Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu dəfə sizə bir ingilis əhvalatını danışacağam. İngiliskər and-aman eləyirlər ki, bu əhvalat həqiqətən baş veribdir.
Bir dəfə bağban saçını qaydaya salmaq üçün bərbərin yanına gəlir. Bərbər işini bitirdikdən sonra bağban borcunu ödəmək istədikdə bərbər deyir: “Hesabı ödəmək lazım deyil. Bu həftə mən hər kəsə pulsuz xidmət göstərirəm”. Bağban təşəkkür edərək gedir. Növbəti gün bərbər işə gəldikdə qapının önündə təşəkkür məktubu və 12 qızılgül olduğunu görür.
Bu gün isə çörəkçi saçını vurdurmaq üçün bərbərin yanına gəlir. O da sonda hesabı ödəmək istədikdə eyni – “Hesabı ödəmək lazım deyil. Bu həftə mən hər kəsə pulsuz xidmət göstərirəm” cümləsi ilə qarşılaşır. Çörəkçi də təşəkkür edərək gedir. Bərbər növbəti səhər işə gəldikdə qapının önündə minnətdarlıq ifadəsi olan məktub və 12 şirniyyat görür.
Növbəti gün senator bərbərin qonağı olur. Sonda bərbər yenə pul ala bilməyəcəyini və bu həftə pulsuz xidmət göstərdiyini bildirir. Senator sevinir və gedir.
Növbəti gün bərbər işə gəldikdə qapının önündə 12 senator, 10 deputat, 15 məsləhətçi, mer və bir neçə nazir, merin həyat yoldaşı və 6 övladını görür. Onların hər biri pulsuz xidmət görmək üçün bərbəri gözləyirdilər.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)


