“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Günəşin ilk şəfəqləri Xəzərin sonsuz maviliyinə saçılanda Sumqayıt sahili artıq oyanmışdı, ətrafı ipək kimi sakit idi. Arabir sahilə toxunan ləpələrin səsi təbiətin ən gözəl musiqisini xatırladırdı. Qum dənəciklərinin üstündə gecədən qalan sərinlik hələ çəkilməmişdi. Uzaqdan görünən balıqçı qayığı, qağayıların ahəngdar uçuşu və dənizdən gələn yod qoxusu buraya gələn hər kəsə eyni hissi – nəfəs almağın necə böyük nemət olduğunu yaşadırdı.
Son vaxtlar dəniz sahilində salınmış çimərliklər isə təkcə şəhər sakinlərinin deyil, respublikamızın müxtəlif bölgələrindən gələn insanların da ən çox üz tutduğu istirahət məkanlarındandır. Bir vaxtlar yalnız sənaye şəhəri kimi tanınan Sumqayıt indi abadlaşan bulvarı, yenilənən sahilboyu əraziləri və müasir istirahət imkanları ilə tamam başqa sima qazanıb. Bu dəyişikliklərin ən canlı ünvanlarından biri də məhz yeni açılan çimərliklərdir.
Sahil boyu addımladıqca həyatın müxtəlif rəngləri göz önündə canlanır. Bir tərəfdə dənizə ilk dəfə baş vuran uşağın sevinc dolu qışqırıqları eşidilir, digər tərəfdə illərin dostları kölgəlikdə oturub keçmişdən danışırlar. Bir qədər aralıda gənclər voleybol oynayır, yaşlı bir kişi isə sakitcə oturub üfüqə baxır. Hər kəsin məqsədi fərqlidir, amma hamını birləşdirən ortaq məkan Xəzərin sahilidir.
Həkimlərin də tez-tez vurğuladığı kimi, dəniz havasının insan sağlamlığı üçün faydalı olduğu düşüncəsi buraya gələnlərin əhvalında da hiss olunur. İnsanlar təkcə istirahət etmir, həm də şəhər həyatının yorğunluğunu dənizə həvalə edirlər.
Corat çimərliyinə gələnlərin də sayı artmaqdadır. Bu da səbəbsiz deyil. Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyi tərəfindən cari ildə Novxanı və Coratda hər birinin ərazisi üç hektar olmaqla, ümumilikdə on iki hektar sahəni əhatə edən dörd ictimai çimərlik yaradılıb. Bu ictimai çimərliklərdə istirahət üçün lazımi şərait yaradılıb. Belə ki, burada avtodayanacaqlardan, duş kabinələrdən, sanitar qovşaqlardan, uşaq-əyləncə meydançalarından, futbol və voleybol meydanlarından yararlanmaq ödənişsizdir.
Vətəndaşlar ictimai çimərliklərdə yalnız stol-stul və jezlonq kirayəsi, həmçinin digər xidmətlərə görə ödəniş edəcəklər. Bu barədə məlumatlandırıcı və istiqamətverici lövhələr ictimai çimərlik ərazisində müxtəlif yerlərdə quraşdırılıb.
Əhalinin asudə vaxtının səmərəli təşkili üçün yaradılan bu ictimai çimərliklərdə səliqə-sahmanın, təmizliyin, keyfiyyətli xidmətin davamlı olması daim nəzarətdə saxlanılır.
Onu da vurğulayaq ki, Sumqayıtın Novxanı və Corat sahillərində son illər aparılan abadlıq işləri çimərliklərin görkəmini əhəmiyyətli dərəcədə dəyişib. Dövlət Turizm Agentliyi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə sözügedən çimərliklərdə iməcilik keçirib. Ərazi məişət tullantılarından təmizlənib, geniş abadlıq işləri görülüb.
Gün yüksəldikcə dəniz sahili daha da canlanır. Rəngbərəng çətirlər sahilə xüsusi ahəng verir. Uşaqlar qumdan qalalar tikir, valideynlər onları günəşdən qorumağa çalışırlar. Fotoaparatların və mobil telefonların yaddaşına köçən bu anlar əslində insanların xatirələrində daha dərin iz buraxır.
Həmsöhbət olduğum insanların əksəriyyəti deyir ki, yay mövsümündə istirahət üçün məhz Sumqayıt çimərliklərini seçirlər.
Burada həm dəniz var, həm də bulvar. Ən əsası, özümüzü rahat hiss edirik.
Digər tərəfdən, dənizinsanı doğrudandasakitləşdirir.
Bufikirlərtəsadüfisəslənmir. Çünkidənizininsanruhunatəsirihərzamanxüsusiolub. Axşama doğru çimərliklərin ən gur vaxtı hesab edilir. FHN-nin xilasediciləri müşahidə məntəqələrində diqqətlə ətrafı izləyir, xidmət personalı sahilin təmizliyinə nəzarət edir. Günəş nə qədər yandırıcı olsa da, dənizdən əsən meh istini bir qədər yumşaldır. Sahildə fəaliyyət göstərən kiçik iaşə məntəqələrində sərin içkilər, dondurma və müxtəlif qəlyanaltılar alan insanların növbəsi uzanır.
Ancaq hər mənzərə yalnız gözəllikdən ibarət deyil. Sahildə rast gəlinən bəzi məişət tullantıları, diqqətsiz şəkildə qum üzərində buraxılmış plastik qablar və siqaret kötükləri təbiətin bizə verdiyi nemətə münasibətimiz barədə düşündürür. Ətraf mühitin qorunması təkcə aidiyyəti qurumların deyil, hər bir istirahət edənlərin məsuliyyətidir. Təmiz saxlanılan sahil həm daha gözəl görünür, həm də gələcək nəsillərə ötürüləcək ən qiymətli mirasa çevrilir.
Axşamüstü günəş qərbə əyildikcə çimərliklər tamam başqa rəng alır. Səma narıncı, çəhrayı və bənövşəyi çalarlarla bəzənir. Dənizin səthində yaranan işıq zolaqları sanki rəssam fırçasından çıxmış tablo təsiri bağışlayır. İnsanlar tədricən evlərinə qayıtsalar da, sahil boşalmır. İndi burada romantik gəzintiyə çıxan cütlüklər, uşaqları ilə dondurma yeyən ailələr, günün yorğunluğunu dənizə baxaraq çıxarmaq istəyən insanlar üstünlük təşkil edir.
Qənaətimiz budur ki, çimərliklər təkcə qum, su və günəşdən ibarət məkan deyil. Bu yerlər şəhərin nəfəsi, insanların istirahət ünvanı, ailələrin sevinc yeri, gənclərin görüş nöqtəsi və Xəzərin sonsuz üfüqünə açılan canlı bir pəncərədir.
“Ədəbiyyat və incəsənət”
(05.08.2026)


