“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə türkiyəli professor Musa Kazım Arıcanın Azərbaycana olan səfəri barədə yol qeydləri təqdim edilir.
Azərbaycan türkcəsinə uyğunlaşdırma: Professor Rəsmiyyə Sabir
Prof. Musa Kazım ARICAN
XARIBÜLBÜLÜN KÖLGƏSİNDƏ SÖZÜN YURDU
Ankaradan Bakıya, Qazaxdan Ağdama və Şuşaya - Bir səyahət gündəliyi
Bir yol fəlsəfəsi
Bəzi səfərlər bir şəhərdən digər şəhərə getmək üçün edilmir. İnsan zahirən yolları, hava limanlarını, sərhədləri və dağ aşırımlarını keçir, lakin əslində, öz yaddaşının dərinliklərinə doğru yol gedir. Bəzən bir uçuş iki paytaxt arasındakı məsafəni qət etməkdən daha çox, iki tarixi təcrübəni eyni düşüncədə qovuşdurmaqdır. Bəzən isə bir avtomobil yolu təkcə coğrafiyanı deyil, əsrlər boyu bir-birini səsləyən sözləri, nəğmələri, ağrıları və ümidləri də bir-birinə bağlayır.
15 iyul 2026-cı il, çərşənbə günü Əsənboğa Hava Limanından havaya qalxan təyyarə bizi Ankaradan Bakıya apararkən təqvimdə adi bir yay gününün tarixi yazılmamışdı. Türkiyənin yaxın tarixinin ən ağır, ən ürəkdağlayan, eyni zamanda isə ən mənalı gecələrindən birinin - 15 İyul hadisələrinin onuncu ildönümündə Türk dünyasının başqa bir əziz diyarına doğru yola çıxmışıq.
Təyyarə yüksəldikcə Ankara kiçilir, şəhər yolları və binaları ilə birlikdə yer üzünün xətlərinə qarışırdı. Ancaq elə tarixlər var ki, insan onlardan uzaqlaşdıqca, kiçilməz. Əksinə, onlar insanın düşüncəsində daha da böyüyər.
15 İyul yalnız qarşısı alınmış bir dövlət çevrilişi cəhdinin adı deyil. Həmin gecə vətənin mücərrəd bir anlayış yox, lazım gəldikdə insanın öz canı bahasına qoruduğu mənəvi bir əmanət olduğu yenidən sübuta yetirildi. Meydanlara axışan insanların ortaq iradəsində dövlətlə millət arasındakı bağın təkcə hüquqi mətnlərlə deyil, həm də fədakarlıqla qurulduğu aydın şəkildə göründü.
Təyyarə Ankaradan havaya qalxarkən düşüncələrimdə həmin gecə Türkiyə meydanlarında təzahür edən milli iradə ilə Qarabağın dağlarında illərlə yaşadılan Vətən həsrəti arasında görünməz, lakin son dərəcə güclü bir bağ yaranmışdı.
İki fərqli tarix, iki fərqli mübarizə və iki fərqli coğrafiya eyni kökdə birləşirdi: Vətəni, sadəcə, mülk deyil, qorunması vacib olan müqəddəs bir əmanət kimi dərk etmək şüuru.
Çünki Vətən yalnız üzərində yaşadığımız torpaq deyil. Vətən uğrunda əvəz ödənilmiş xatirədir. Vətən torpağa qovuşanların adını unutmamaq əxlaqıdır. Vətən keçmişin ağrılarını gələcəyin məsuliyyətinə çevirən iradədir.
Bir millətin varlığını davam etdirməsi təkcə onun hərbi gücü, iqtisadi imkanları və ya malik olduğu dövlət institutları ilə izah edilə bilməz. Millətlər özləri haqqında danışdıqları həqiqi hekayələrlə yaşayırlar. Onlar şəhidlərini, ağrılarını, qəhrəmanlıq dastanlarını və mənəvi dəyərlərini nə qədər yaşadır və xatırlayırlarsa, gələcəyə də bir o qədər inamla addımlayırlar.
Unutmaq təkcə keçmişi itirmək demək deyil; eyni zamanda gələcəyə istiqamət verəcək mənanı da itirməkdir. Bir millət danışmağı dayandıranda deyil, öz hekayəsini anlatmağı dayandıranda kiçilməyə başlayır.
Təyyarədə yanımda Türkiyə Yazarlar Birliyinin başqanı, professor Muhammet Enes Kala əyləşmişdi. Birlikdə çıxdığımız bu səfər, sadəcə, rəsmi bir proqramda iştirakdan ibarət deyildi. Bu, sözün, şeirin və qardaşlığın ortaq coğrafiyasında həyata keçirilən mədəni bir yürüş idi.
Türkiyə Yazarlar Birliyinin gənc şairlərlə birlikdə bu proqramda iştirak etməsi, uzun illərdir müdafiə etdiyi dil, ədəbiyyat, milli yaddaş və mədəniyyət idealının təbii davamı idi. Çünki yazar təşkilatlarının vəzifəsi yalnız nəşr olunan kitabları və ədəbi simaları gündəmdə saxlamaqdan ibarət deyil. Əsas vəzifə dili millətin ortaq vicdanı kimi qorumaq və gənc nəslin öz sözünü deyə biləcəyi mədəni mühiti formalaşdırmaqdır.
Təyyarənin pəncərəsindən buludların arasından süzülən işığa baxarkən Anadolu ilə Azərbaycan arasındakı məsafənin coğrafiyada ölçülə bilindiyini, könüllərdə isə, demək olar ki, hiss olunmadığını düşündüm.
Elə ölkələr var ki, onlar bir-birinə yalnız sərhədlərlə deyil, sözlərlə qonşudurlar. Türkiyə ilə Azərbaycan arasındakı yaxınlıq da məhz belədir. Biz eyni sözün iki fərqli tələffüzü, eyni türkünün iki ayrı avazı, eyni həsrətin iki sahili kimiyik. Biz ayrı-ayrı çaylar deyil, eyni suyun bir-birini görən iki sahiliyik.
Təxminən, saat 15:30-da Bakıya çatanda bizi təkcə yeni bir şəhər qarşılamadı; doğma bir dil, tanış bir səs və qədim bir qardaşlıq bizi qucaqladı. Xəzərdən əsən külək gətirdiyi sərinlik və duz qoxusu ilə üzümüzə toxunarkən insan özünü yad ölkədə deyil, uzun zamandır görmədiyi qardaşının evində hiss edirdi. Bəzi qarşılanmalar pasport nəzarətindən çox əvvəl, hələ səmada başlayır.
***
Oşdan Şuşaya daşınan məşəl
Bu səfəri mənalı edən cəhətlərdən biri də iştirak etdiyimiz proqramın təsadüfən yaranmış bir tədbir olmaması idi. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə, ənənəvi Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunan “Türk Dünyası Gənc Şairlər Festivalı” bu il ikinci dəfə keçirilirdi.
İlk məşəl ötən il Qırğızıstanın qədim Oş şəhərində alovlandırılmış, bu il isə həmin məşəl “Sözlərin hekayəsi” əsas mövzusu ilə Azərbaycanın mədəniyyət və poeziya paytaxtı Şuşaya gətirilmişdi. Beləliklə, bu proqram birdəfəlik mədəni tədbir olmaqdan çıxaraq, ildən-ilə kök salan bir ənənəyə çevrilmək yolunda ikinci mühüm addımını atırdı.
Bir məşəlin bir şəhərdən digərinə daşınması təkcə təşkilati və ya logistik seçim deyil. Türk dünyasının müxtəlif coğrafiyalarını növbə ilə ev sahibi olmağa dəvət etmək, bu böyük mədəniyyət məkanında heç bir yerin yalnız “mərkəz”, heç bir yerin isə sadəcə “kənar” olmadığını nümayiş etdirən bir iradənin ifadəsidir.
Oşdan Şuşaya uzanan bu yol Türk dünyasının xəritəsini sərhədlər üzərindən deyil, sözün dolaşdığı mənəvi məkan üzərindən yenidən oxumağa çağırırdı.
***
Bakıda ilk dayanacaq
Bakıya gəlişimizdən sonra ilk görüşümüzü Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgünü ziyarətlə başladıq.
Səfirliklər təkcə dövlətlərin rəsmi təmsilçilik məkanları deyil. Bəzən onlar bir ölkənin başqa bir coğrafiyadakı yaddaşı, səsi və könül qapısı olur. Həmin qapıdan içəri daxil olarkən insan rəsmiyyətin hüdudlarını aşaraq daha dərin bir mənsubiyyət hissinin astanasından keçdiyini duyur.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə diplomatiya öz klassik mənasını çoxdan geridə qoyur. Buradakı əlaqələri yalnız siyasi və iqtisadi əməkdaşlıqla izah etmək mümkün deyil. Ortaq tarix, ortaq dil, mədəniyyət və taleyin birliyi rəsmi münasibətlərin altında daha qədim və daha möhkəm bir təməl formalaşdırır.
“Bir millət, iki dövlət” ifadəsi məhz buna görə, sadəcə, ritorik bir şüar deyil. O, tarixi və mədəni həqiqətin qısa, lakin son dərəcə qüvvətli ifadəsidir. Bu prinsip 15 iyun 2021-ci ildə Şuşada imzalanmış tarixi Şuşa Bəyannaməsi ilə rəsmi hüquqi çərçivə də qazanmışdır.
Səfirimizlə görüş zamanı Türk dünyasında universitetlərin, yazarlar təşkilatlarının və mədəniyyət qurumlarının üzərinə düşən məsuliyyətləri ətraflı müzakirə etmək imkanı əldə etdik.
Dövlətlər arasındakı münasibətlər müqavilələrlə möhkəmlənir, xalqlar arasındakı qardaşlıq isə ədəbiyyat, incəsənət, təhsil və insanlar arasında qurulan birbaşa ünsiyyət vasitəsilə dərinləşir. Müqavilə imza tələb edir, qardaşlıq isə səbir, zəhmət və zaman.
Məhz buna görə, Vaqif Poeziya Günləri kimi proqramları yalnız mədəni tədbir kimi qiymətləndirmək doğru olmaz. Bu görüşlər Türk dünyasının ortaq yaddaşını və ümumi gələcək təsəvvürünü qidalandıran mühüm mədəni platformalardır.
Bir şeir festivalında çiyin-çiyinə dayanan gənclər, bəlkə də, həmin anda fərqinə varmadan gələcəyin mədəni diplomatiyasını formalaşdırırlar. Bu gün eyni səhnədə şeir səsləndirən gənc şairlər sabah ölkələri arasında könül körpüləri salacaq qələm sahiblərinə çevrilə bilərlər.
Bakıda baş tutan ilk görüş səfərin ümumi məna çərçivəsini də müəyyənləşdirdi. Qarşıdakı günlərdə biz yalnız şeir dinləməyəcək, həm də sözün dövlətlər, şəhərlər, insanlar və nəsillər arasında necə körpü yaratdığına şahid olacaqdıq.
***
Bakıdan Qazaxa: coğrafiyanın içindən yaddaşa
Bakıdan Qazaxa uzanan avtomobil yolu boyunca Azərbaycanın coğrafiyası sanki səhifə-səhifə gözlərimiz önündə açılırdı. Yolun hər iki tərəfində uzanan çöllər, təpələr, kəndlər və uzaqda görünən dağlar torpağın təkcə maddi bir məkan olmadığını bir daha xatırladırdı.
Hər coğrafiya üzərində yaşayan insanın xarakterinə öz möhürünü vurur. Çöl insana səbir öyrədir, dağ dözüm, yol isə gözləməyi. Bəzən bu üç xüsusiyyət eyni insanın ruhunda birləşir.
Qazax Azərbaycan poeziyasının və aşıq sənətinin ən mühüm mərkəzlərindən biridir. Bura, eyni zamanda, Molla Pənah Vaqifin dünyaya göz açdığı yurd yeridir. Vaqif Qazaxın Qıraq Salahlı kəndində doğulmuş, buradan Şuşaya uzanan həyat yolunda həm Qarabağ xanlığının dövlət düşüncəsinin aparıcı simasına, həm də Azərbaycan poeziyasının yenilikçi səsinə çevrilmişdir.
Qazaxa yaxınlaşdıqca onun həyat yolu haqqında düşünürdüm. Bir kənd uşağının mədrəsə təhsili ilə elmə yönəlməsi, ərəb və fars dillərini öyrənməsi, astronomiyadan ədəbiyyata qədər geniş bilik dünyası formalaşdırması və nəhayət, Qarabağ xanlığının baş vəziri zirvəsinə yüksəlməsi yalnız şəxsi uğur hekayəsi deyildi.
Vaqifin həyatı biliyin insanı haradan götürüb haraya apara biləcəyinin tarixi nümunələrindən biridir: kənddə başlayan bir ömrün saraya qədər yüksəlməsinin, oradan isə yenidən xalqın qəlbinə qayıtmasının hekayəsidir.
Lakin onu, həqiqətən, böyük edən xüsusiyyəti sarayda olduqdan sonra xalqdan uzaq düşməməsi idi. O, sarayda dövlət dili ilə danışmış, şeirlərini isə xalqın dili ilə yazmışdır. Böyük siyasi məsələlərlə məşğul olarkən belə, məhəbbətin, təbiətin, insan simasının və gündəlik həyatın poeziyasını yaratmışdır.
Onun şəxsiyyətində kəndlə saray, xalqla ziyalı təbəqə, folklorla klassik poeziya bir-birinə yaxınlaşmışdır. Ayrı görünən iki dünya onun qələmində barışmışdır. Bu səbəbdən Qazaxdan Şuşaya uzanan yol eyni zamanda Vaqifin həyat yoludur.
***
“Şairlər bağı”nda bir axşam
16 iyul axşamı Qazaxdakı proqram “Şairlər bağı”nda, Molla Pənah Vaqifin abidəsi önündə başladı. Günəşin qürubunun işığı abidənin və ətrafdakı ağacların üzərinə düşərkən hiss edirdim ki, tarix bəzən bir məkanda elə sıxlaşır ki, sanki ona toxunmaq mümkün olur.
Açılış mərasiminin məhz burada keçirilməsi təsadüfi deyildi. Çünki Vaqifin poeziyası yalnız ədəbi irs deyil, Azərbaycan türkcəsinin xalqla qurduğu səmimi bağlılığın rəmzidir. Onun şeirlərindəki aydınlıq, danışıq dilini poeziyaya gətirməsi və həyatın konkret gözəlliklərini ön plana çıxarması Azərbaycan ədəbiyyatında mühüm bir dönüş yaratmışdır.
Barat Vüsalın aparıcılığı ilə keçirilən proqramda İlqar Fəhmi, Mustafa Rasimoğlu və Saqif Qaratorpağın çıxışları Qazaxın ədəbi yaddaşını və Vaqifin poeziya ənənəsində tutduğu yeri yenidən diqqət mərkəzinə gətirdi. Ardınca aşıqlar və sənət adamları səhnəyə çıxdılar.
Aşıq Samir Cəlaloğlu, Aşıq Vüqar Kamandaroğlu və Ramal Balacanovun ifaları sözün yazıya çevrilməzdən əvvəlki canlı həyatını yenidən xatırladırdı.
Aşıq təkcə şeir söyləyən insan deyil. O, yaddaşı yaşadan, yaşanmışları sözə çevirən və cəmiyyətin ortaq duyğularına səs verən sənətkardır. Sazın tellərində yalnız musiqi deyil, köçlərin, ayrılıqların, sevgilərin, savaşların və qovuşmaların da səsi yaşayır.
Bir aşığı dinləyərkən, poeziyanın niyə əvvəlcə şifahi sənət olduğunu daha dərindən anlayırsan. Yazı sözü yaddaşa həkk edir, səs isə ona ruh bəxş edir. Misra kitab səhifəsində məna daşıyır, aşığın dilində isə nəfəsə, intonasiyaya, zamana və xatirəyə çevrilir.
Qazax gecəsində dinlədiyimiz hər bir avaz Türk dünyasının müxtəlif guşələrində yaşayan ortaq söz damarına bağlanırdı. Anadoludakı aşıqla Qarabağdakı aşıq adları və ifa üslubları fərqli olsa da, eyni böyük ənənənin davamçılarıdır.
Qarsdan Ərzuruma, Sivasdan Qazaxa, Təbrizdən Şuşaya qədər uzanan bu xətt siyasi sərhədlərin fövqündə yaşayan, xəritələrin isə bütövlükdə əks etdirə bilmədiyi böyük bir mədəniyyət coğrafiyasıdır.
Həmin gecə Qazaxda bir daha hiss etdim ki, sözün vətənini sərhədlərlə müəyyən etmək mümkün deyil.
***
Şuşaya doğru
Şuşaya doğru yol almaq təkcə yüksəkliklərə doğru irəliləmək deyildi. Biz tarixin daha sıx, xatirələrin isə daha ağır olduğu bir məkana yaxınlaşırdıq.
Qarabağın dağ yollarında coğrafiya sərtləşdikcə, mənzərə daha da əzəmətli görünür, insanın daxilindəki sükut isə dərinləşirdi. Elə bil hər döngə əvvəlkindən daha ağır məna daşıyan yeni bir cümləyə açılırdı.
Bəzi şəhərlər düzənlikdə genişlənir, bəziləri isə dağın çiynində bir iradə kimi ucalır. Şuşa məhz ikinci qəbildəndir.
Onun mövqeyi təkcə coğrafi xüsusiyyət deyil. Sıldırım qayalar və dərin uçurumlar üzərində salınmış bu şəhər tarix boyu həm müdafiə əzminin, həm də mədəni yüksəlişin rəmzi olmuşdur. Pənahəli xanın qurduğu qala-şəhər qısa müddətdə Qarabağ xanlığının siyasi mərkəzinə, daha sonra isə poeziyanın, musiqinin, düşüncənin və incəsənətin misilsiz inkişaf etdiyi bir mədəniyyət ocağına çevrilmişdir.
Şuşanın tarixini oxumaq yalnız müharibələri, mühasirələri və siyasi dəyişiklikləri izləmək demək deyil. Əsl heyrət doğuran məqam belə sərt tarixi şəraitdə bu qədər incə və zərif sənət aləminin formalaşmasıdır.
İnsan istər-istəməz özündən soruşur: “Daim təhlükə altında yaşamış bir şəhər necə bu qədər şair, bəstəkar, xanəndə, rəssam və mütəfəkkir yetişdirə bilmişdir?”
Bəlkə də, cavab elə bu kövrəklik hissində gizlidir. Həyatın faniliyini dərindən dərk edən cəmiyyətlər gözəlliyi daha böyük həssaslıqla qoruyurlar. Ölümün yaxın hiss edildiyi yerdə şeir dəbdəbəyə deyil, varlığın ehtiyacına çevrilir. Müharibənin kölgəsində yüksələn musiqi əyləncə deyil, insan olaraq qalmağın yoludur.
İnsan bəzən nəyisə itirməmək üçün deyil, özünü unutmamaq üçün oxuyur. Şuşa daşın sərtliyi ilə sözün zərifliyinin qovuşduğu şəhərdir.
***
Otuz illik həsrət, qırx dörd günlük mübarizə
Şuşanın qapılarından içəri daxil olmazdan əvvəl onu bugünkü simasına qovuşduran yaxın tarixə nəzər salmaq lazımdır. Çünki bu şəhəri yalnız daşları, çiçəkləri və şairləri ilə anlatmaq onun hekayəsini yarımçıq qoymaq deməkdir.
1992-ci ilin yazında Şuşanın işğal olunması təkcə bir torpaq sahəsinin əldən çıxması deyildi. Bütöv bir mədəniyyət şəhəri susdurulmuş, məscidləri, abidələri, evləri və meydanları uzun sürən bir sükuta məhkum edilmişdi. Qarabağdan didərgin düşən insanlar üçün bu, yalnız yurd itkisi deyil, uşaqlığın, qonşuluğun və gündəlik həyatın bütün xatirələrinin geridə qalması demək idi.
Lakin otuz ilə yaxın davam edən bu ayrılıq geri qayıdış inamını söndürə bilmədi. 2020-ci ilin payızında baş vermiş qırx dörd günlük Vətən müharibəsi təkcə işğal altındakı torpaqların azad olunması anlamını daşımırdı. Bu, sarsılmış qürurun, sınaqdan çıxmış qardaşlığın və illərlə yaşadılmış ümidin yenidən dirçəlişi idi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi yalnız Qarabağ üçün deyil, uzun illər doğma yurduna qayıtmağı gözləyən insanlar üçün də tarixi dönüş nöqtəsinə çevrildi. Ardınca 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” prinsipini rəsmi sənəddə təsbit etdi. Şuşanın Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri kimi ön plana çıxarılması isə bu şəhərin təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq irsi kimi qəbul olunmasını daha da möhkəmləndirdi.
Bu gün Şuşa küçələrində addımlayarkən insan sanki uzun sürən sükutla qırx dörd günlük mübarizə arasında qalan məsafəni addım-addım qət etdiyini hiss edir.
Qala daşdan tikilmiş olsa da, onun daşıdığı hekayə ətə-qana bürünmüş səbir və dözüm tarixidir.
***
Şuşaya ilk baxış
Şuşa qalasına çatanda insanın diqqətini ilk növbədə daş divarlar, qala sədləri və dağ mənzərəsi cəlb edir. Lakin bir qədər sonra görünənlərin arxasındakı mənalar tədricən aydınlaşmağa başlayır.
Gündüz çəkilmiş bir fotoda arxa planda yüksələn qala və qırmızı rənglə yazılmış “Şuşa” sözü ilk baxışda adi bir səyahət xatirəsi təsiri bağışlayır. Ancaq diqqətlə baxdıqda aydın olur ki, bu tikili, sadəcə, qala deyil. Hər daşında əsrlər boyu davam etmiş müdafiələrin, mühasirələrin, ayrılıqların və qayıdışların izi yaşayır.
Daş səssizcə tarixdən bəhs edir.
Axşam düşəndə isə həmin qala tamam başqa bir ruh qazanır. Qaranlıqda işıqlandırılan divarlar, üzərində dalğalanan Azərbaycan bayrağı və ön plandakı xarıbülbül çiçəkləri yaddaşın estetik bir təcəssümünə çevrilir.
Xarıbülbül Qarabağın, xüsusilə də, Şuşanın ən güclü rəmzlərindən biridir. Bu çiçəyin formasında sanki qanadlarını açmış, boynubükük bir bülbül təsəvvürü yaranır. Şuşa torpağı ilə bağlı söylənən rəvayətlər zaman keçdikcə onu həsrətin, vətən sevgisinin və doğma yurda bağlılığın simvoluna çevirmişdir.
Bir çiçəyin bu qədər dərin tarixi və mənəvi məna daşıması mədəniyyətin təbiətə necə ruh qazandırdığını göstərir.
Xarıbülbül təkcə botanika nümunəsi deyil. O, həsrətin, dözümün, itkinin və yenidən qovuşmağın rəmzidir. Onun zərif görünüşü ilə Şuşanın sərt qayaları arasındakı təzad şəhərin bütün ruhunu ifadə edir: daş qədər möhkəm, çiçək qədər həssas.
Şuşanı yalnız fəth və qələbə dili ilə oxumaq yetərli deyil. Bu şəhər eyni zamanda ayrılıqların, dağıntıların, yarımçıq qalmış talelərin və yenidən qurulan ümidlərin şəhəridir. Bir məkanın həqiqi yaddaşına sahib çıxmaq yalnız öz sevincimizi deyil, orada yaşanmış bütün insani ağrıları da görə bilməyi tələb edir.
Çünki mədəniyyətin ən ali vəzifəsi qələbədən danışarkən insanı unutmamaqdır.
***
Vaqifin hüzurunda
17 iyul səhəri Vaqif Poeziya Günlərinin rəsmi açılışı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində keçirildi. Bir şairin məzarı başında poeziya günlərinin açılış mərasimi keçmişlə bu gün arasında qurula biləcək ən möhkəm körpülərdən biri idi. Məzar insana faniliyi xatırladır, şairin məzarı isə sözün ölməzliyini göstərir.
Vaqifin cismi torpağa tapşırılmış, yaşadığı xanlıq tarixə qovuşmuş, xidmət etdiyi siyasi quruluş məhv olmuşdu. Lakin onun poeziyası əsrlər keçsə də, yaşamaqda davam edir. Bu, şeirin siyasi hakimiyyət qarşısındakı üstünlüyüdür.
Vaqifin yaşadığı dövrdə xanların orduları, xəzinələri və fərmanları vardı. Şairin əlində isə yalnız söz vardı. O gün qüdrətli görünən hakimiyyətlər tarix səhnəsindən çəkildi, amma şairin sözü bu gün də yaşayır. Qılınc paslanır. Həqiqi söz isə paslanmır.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin və TÜRKSOY-un Baş katibi Sultan Raevin çıxışları Vaqifin təkcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Türk dünyasının ortaq mədəni irsində tutduğu mövqeyini bir daha nümayiş etdirdi.
Mərasimin açılışından sonra Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş “Sözün ovçusu - könlüm keçir Qarabağdan” adlı kompozisiya təqdim olundu. Səməd Vurğunun poeziyasında Vətən yalnız üzərində yaşanılan torpaq deyil, insan ruhunu formalaşdıran ilkin varlıqdır. Onun “Azərbaycan” şeirində ifadə olunan mənsubiyyət hissi müasir Azərbaycan ədəbiyyatında vətən anlayışının ən qüdrətli poetik ifadələrindən birinə çevrilmişdir.
Vaqifdən Səməd Vurğuna uzanan xətt göstərir ki, şeirin formaları dəyişsə də, millətin varlıq şüuru dəyişmir. Vaqif xalqın dilini poeziyaya gətirmiş, Səməd Vurğun isə həmin dilin müasir vətən duyğusunu yüksək lirizmlə ifadə etmişdir.
Fərqli əsrlərdə yaşamış bu iki böyük şair eyni mənəvi məşələ nəfəs vermişdir.
***
“Kitab dayanacağı”
Proqram çərçivəsində “Kitab dayanacağı” köşkünün açılışı da məna baxımından olduqca dərin və simvolik idi.
Şəhərlər dağıla bilər. Tikililər viran edilə bilər. Siyasi quruluşlar dəyişə bilər. Lakin kitab bir millətin düşüncəsini və təcrübəsini zamanın fövqünə daşıyan ən etibarlı daşıyıcıdır.
Bir cəmiyyət öz kitablarını, şeirlərini, tarixini və mütəfəkkirlərini yaşatdığı qədər mövcud olur. Bununla yanaşı, kitabın həqiqi dəyəri yalnız rəflərdə durmasında deyil. Oxunmayan kitab qapalı qalmış yaddaşdır. Kitab gənclərlə görüşməli, ictimai həyatın bir hissəsinə çevrilməli, müzakirə olunmalı və hər nəslin baxışı ilə yenidən şərh edilməlidir.
Bir şəhərin yenidən qurulmasında kitabxanaların, kitab köşklərinin, poeziya məclislərinin və sənət ocaqlarının olması məhz buna görə həyati əhəmiyyət daşıyır. Maddi quruculuq mədəni dirçəlişlə tamamlanmadıqda şəhər, sadəcə, binalar toplusu olaraq qalır. Divarları olur, amma səsi olmur.
Şuşanın həqiqi dirçəlişi də yalnız daşlarının bərpası ilə deyil, əsrlər boyu yaşatdığı poeziya, musiqi və fikir yaratmaq qüdrətinin yenidən canlandırılması ilə mümkün olacaqdır.
***
Ağdamda sözün sabahı
17 iyul günortadan sonra Ağdam Muğam Mərkəzində keçirilən “Sözün sabahı - Türk dünyası gənc şairlər festivalı” səfərin ən mənalı dayanacaqlarından biri oldu. Başlıqdakı “sabah” sözü təkcə günün müəyyən vaxtını deyil, yeni bir başlanğıcı ifadə edirdi. Gənc şairlər Türk dünyasının sözünün sabahıdır. Onlar köklü bir irsi qəbul etməklə kifayətlənməməli, onu yeni dövrün dili ilə yenidən yaratmalıdırlar.
Festivalda Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Türkiyə Yazarlar Birliyinin sədri, professor Muhammet Enes Kala və mən çıxış etdik. Qırğızıstan, Özbəkistan və Türkmənistanın Yazıçılar birliklərinin və mədəniyyət qurumlarının nümayəndələrinin iştirakı ilə zal qardaş ölkələrdən yüksələn gənc səslərlə dolmuşdu.
Sultan Raev çıxışında fiziki sərhədlərin poeziyanın və sənətin birləşdirici gücü qarşısında nə qədər zəif olduğunu vurğuladı. O, Yunus Əmrədən Molla Pənah Vaqifə, Abaydan Məhtimquluya qədər uzanan ədəbi irsin Türk dünyasının ən möhkəm mənəvi bağlarından biri olduğunu qeyd etdi. Ötən il Qırğızıstanın Oş şəhərində başlayan festivalın Şuşadakı ikinci dayanacağı ilə artıq davamlı bir ənənəyə çevrilməsi zalda xüsusi həyəcan doğurdu.
Mən çıxışımda Türkiyədən - mənəvi coğrafiyamızın iki böyük sütunu olan Hacı Bayram Vəlinin və Yunus Əmrənin yurdundan Şuşaya könül dolusu salamlar gətirdiyimi söylədim. Bildirdim ki, Türk xalqlarının tarixi müəyyən mənada poeziyanın tarixidir; müharibələr, qələbələr, matəmlər, toylar və el şənlikləri bu coğrafiyada şeirlə yaddaşa həkk olunmuşdur.
Molla Pənah Vaqifi, Nizami Gəncəvini, Şəhriyarı, Bəxtiyar Vahabzadəni, Əhməd Cavadı və Hüseyn Cavidi, eləcə də Qazaxıstandan Qırğızıstana, Özbəkistandan Türkmənistana qədər uzanan geniş coğrafiyanın böyük söz ustalarını xatırladaraq gənc şairlərə belə müraciət etdim:
“İngilis mədəniyyət dünyası Şekspiri davamlı olaraq yenidən oxuyur, yenidən şərh edir və bütün dünyaya tanıdır. Türk dünyasının gəncliyi də öz köklərindəki bu ulu çinarları yenidən kəşf etməli, onları dərindən mənimsəməli və onların yol göstəriciliyi ilə qlobal miqyasda yeni əsərlər yaratmalıdır”.
Şeirin sərhədləri və qitələri aşan gücünü göstərmək üçün yaxın vaxtlarda İngiltərə və Şotlandiyaya etdiyim səfərdən bir xatirəni də gənc şairlərlə bölüşdüm.
Məşhur musiqiçi Erik Kleptonun yaşadığı dərin sevgi ağrısı dövründə ona hədiyyə edilən Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən güclü təsirləndiyi, dünya musiqisinin əfsanəvi nümunələrindən olan “Layla” mahnısının yaranmasında bu qədim hekayənin mühüm ilham mənbəyi olduğu məlumdur. Şərqin əsrlər əvvəl söylədiyi bir sevgi dastanının çox sonralar Qərb sənətkarının ruhunda yenidən səslənməsi həqiqi sözün sərhəd tanımadığını göstərir.
Bu nümunədən çıxış edərək gənc şairlərə dedim ki, yazacaqları şeirlər İngiltərədən Yaponiyaya, Amerikadan Çinə qədər dünyanın müxtəlif guşələrində yaşayan insanların öz ruhlarından bir parça tapa biləcəkləri ümumbəşəri dərinliyə çatmalıdır. Çünki böyük əsər doğulduğu torpağa sədaqətini qoruyaraq bütün bəşəriyyətə səslənə bilən əsərdir.
Türkiyə Yazarlar Birliyinin koordinasiyası ilə ölkəmizi təmsil edən gənc şairlərin bu festivalda iştirak etməsi bizim üçün xüsusi məna daşıyırdı. Gənc bir şairin başqa bir Türk ölkəsində öz ana dilində şeir səsləndirməsi siyasi və mədəni sərhədlərin fövqündə ortaq duyğu məkanı yaradır.
Türk dünyası yalnız tarixi və ya geosiyasi anlayış deyil. Onu gerçək edən ortaq sözlər, xalq mahnıları, dastanlar, ağılar, nağıllar və şeirlərdir.
Birliyi yalnız qurumlar yaratmır. Onu ortaq məna dünyası yaradır. Buna görə də, Gənc Şairlər Festivalı gələcəyə yönəlmiş böyük bir mədəniyyət sərmayəsidir. Eyni səhnədə şeir oxuyan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın gəncləri ortaq ədəbi məkanın ilk təməl daşlarını qoyurlar.
Siyasətin qurduğu bağlar zamanın şərtlərinə görə dəyişə bilər. Sənətin qurduğu bağlar isə insanın qəlbində yaşayır.
***
Ağdam: xarabalıqların içindən yüksələn səs
Ağdama çatanda insan şəhər anlayışı haqqında yenidən düşünməyə başlayır. Çünki bəzi şəhərlər canlılığı ilə, bəziləri isə itirdikləri ilə danışır.
Ağdamın yaxın tarixi müharibənin və dağıntının bir şəhərin taleyində necə dərin izlər buraxa bildiyini göstərir. Belə ağır bir yaddaşın ortasında Muğam Mərkəzində gənc şairlərin şeir oxuması adi bir mədəni tədbir deyildi. Bu, dağıntıya qarşı həyatın, sükuta qarşı sözün və unudulmağa qarşı yaddaşın ifadəsi idi.
Bir şəhər dağılanda yalnız binalar uçmur. Uşaqlıq xatirələri, qonşuluq münasibətləri, küçələrin səsləri, toylar, yaslar, bağçalar, pəncərələr və gündəlik həyatın saysız-hesabsız incə detalları da dağılır.
Buna görə də, yenidənqurma yalnız beton və daş məsələsi deyil. Şəhər yenidən qurularkən onun xatirələri də bərpa edilməlidir.
Ağdam Muğam Mərkəzində poeziyanın və muğamın yüksəlməsi bu baxımdan son dərəcə güclü bir rəmz idi. Muğam Azərbaycan mədəniyyətində insanın bütün ruh halını özündə yaşadan böyük bir səs aləmidir. Sevinc, kədər, ayrılıq, sevgi, qürbət və qovuşma eyni musiqi məqamında bir-birinə qovuşur. Muğamın yenidən səsləndiyi şəhər yalnız bərpa olunmur, həm də öz səsini və yaddaşını yenidən tapır.
“Ədəbiyyat və incəsənət”
(21.10.2026)


