LEYLİ VƏ MƏCNUN – müasir interpretasiyada Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Hadisələr vaqeə oldu günümüzdə. Əməkdaşımız Qoşqara Məcnun bir namə göndərdi ki, bəs, qadan alım, neynirsən elə, amma bu naməmi Leyliyə çatdır. Leylinin müasirləşməsi, yəni qoyma kiprikdə, linzalı gözdə, silikon dodaqdakı hazırkı halı Məcnunu bərk narahat edibmiş.

Bu üzdən Leyli də Məcnuna məktub yazıb onu Haruna göndəribmiş ki, başına dönüm, bu məktubu Məcnuna çatdır. Beləcə, hər iki məktub eyni vaxtda Qoşqara çatmışdı. Qoşqar səhra ilə gah bu, gah o biri səmtə getmək istəmiş, duruxub qalmışdı.

Gerisi bu yazıda.

 

Harun səhrada Qoşqarla rastlaşıb, onun əlindəki kağızları nəzakətsiz şəkildə əlindən aldı. Kağızlar saralmış, kənarları bir az yanmışdı. Sanki kiminsə əlindən alov keçib. Məktubların qoxusunda nəmişlik yox idi, susuzluq vardı. O açıb oxudu. Məcnun yazırdı. Və Harun oxuduqca… içində bir şey qırıldı.

 Məcnun sevgiyə güvənirdi, ona görə yazırdı. Amma eyni zamanda inciyirdi, dözə bilmirdi, dəyişimi qəbul edə bilmirdi. Qorxurdu, sevdiyinin artıq onu xatırlamamasından. Və Harun bunu oxuyarkən bir şeyi anladı. Məcnun sevməkdən çox xatırlamağa çalışırdı. Onun sevgisi canlı deyil, arxivlik idi. 

 

Sonra Harun Leylinin məktubunu gördü. Zərfi açmadı. Bir an dayandı. İçində “bunu oxumağa haqqım varmı?” sualı gəldi… Amma sonra bir şey dedi, “Bu artıq sevgi deyil, tarixdir.” Və tarix, oxunmalıdır. Leyli yazırdı. Göz yaşının tərkibində ənlik, dolğu, linza vardı. Amma o göz yaşı yenə də göz yaşının özüdür. Leyli dəyişmişdi, amma sevgi onu dəyişməz saxlamaq üçün çağırırdı. O isə çağırışa cavab vermək istəsə də, çox gec idi. Və Harun məktubları yerə qoyub, səssizcə pıçıltı ilə dedi:

“İkiniz də eyni şeyi itirmisiniz. Amma ikiniz də elə düşünürsünüz ki, qarşı tərəf dəyişdi.”

O an Harun bir qərara gəldi. Bu məktubları heçkimə verməyəcəkdi. Çünki məktubun məqsədi artıq çatmaq deyildi. Məqsəd, çatmadan oxunmaq idi.

 Bəlkə də, zamanı geriyə çəkə bilsəydi, hətta Harun Leyliyə çatmalı olan məktuba əlavə edərdi:

 

"Harun yazır..

   Leyli...

 Məcnunun yazdığı məktub əlimə keçdi. Çünki mən, Qoşqarı tanıyıram. Səhra Qeysi yox, sadəcə adını dəyişib. Hələ də safdır, hələ də təəccüblənir. Hələ də suallara cavab tapmağa çalışır. Məcnunun yazdıqları bir adamın təəssüfü deyil, artıq bir çox kişinin içindəki sükutun səssiz qışqırığıdır. 

 Bu Məcnun səni tanımayıb əvvəl. Çünki səni sənə oxşatmayan bir dəyişimin içindəsən. Əlində mikrofon, əynində bədənini qəlib kimi göstərən parıltılı parçalar... Amma itən səsin deyil, itən sənsən. Çünki gözəllik, dəyişməkdə deyil, qorumaqda gizlidir. Məcnun yazır ki, dodaqlarındakı dolğu dəvəyə bənzəyir. Sənsə bu sətirləri oxuyanda yəqin incimiş olacaqsan. Amma unutma ki, əvvəl səni sevən göz, indi səni tanımır. İnciklikdən əvvəl bir az güzgüyə bax. Qarşındakı güzgüyə yox, ruhundakına.

 

Bu nə mübarizədir ki, qadın öz bədənini oyuncağa çevirir, ağrını gözəlliyə qurban verir, amma içi boşalır? Sən indi seçilirsən, bəyənilirsən, izlənirsən amma sevilmirsən. Çünki sevgi bir dəfə gəlir, o da öz halınla olduğunda. Qəbilədəki o sakit qız, indi səhnədə qışqıraraq səsini sübut etməyə çalışır. Amma sevgini sübut etməzlər, Leyli. Sevgi görünməz, duyular. Sən indi görünürsən, amma duyulmursan artıq. Məcnun “hamınız eynisiniz” deyəndə, bəlkə bir az kobud danışır. Amma sən də anlamalısan ki, biz kişilər qadınlarda fərqlilik axtarırıq, Fərqlilik, çünki sevmək üçün birini seçmək lazımdır, bir “tip”i yox. Ənliklə, kirşanla, linzayla, dolğuyla tikilmiş gözəllik, qurulmuş səhnədir. Orda rol oynayarsan, amma yaşaya bilməzsən.

Məcnun sənə görə can verəcəkdi. İndi isə canı çıxır. Axı o səni tapa bilmir. Bax, mən buna yanıram.

Əgər bu məktub, Məcnunun kağızına yazılıb sənin əlinə çatarsa, bil ki, sən sadəcə bir kişinin yox, bir nəsil kişilərin içindəki Leyli obrazını da dəyişmisən. Və bu dəyişiklik, heç də sənə yaraşmır. Əgər hələ də bir parça o köhnə Leylidən qalıbsa içində, o səssiz, utancaq amma gözlərilə danışan qızdan, onda özünə qayıt. Çünki bu yolun sonu səhnənin sonundakı tənha pərdələrdir. Səni qınamaq üçün deyil, səni qurtarmaq üçün yazıram.

Səni yenidən xatırlamaq üçün...

 

Harun- sevgi hekayələrinə inanmayan, amma sevginin içində yaşayan səhranın kənarındakı adam"

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.