Qərb bölgəsinin arxitektura Etnoturizmi - Gəncə, Göygöl və Daşkəsənin Memarlıq irsi Featured

Nərgiz M.Mustafayeva,

Gəncə Dövlət Universitetinin magistrantı

 

Müasir etnoturizm anlayışı təkcə təbiət kənarları ilə məhdudlaşmır; şəhər və dağ mühitində əsrlərlə formalaşan memarlıq üslubları, yeraltı mühəndislik qurğuları və aristokratik yaşayış mühiti arxitektura etnoturizminin ana xəttini təşkil edir. Azərbaycanın Qərb bölgəsi - Gəncənin bəy malikanələri, “Ay balası” evləri, kəhrizləri, “Gəncə hörgüsü” və karvanxanaları, Göygölün alman etno-memarlıq irsi, Daşkəsənin isə arxaik dağ evləri və alaçıq strukturu ilə bu bölgədə unikal cəlbediciliyə sahibdir.

 

​Gəncə şəhərinin mərkəzində yerləşən tarixi bəy mülkləri Avropa memarlıq üslubları ilə “Gəncə hörgüsü”nün zərif sintezini nümayiş etdirir. Bu malikanələrin etno-muzeylərə, lüks otellərə və zadəgan məişətini nümayiş etdirən mədəniyyət mərkəzlərinə çevrilməsi turistlər üçün elit keçmişə səyahət təcrübəsi yaradır, regiona yüksək gəlirli turist axınını təmin edir. Yerli bələdçilərin müşayiəti ilə təşkil olunan Gəncənin “Məhəllə gəzintiləri” turistləri birbaşa şəhərin canlı icma həyatına inteqrasiya edir və kiçik sahibkarlığa maliyyə dəstəyi olur.

XIX–XX əsrlərə aid naxışlı qırmızı kərpicdən tikilmiş “Ay balası” evləri Gəncənin özünəməxsus şəhər estetikasını əks etdirir. Bu binaların fasad gözəlliyi və adının maraqlı folkloru etno-gəzinti marşrutları, foto-zonalar və canlı turizm hekayələri üçün mükəmməl resursdur.

Qırmızı kərpiclə çaydaşının növbələşməsi ilə tikilmiş şəbəkəli həyət evləri, eləcə də Şah Abbas və Uğurlu Xan karvanxanaları şəhərin ticarət və yaşayış simasıdır. Karvanxana hücrələrinin və bəsti evlərin etno-qonaqlama obyektlərinə çevrilməsi turistə tarixi mühitdə gecələmək imkanı verir, yerli sənətkarlar üçün isə canlı satış bazarı yaradır.

Göygöl şəhərindəki alman kərpic-taxta karkas texnikası ilə tikilmiş ikimərtəbəli, kirəmit damlı və taxta eyvanlı evlər bölgənin fərqli etnik irsini göstərir. Bu evlərin bərpası Qərb bölgəsində multi-kultural turizm dəhlizi yaradır, avropalı turistlərin regiona marağını kəskin artırır. Köhnə alman evlərinin altında yerləşən geniş və sərin tağlı şərab zirzəmiləri və həmin zirzəmilərdə təşkil olunan şərab dequstasiyaları və çəlləkçilik şouları qastronomik etnoturizm gəlirlərini ikiqat artırır.

Daşkəsənin dağ kəndlərində çaydaşı və qaya daşlarından hörülmüş evlər, eləcə də söyüd çubuqlarından qurulub keçə ilə örtülən alaçıqlar ekoloji tikili üslubunun lüks etno-çadır formatında təqdim olunması şəhər səs-küyündən qaçan müasir turistlər üçün unikal təbiətlə ünsiyyət və ekoloji istirahət imkanı təmin edir.

​Qərb bölgəsinin - Gəncənin bəy malikanələri, “Ay balası” evləri və məhəllələrindən başlayan, Göygöl alman evləri və Daşkəsən alaçıqlarına uzanan memarlıq xətti sadəcə tarixi bina toplusu deyil. Hər bir memarlıq abidəsinin düzgün etnoturizm xidmətinə çevrilməsi regionun iqtisadiyyatını gücləndirən və mədəni irsini beynəlxalq miqyasda tanıdan əsas amildir.

 

Qeyd: Məqalə müəllifin etnoturizm sahəsindəki tədqiqatları, regional turizm potensialının təhlili və yerli etnoqrafik mənbələr əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

                                                            

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.