“Maraqlı söhbətlər”də Malbaş Dadaşın aqibəti Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu gün “Maraqlı söhbətlər” rubrikamda ötən əsrin tanınmış şairi, yazıçısı,  ədəbiyyatşünası və tərcüməçisi Əliabbas Müznibin 1918-ci illə bağlı bir xatirəsini təqdim edirəm. Xatırladım ki, bolşevik-daşnak istilasından sonra Nuru Paşa başda olmaqla türklər gəlib azərbaycanlıları xilas etdikləri dönəmdən söhbət gedir.

 

Türklər Maştağanı götürən kimi (1918-ci il), məni hərbi komendantlığa çağırdılar və minbaşı Tofiq bəyə katib təyin etdilər. Tofiq bəy tapşırdı ki, mənə xəbər verməmiş heç kimi kabinetə buraxma.

Xunxar məhəlləli qoçu, başkəsən Malbaş Dadaş komendantdlığa gəlib, birbaşa zabitin kabinetinə yönəldi. Mən qabağa yeriyib xahiş etdim ki, qoy özünə xəbər verim, sonra gir içəri. Malbaş qışqıra-qışqıra məni söydü.

Bu vaxt Tofiq bəy özü qapını açıb, biz olan otağa keçdi:

"Yahu, Şu nə qeyli-qal?!" deyə Malbaşa acıqlandı. Mən fikirləşdim ki, türk zabiti gəldi-gedərdir. Malbaş isə kənddə qalacaq, mənə divan tutar. Vəziyyəti yüngülləşdirmək üçün astadan dedim:

"Tofiq bəy, Şu zat qoçudur...

Tofiq bəy tünd-tünd ona baxdı, dönüb məndən, təəccüblə xəbər aldı:

 "Qoçu? Yahu, bu nə biçim Şey?"

Başa saldım ki, qoçu güclü, qolu-zorba adama deyirlər, kimi istəsə haqq-nahaq döyər, cəza verər...

Tofiq bəy əlini döşünə vurub dedi:

"O bən. Qoçu bən".

Qapıdakı növbətçini çağırdı: "Çavuş əfəndi, ikişər, subay səslə!"

Çavuş bir anda iki əsgər çağırdı. Tofiq bəy barmağı ilə Malbaşı göstərib əmr etdi: "Şu pəzəvǝng hərifin sırtına hərəniz qırx zopa endirərsiniz, bən gediyorum, varmasam, bən qayıdana qədər davam edərsiz”.

Çavuş arxadan Malbaşı qucaqlayaraq quş kimi qaldırdı, otaqdan çıxardı. Malbaş ha vurnuxdu, ha qol-qıç atdı, heç nə hasil olmadı. Naxır bulağı meydanının ortasında Malbaşın paltarını soyundurub, üzüqoylu yerə sərdilər. Əsgərlər növbə ilə zopalamağa başladılar. Malbaşın bağırtısı, yalan olmasın, Nardaranda eşidilirdi. Huşunu itirdi, qanı axa-axa cicimə uzadıb evinə apardılar.

Türklər Bakıdan gedəndən bir il sonra da yaralarına təpitmə, məlhəm qoyurdular, yenə sağalmırdı.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.