Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
HƏMİŞƏ CİDDİ OLMAQ OLMAZ
Yaxud DOST ZARAFATLARI
Yusif Səmədoğlu ilə Qahirəyə yazıçılar toplantısına getmişdik.
– Yusif, sabah tezdən durmalıyıq. Piramidalara aparacaqlar. Gedəcəksən?
– Əlbəttə Aaanari, Misirə gələsən, piramidaları görməyəsən?
Səhər tezdən Yusifin qapısını döyürəm:
– Yusif, dur, gedirik.
– Hara?
– Piramidalara baxmağa.
– Əşşi, kinoda görmüşük də… Sən get, mənə də danışarsan.
***
Yusiflə Ankaraya yolumuz düşmüşdü. Dostumuz İrfan Nəsrəddinoğlu bizə hoteldə nömrələr bron eləmişdi. Xarici hotellərin qaydalarına o vaxtlar nabələd idik.
Nömrələrimizdəki mini-barlardan doyunca istifadə etdik. Hoteldən ayrılarkən, demə, bütün bu xərclər hesablanıbmış. Xeyli para ödəməli olduq, Yusif elə ordaca ürəyini şeirlə boşaltdı.
Ankaraya gəlmişik,
Mini-bardan içmişik,
Evin tikilsin, İrfan,
Yaman günə düşmüşük.
Mən o vaxtlar fotoaparatı düzgün işlətməyi, maqnitofona yazı yazmağı bacarmırdım, heç avtomobillərin markalarını da ayıra bilmirdim. Yusif “Sənin heç zajiqalkadan da başın çıxmır” deyərdi.
***
Bir gün Vaqif bizə bir az dəm gəlmişdi. Gördüm halı özündə deyil, dedim: uzan, özünə gəl. Çarpayıma elə geyinikli, ayaqqabılı uzandı. Zemfira ona: Heç olmasa çəkmələrini çıxar, – dedi. Cavab verdi ki, təmizdilər, Həzrət Abbas haqqı, elə bu gün sildirmişəm.
“Ədəbiyyat və incəsənət”
(08.12.2025)


