə növbətçisi
“Gülüş klubu”nun devizi dəyişməz olaraq qalır: “Hərdən güldürürük, hərdən də düşündürürük”.
Bu gün menyuda iki elan və bir ləzgi lətifəsi vardır.
A
Elanlar lövhəsi
Əlləri 20 saniyə yumaq düzgün deyil. Əlləri ən azı 20 dəqiqə yumaq lazımdır.
(Su Kanalı İdarəsi)
***
Bugatti avtomobilinin salonu xalqımız üçün yay sürprizi təklif edir. Belə ki, 2026-cı il Bugatti Veyron avtomobilindən iki ədəd alan kəslərə bir ədəd brelok hədiyyə edilir.
Xatırladırıq ki avtomobilin qiyməti 1200000 manatdır.
(Buğattinin distrübüteri Asif 88 şirkəti)
B
Lətifə saatı
Bir gün bir ləzgi əlində bıçaq məscidə girir:
-- Millət, içinizdə müsəlman olan var? - deyə bağırır.
Hamı susur. Ancaq yaşlı bir kişi özünə ar bilib qalxır:
-- Mən varam, - deyir.
Ləzgi qoca kişiyə “Bir dəqiqə çölə gəlin” deyərək qoluna girib onu məsciddən çıxarır. Bir az qabaqda hasara bağlı bir qoyunun yanına gəlib deyir:
-- Ağsaqqal, bu qurbanı kəsməyə kömək ol, İslam, qaydalarına uyğun kəsək. Mənə qibləni göstər və qoyunun ayaqlarını möhkəm tut.
Ləzgi qoyunu kəsməyə başlayar. Yaşlı kişinin əli-ayağı əsdiyi üçün qoyunun ayağı əlindən çıxır, hər tərəf qan olur.
Ləzgi narazı halda başını bulayıb deyir:
-- Ağsaqqal, tək gücün çatmır, gedim məsciddən bir müsəlman da çağırım.
Ləzgi əlində qanlı bıçaq üst-başı qan içində məscidə girərək qışqırır:
-- İçinizdə başqa bir müsəlman varmı?
Ləzginin qoca kişini aparıb doğradığını düşünən millətdən səs çıxmır. Bu dəm hamı dönüb mollaya baxır.
Molla cəld camaata deyir:
-- Nə baxırsınız, iki rikət namaz qıldıq deyə müsəlmanmı olduq!?
Sonra da üzünü ləzgiyə tutur:
-- O müqəddəs Məryəmə and olsun, burda bir müsəlman var idi, onu da sən bayaq apardın.
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)


