Qafiyələri yek olan şair Featured

 

Sərtyel,

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu gözətçisi

 

İndi şeir yazmaq dəbdir. Sosial media günümüzə daxil olandan sonra özün yaz, özün dərc elə, özün də like qoy. Dost-tanışları da tağ elə ki, haqqında dürlü-dürlü sözlər yazsınlar. Hər şey o qədər asanlaşıb ki.

Şeirlər də hamısı bir-birinin oxşarı. Əksəriyyət də klassiklərdən, məşhurlardan plagiat, yaxud onlara nəzirə. Amma mən sizə bir şairi təqdim edəcəyəm ki, onun məziyyətləri var, belə ki, o, digər şairlərdən tamamən fərqlənir.

Eldost Tamxeyil oğlu Sübhanverdiyevdən danışıram. Onunla geniş müsahibəni və şeirlərindən nümunələri sizə tezliklə təqdim edəcəyəm. İndi isə ilk tanışlıqda onun digərlərindən fərqini söyləyirəm: Eldost müəllimdəki qafiyələr ulu Nizamidən tutmuş hazırkı Ramiz Rövşənə qədər hələ heç kəsdə təkrarlanmayıb. Eldst müəllim əmindir ki, elə tək bu, onun adını ədəbiyyat tarixinə əbədi yazdıracaq bir detaldır.

İndi isə onun öz dostuna, metal alveri ilə məşğul  olan Səməndər Tusiyə yazdığı şeirini diqqətinizə çatdırıram.

 

Ay Səməndər, ay Səməndər

Uşaqlıq dostum Səməndər Tusinin 80 illik yubileyinə

 

Gəldi növbəti yubiley

Biz kosmosuq, sən Qaliley.

Alım sənə Moment kley,

Ay Səməndər, ay Səməndər.

 

Lion udar, yoxsa Soşo?

Yaxşı deyib hindus Oşo,

Həyat yaxşı, jizn xoroşo,

Ay Səməndər, ay Səməndər!

 

Baxmazsan heç vıruçkaya.

Hey gedərsən tolkuçkaya.

Sən bir dağsan, bizsə qaya,

Ay Səməndər, ay Səməndər!

 

Sənin işin metal, dəmir,

Pul qazan, kababdan gəmir,

Sənə heyrandır ves mir,

Ay Səməndər, ay Səməndər!

 

Eldost sənə hey deyər tost,

Feyzbukda hey yazar post.

Aramızda vardır bir most,

Ay Səməndər, ay Səməndər!

 

Göydə uçur ağappaq qu,

Yanıyca da uçur bir TU

Sənə həppi böz dey tu yu,

Ay Səməndər, ay Səməndər!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.