Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu günkü söhbətimiz ürəkağrıdan bir söhbət olacaq. Sizə izi-tozu qalmayan Mərdinli məscidi barəsində danışacağam.
Mərdinli məscidi Şuşa şəhərinin tarixi məhəllə məscidlərindən biri idi. O, XIX əsrdə Şuşanın Mərdinli məhəlləsində inşa edilmiş və şəhərin dini-memarlıq irsinin mühüm nümunələrindən sayılırdı. Məscid Azərbaycan Respublikasının yerli əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilmişdi və inventar nömrəsi 5077 idi.
Şuşa XVIII–XIX əsrlərdə 17 məhəllədən ibarət idi və demək olar ki, hər məhəllənin öz məscidi, bulağı və hamamı vardı. Mərdinli məscidi də həmin məhəllə məscidlərindən biri idi. O, Mərdinli məhəlləsində, indiki Sadıqcan küçəsi ətrafında yerləşirdi və XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərən 17 məsciddən biri hesab olunurdu.
Memarlıq baxımından Mərdinli məscidi Şuşanın digər məhəllə məscidlərinə bənzəyirdi. Tikili yerli daş materialından inşa edilmiş, sadə, lakin zərif memarlıq üslubuna malik idi. Məhəllə sakinlərinin ibadət yeri olmaqla yanaşı, dini və ictimai toplantılar üçün də istifadə edilirdi.
1992-ci ildə Şuşanın erməni faşizmi tərərindən işğalından sonra məscid baxımsız qaldı və ciddi dağıntılara məruz qaldı. Sonradan tikili tamamilə dağıdıldı və bu gün onun hətta xarabalıqları belə qalmayıb.
Mərdinli məscidi Şuşanın zəngin dini-mədəni irsinin bir hissəsi idi. Bu məscid, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Seyidli, Mamayı və Hacı Yusifli məscidləri ilə birlikdə şəhərin əsrlər boyu formalaşmış memarlıq simasının ayrılmaz tərkib hissəsini təşkil edirdi.
Klassiklərimizin gözəl əsəsri var, “Bəlkə də qaytardılar”.
Biz də ümid edirik ki, bəlkə də Mərdinli məscidi bir gün bərpa olunacaq.
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)


