Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir məşhur pritça var, müəllifi məlum deyil. Bu pritça çox tərbiyəvidir, min illər əvvəllər yaradılsa belə günümüzdə çox aktualdır. Xüsusən gənc nəslin onu oxuması və nəticə çıxarması, düşünürəm ki vacibdir.
Beləliklə, “Kəsikquyruq tülkü” pritçası.
Bir gün bir tülkünün quyruğu qaya arasında sıxışır və o, çarəsiz qalaraq quyruğunu kəsməli olur.
Bir müddət sonra başqa bir tülkü onu bu vəziyyətdə görəndə soruşur:
— Niyə quyruğunu kəsmisən?
Quyruğu qopmuş tülkü cavab verir:
— Belə daha xoşbəxt hiss edirəm özümü. O qədər xoşbəxtəm ki, sevincimdən havalara uçuram!
Bu sözlərdən təsirlənən digər tülkü də quyruğunu kəsir. Lakin xoşbəxtlik əvəzinə şiddətli bir ağrı hiss edir. Dərhal əvvəlki tülkünün yanına gəlib deyir:
— Niyə mənə yalan danışdın? Mən xoşbəxt olmaq əvəzinə dəhşətli ağrı çəkirəm!
Quyruğu qopmuş tülkü isə belə cavab verir:
— Əgər sənə ağrı çəkdiyimi desəydim, quyruğunu kəsməzdin və mənimlə lağ edərdin. İndi isə sən də eyni vəziyyətdəsən. Amma əgər sən də bu ağrını digər tülkülərə desən, onlar heç vaxt quyruqlarını kəsməz, bizə lağ edərlər, bizə gülərlər.
Bundan sonra bu iki tülkü digər tülkülərə guya yaşadıqları "xoşbəxtlik"dən uzun-uzadı danışırlar. Elə gözəl danışırlar ki, bir çox tülkü bunlara aldanıb quyruğunu kəsir.
Zamanla quyruqsuz tülkülərin sayı artır və onlar çoxluğa çevrilirlər. Bu dəfə də quyruğu olanlarla lağ etməyə başlayırlar.
***
Bax belə bir pritça.
İnsanlar bəzən öz anormallıqlarını normal göstərməyə çalışar, fərqli olanları da özlərinə bənzətməyə, hətta daha pis vəziyyətə salmağa səy göstərərlər. Cəmiyyətdə əxlaqsızlığın, pisliyin və normal olmayan halların "normallaşmasının" əsas səbəbi də məhz budur.
Öz əxlaqsızlıqlarını və səhvlərini "doğru" kimi göstərərək ətrafını da eyni hala salmaq istəyən quyruğu qopmuş tülkülər, sizin doğrularınızla lağ edər, sizi də özləri kimi etmək üçün çalışarlar.
Buna görə də ayıq-sayıq lmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)