İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu dəfə Gülüş klubunda uzun illər insanları güldürən unudulmaz aktyorumuz, Azərbaycan SSR xalq artisti Hacıbaba Bağırov barəsində danışacağıq. Bu gün onun doğum günü -anadan olmasının 94-cü ildönümüdür.
Uşaq vaxtı onun çəkildiyi bir tamaşa tez-tez rastıma çıxardı. “Sonqulunun son məhəbbəti”. Onun söylədiyi “Bu yenə nöş belə oldu, Çibuş” sözləri isə dillər əzbəri idi...
Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb.
Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.
1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1959–1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub.
Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub.
Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z,Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.
Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
Filmoqrafiya
1. Kişilər
2. Sehrli çıraq
3. Salam, Zeynəb
4. General
5. Müşavirə
6. Aktrisanın təbəssümü
7. Bir az da Bahar bayramı
8. Məhəllə 2 Moskvada
Mükafatları
- Respublikanın Əməkdar Artisti
- Azərbaycan Xalq Artisti
- "Şöhrət" ordeni
- Qızıl Dərviş
Hacıbaba Bağırov da bir çox komediya aktyorları kimi həyatda xarakter baxımından ciddi şəxsiyyət olub. Məsələ burasındadır ki, aktyorlar o, teatra daxil olan kimi qeyri-iradi olaraq özlərini yığışdırırmışlar. Buna baxmayaraq, rəhbəri olduğu teatrın aktyorlarına ən yaxın olan da H.Bağırov imiş.
Hətta bəzən aktyorun prebleminə görə səlahiyyət sahiblərinə zəng vurub xahişlərdə bulunmağı da özünə ar bilməzmiş. Medianın yazdığına görə, onu direktor kimi belə xarakterizə edirlər:
“Hacıbaba müəllimin dövründə teatrda böyük-kiçik yeri daha çox bilinirdi. Çünki özü də sənətkar idi və aktyorun nə istədiyini bilirdi”.
Xanım Qafarova, Rəsmiyyə Nurməmmədova kimi aktrisaları sənətkarın tələbəsi saymaq olar. Bu iki aktrisanın yetişməsində onun xüsusi xidmətləri olub.
Çoxları bilmir ki, H.Bağırov ömrünün 4-5 ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son “ünsiyyəti” olub.
Deyirlər, insan öz ölümünü hiss edir. Sənətkarın kollektivlə sonuncu görüşündə səsləndirdiyi fikirlər “ölüm-itim dünyasıdı, birdən görüşmərik…” olub.
Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə bir müddət xəstəxanada yatan sənətkar 2006-ci il oktyabr ayının 4-də 74 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.06.2026)


