Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Qız Qalası ilə bağlı sosial şəbəkələrdə yayılan yeni görüntülər istifadəçilər arasında maraq doğurub. Tarixi abidəni ziyarət edən şəxsin paylaşdığı kadrlarda tikilinin alt hissəsində diqqətçəkən daş konstruksiyanın olduğu iddia edilir. Bildirilir ki, iri həcmli daş iki sütunun üzərində yerləşir və görünüşü baxımından qədim tikilinin giriş hissəsini xatırladır. Paylaşımda səsləndirilən ehtimallara görə, Bakının altında müxtəlif tarixi dövrlərə aid yaşayış qatları və tikililər mövcud ola bilər. Həmçinin qeyd olunur ki, Xəzər dənizinin səviyyəsinin əsrlər ərzində dəyişməsi nəticəsində bəzi ərazilər su altında qalıb, sonradan isə həmin yerlərin üzərində yeni yaşayış məskənləri formalaşıb.
Bu barədə "Ədəbiyyat və İncəsənət" portalına danışan AMEA-nın şöbə müdiri, türkoloq -alim Faiq Ələkbərli bildirib ki, bu günə qədər Qız Qalası ilə bağlı cəmiyyətə təqdim olunan müəyyən yanlış məlumatlar var:
"Təəssüf ki, biz hələ də bu uydurma məlumatlardan uzaqlaşa bilməmişik. Hətta sovet dövründə bu uydurma hadisələr əsasında cizgi filmi çəkilib, balet hazırlanıb. Həmin versiyaya görə, Qız Qalası bir xan tərəfindən inşa olunur, daha sonra xan öz qızına aşiq olur, qız isə buna etiraz edərək özünü qaladan atır. Sonradan da bu hadisə ilə bağlı rəvayət formalaşdırılır. Vaxtilə Cəfər Cabbarlı da bu rəvayət əsasında "Qız Qalası" poemasını yazıb. Lakin bu qala haqqında belə məlumatların yayılması doğru deyil. Çünki İçərişəhərin və Qız Qalasının özünəməxsus tarixi var. Qalanın tarixini yalnız XI-XII əsrlərlə əlaqələndirmək və ya təhrif olunmuş rəvayətlər əsasında onun haqqında fikir yürütmək düzgün deyil. Mənim fikrimcə, bu, Oğuz qalasıdır. Azərbaycanda Oğuzlarla bağlı çoxlu qalalar mövcuddur. Təəssüf ki, həmin qalaların bir qismi sonradan təhrif edilərək "Qız Qalası" kimi təqdim olunub. Halbuki onların memarlıq xüsusiyyətləri və quruluşu Oğuzlarla bağlı olduğunu göstərir".
Türkoloq vurğulayıb ki, bu qala Xəzər dənizində hərəkət edən gəmiləri – istər düşmən, istərsə də dost gəmilərini müşahidə etmək məqsədi daşıyıb:
"Abbasqulu ağa Bakıxanov yazır ki, vaxtilə indiki Xəzər dənizi Kəsiyadan ibarət olub, indiki Xəzərin ortasından Türkmənistana yol uzanıb və at arabalarının izləri də orada olub. Bu fikir mənə daha inandırıcı görünür.
Xəzər dənizində yüzə yaxın ada var və onların böyük əksəriyyətinin adları türklərlə bağlıdır. Bu da Qız Qalasının qədim türk qalalarından biri olduğunu göstərən məqamlardan biridir. Bu faktlar təhrif olunur. Hesab edirəm ki, bu qalanın döyüş və istehkam qalası olduğu ön plana çəkilməlidir. Türk xalqlarına aid olmayan rəvayətlər əsasında ona fərqli məna yüklənməsi doğru deyil. Dənizin səviyyəsi çəkildikcə ortaya çıxan yeni tapıntılar da bu ərazinin Oğuzlar və qədim türklərlə bağlı olduğunu göstərir. Tədqiqatlar məhz bu istiqamətdə aparılmalıdır. Bu halda qala haqqında daha dolğun məlumatlar əldə etmək mümkün olacaq. Qalanın XI-XII əsrlərdə daha çox tanınması Şirvanşahlar dövrü ilə bağlıdır. Lakin xanın öz qızına aşiq olması ilə bağlı rəvayət tarixi fakt deyil. Bu cür yanlış yanaşmaların elmi araşdırmalarla aradan qaldırılması vacibdir".
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)


