ANAR, “Yusifin gecələri” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

HƏMİŞƏ CİDDİ OLMAQ OLMAZ

Yaxud DOST ZARAFATLARI

 

Yusif Səmədoğlu yaradıcılıqla adətən gecələr məşğul olurdu. Gecənin gec saatlarına qədər yazır-pozur, mütaliə edir, ya musiqi dinləyirdi. Yatanda da telefonu şəbəkədən çıxarırdı ki, tezdən zəng edib onu oyatmasınlar. “Səhər erkən ancaq xoruzlar oyanar” deyirdi. Bir gecə yadından çıxıb telefonu açıq qoyub. Yusifi şəxsən tanıyanlar bilir ki, o, danışanda bir az tutulurdu. Demə, onu təngə gətirən müəlliflərdən biri də danışanda eynən Yusif kimi tutulurmuş. Bəli, səhər erkən telefon zəng çalır. Yuxulu Yusif “Bəli” cavabını verməli olur. Telefondan uzun zaman səs gəlmir, sonra tutula-tutula: “Yuusif müüüəlllim, məənəm” sözləri eşidilir.

Yusifin dərhal yadına düşür: “Aarxayın ol, – deyir, bu günlərdə jurnalda çaaaap olunacaq”. – “Yooox eee”. – “Deeedim də, bu yaaaxında”. – “Yooox, Yuusif müəəllim”. – “Hə, nəəədi?” – “Zəəng etdim təəşşəkkür edim, bir həəəftədi juuuurnaaal çıxıb”.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.