Ələmdarın ət dükanı və aparıcı partiya üzvləri – YUMORESKA Featured

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Ələmdarı Abşeronda məmə yeyəndən pəpə deyənə qədər hər kəs Qəssab Ələmdar kimi tanıyır. Oğlu Ələmşah isə 11-cidə əla qiymətlərlə oxuyur, ingilis dilini və kompüteri əla bilir, üstəlik, tez-tez yaxşı ideyalar irəli sürür deyə ona da Kreativ Ələmşah deyirlər.

Əlqərəz, Qəssab Ələmdar bələdiyyədən qanun-kamalla rüsumunu ödəyib yer alaraq bir qəssab dükanı ərsəyə gətirir. Açılış gününə də oğlu kreativ bir ideya irəli sürür:

-Ata, ət dükanımızı tanıtmaq üçün gəl açılışa kreativ bir aksiya keçirək. Kimin adında ət sonluğu varsa ona bir kilo ət hədiyyə edək. Kəndimizdə uzağı 7-8 belə adam ola, ya olmaya. 7-8 kilo ətin ziyanı bir şey deyil. Amma əvəzində bu aksiya sosial mediada gündəm olacaq və ət dükanımız məşhurlaşacaq, müştərilər axınla gələcəklər. Sən də zümzümə edəcəksən ki, “əti bizdən alın, razı qalın”.

Ələmdar əlbəəl ağıllı oğluyla razılaşır və açılışa bir gün qalmış oğul öz facebook hesabında belə bir elan verir:

“Yeni açılan “Ələmdar ənd Ələmşah kompani” ət məhsullarının satışı şirkəti açılışa özəl bir aksiya keçirir: Kimin adında ƏT sonluğu varsa, ona 1 kiloqram ət hədiyyə olunur”.

Açılışa üç iri dana kəsən Ələmdar və oğlu, ailənin digər üzvləri lenti kəsib, şarları partladıb qonaq-qaranı, alıcıları qarşılamağa başlayırlar.

Bu dəm şəxsiyyət vəsiqəsini təqdim edərək 1 kilo ət payını götürən ƏT-lər də yavaş-yavaş sıra əmələ gətirməyə başlayırlar.

Kişilərdən:

ƏdalƏT

RüfƏT

MərifƏT

DəyanƏT

SurƏT

CövdƏT

DamƏT

RasƏT

FirqƏT

MədƏT

MəhəbbƏT

TəlƏT

SücaƏT...

 

Qadınlardan:

LətafƏT

ŞəfaqƏT

MəlahƏT

SədaqƏT

SəltənƏT

MətanƏT

AfƏT

KifayƏT...

 

Hər adda da 2-3 nəfər. Sən demə, qonşu kəndlərə də hay düşüb, bütün ƏT-lər dükana axışırmış. Ələmdar bu axını görüb narazı-narazı oğluna baxır. Oğlu da günahkarcasına çiyinlərini çəkir.

Az keçmiş başı çalmalı 2 ərəb gəlir, Osman ibn Qalib bin CurƏT, Xalifi ibn Öməri bin AyƏT də ətlərini götürüb gedirlər, iranlı Ağayi MöhübbƏT də ət payını gəlib aparır, nigeriyalı qaradərili Usman Connatla bir xeyli söz güləşdirməli olurlar, axırda əcnəbi sübut edir ki, Nigeriyanın Urtu tayfasında adlar at sonluğu ilə yazılsa da ət sonluğu ilə tələffüz edilir.

Biçarə zənciyə 1 kilo da yox, cəmi 645 qram ət çatır. 355 əskik gələn qramı da sabah çatdıracaqlarına söz verərək ata və bala 542 kilo havayı ət paylayıb təqribən 8 min manat ziyana düşməkliyin acısı ilə dükanı bağlayıb evə yollanırlar.

Gecə ilan vuran yatır, Ələmdar yata bilmir. ƏT-lərin daha qurtardığına əminliklə səhəri gün bankdan kredit götürüb daha 2 dana almaq, əsl alver etmək düşüncəsi ilə biçarə qəssab azacıq rahatlıq tapır.

Səhər işiqlaşanda ata-bala dükana yollanırlar, dükana çathaçatda təqribən 200 nəfərin qapının ağzında durduğunu görəndə matları-kutları quruyur.

Ələmdar qorxa-qorxa soruşur:

-Qardaşlar, sizə nə lazımdır?

Panamalı, kostyumlu, qalstuklu, eynəkli bir ahıl kişi irəli çıxıb deyir:

-Ələmdar müəllim. Biz ölkənin ən perspektivli, inkişafa meyilli Vəhdət partiyasının nümayəndələriyik. Xalqla hakimiyyətin vəhdətinə çalışanlarıq. Həm ölkənin inkişaf proqramına dəstək dururuq, həm də vətəndaşların düzgün, ədalərli olmasını kontrol edirik. Partiyamızın nizamnaməsində yazılıb ki, partiyanın adı həm də hər bir iştirakçının adıdır. Partiyanın 71 min üzvündən yaxın ərazilərdə yaşayanlar – tam 269 nəfər bura gəlmişik. Qalanlarının da əmanətlərini çatdıracağıq.

Ələmdar bir şey anlamayıb key-key baxanda çoxbilmiş oğlu onu agah edir:

-Ay ata, aksiyaya görə gəliblər dayna, 71 min nəfər VəhdƏT!

Bunu eşitcək Qəssab Ələmdar gözləri kəlləsinə çıxmış halda “neçə, yetmiş bir min?” deyibən ürəyini tutur, ildırım vurmuş kimi tir-tap yerə gəlir.

Panamalı, kostyumlu, qalstuklu, eynəkli ahıl kişinin “İstehlakçını aldatmaq dəb düşüb, söz verdin, eləmədin? Biz bununla mübarizə aparırıq. Əminik ki, siz də sözünüzün üstündəsiniz” sözlərinin fonunda Kreativ Ələmşahın qışqırıq səsi ucalır:

-Təcili Tibbi Yardım çağırın!!!

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.