İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ərazisində Kurqanlar (Tunc dövrü) Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr) və digər ölkə və yerli əhəmiyyətli abidələrin mövcud olduğu qədim Kərimli (keçmiş Vardanlı) kəndi Oğuz rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km. aralı, Alazan-Əyriçay çökəkliyində yerləşir. Eyni adlı İnzibati Ərazi Vahidliyinin mərkəzidir.
Tarixi mənbələr burada çox qədimdən əksəriyyəti türklər olmaqla müxtəlif xalqların nümayəndələrinin yaşadığını göstərir. Bunu ərazidəki ancaq türklərə aid olan “kurqanlar çölü”nün olması da sübut edir. Görkəmli arxeloq S.Qazıyev deyirdi ki, bir vaxtlar bu kənddə 300-dən çox ziyarət yeri olub. 1824-cü il kameral təsvirinə görə kənd Xaçmaz mahalına aid edilib və həmin dövrdə burada 182 həyətdə 466 nəfəri kişi, 387 nəfəri qadın olmaqla 853 nəfər yaşayıb.
Mənbələr göstərir ki, qədimdə kəndin adı “Vardan” olmuşdur. Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV-XV əsrlərdə yaşamış Mahmud Xnaluqinin “XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri” (səh:17) adlı əlyazmasında da kəndin adı belə göstərilir.
XIX əsrin əvvələrindən isə adın həm Vardanı(i), həm də Vardanlı kimi işləndiyini görürük. 1819 və 1824-cü illərə aid kameral təsvirlərdə də belə görünür. XIX əsrin sonlarından isə əsasən Vardanlı kimi işlənmişdir.
Bəziləri “Vardanlı” sözünün mənasını "varlı-dənli, barlı-bərəkətli yer" kimi açıqlayırlar. Bizcə, bu xalq etimologiyası kimi qiymətləndirilməlidir və tam elmi izah hesab edilə biməz.
Bəzi hay-daşnak saytlarında isə kəndin adının ermənicə olması iddia edilir. Qətiyyətlə bildiririk ki, “Vardanlı” toponiminin ermənicə olmasının iddia edilməsinin heç bir elmi əsası yoxdur. Bədnam haylar bilməlidirlər ki, indi sahibləndikləri Qərbi Azərbaycanın Pəmbək mahalında da vaxtı ilə ancaq azərbaycanlıların yaşadığı “Vardanlı” adlı kənd olub. (A.Bayramov və Y.Bayramova: “ Ağbaba, Şöreyel, Pəmbək və ona yaxın olan bölgələrin mikrotoponimləri”, "Zəka Print" MMC, Bakı-2024, səh: 11)
Vardanlı kəndinin adı antropotoponim (şəxs adından yaranmış oykonim) olub, Vard(t)an şəxs adından yaranmışdır. Burada vaxtı ilə Vartaşen toponimi barədə yazdıqlarımızdan çox kiçik bir hissəni təkrar edirik: “Vardan adını eşidib diksinməyin. Heç nə siz fikirləşdiyiniz kimi deyil. Bu ad bəzilərinizin düşündüyü kimi, nə erməni, nə də udi adı deyil, çox qədim türk mənşəli adlardan biridir. Həm də çox yayğın və məşhur türk adlarından biridir. Tarixi türk coğrafiyasında çox rast gəlinir, türk boyları arasında sevilir, cəsur, qorxmaz və güclü anlamları daşıyır. Albaniyada da geniş yayılıbmış, udilərin arasında da məşhur olub”. Tarixdən bir zamanlar (IV əsrdə) Bizan imperatorluğunda üsyana təçəbbüs edən türk mənşəli Türk Vartan (Bardanes Tourkos) adlı bir zabitin olduğu da məlumdur.
Tarixçi, etnoqraf, tarix elmləri doktoru, professor Q.Qeybullayev “Qədim türklər və Ermənistan” adlı əsərində (Azərnəşir, Bakı-1992, səh:91-93) qeyd edir ki, ermənilərin özlərinki hesab etdikləri “…Artavaz, Vasak, Samuel, Manvel, Amayak, Vaqan, Vard, Vaçe...,o cümlədən də Vart(d)an adlı sərkərdələrin adları türk mənşəlidir. Onlar Çin Türküstanından gələrək III əsrdən indiki Ermənistan (eləcə də Gürcüstan) ərazilərində yaşamağa başlamış, azərbaycanlıların etnogenezində böyük rol oynamış Çin (sonralar Cin/Cinni adlandırılmışlar, kitaylarla da səhv salmayın) adlı qədim türkdilli və türkəsilli tayfadan olublar...Onlar IV əsrin əvvəllərində xristianlığı qəbul etmişdilər. IV əsrdən VIII əsrin sonlarına (774 – 775-ci illərə) qədər bütün erməni sparapetləri – ordu başçıları nəsilliklə bu türk tayfasından çıxmışdır...
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, MM-in deputatı Əziz Ələkbərli də müsahibələrinin birində Varaz, Vardan, Vasak adlarını türk adları hesab edir. (https://femida.az/az/news/46650/%60Erm%C9 %99nil%C9%99r-t%C3%BCrk-%C9%99silli-mill%C9%99tdir%60---Az%C9%99rbaycanl%C4%B1-t%C9% 99dqiqat%C3%A7%C4%B1)
M.İrəvanlının “Erməni xisləti” adlı məqaləsindən (“Hürrüyyət” qəzeti, 26 oktyabr 2021-ci il) belə məlum olur ki, bu tayfanın nümayəndələri Albaniyada da məskunlaşmışlar. Hazırda da Azərbaycanın Ağdam və Göranboy rayonlarında, həmçinin Cənubi Azərbaycanda Cinli adlı bir neçə kəndin olması da bunun sübutu sayıla bilər.
VIII əsrin 70-ci illərində Ərəb xilafəti İslam dininə qarşı çıxan cinlilərin nəslini qırdırmışdı. Bu nəsildən sağ qalanlar səpələnərək gizlində yaşamağa başlamışdılar. Bəziləri qədim Albaniya ərazilərinə (o cümlədən Qarabağa) köçmüşlər. Yerdə qalanlar isə xristian dininə qulluq etdiklərinə görə ermənilərə (gürcülərə) qarışaraq etnik özünəməxsusluqlarını itirmiş, erməniləşmiş və gürcüləşmişlər. Xristian qıpçaq türkləri kimi.
Q.Cəbiyev “Girdiman tarixi (IV-IX əsrlər)” (“Şərq-Qərb”, Bakı-2010, səh:95) əsərində göstərir ki, Oğuz rayonu ərazisindəki Vardanlı kəndi çox ehtimal ki, Mehranilər sülaləsinin tanınmış nümayəndəsi olan Cəsur Vardanın adını daşıyır. O yazır: “... Fikrimizcə, «Vardanlı» toponimi Vardanın kəndi, Vardanın mülkü mənasını bildirir”.
Tədqiqatçılar haqqında söhbət gedən Vardanın Mehranilər sülaləsinin banisi Mehranın nəticəsi və Cavanşirin ulu babası olduğu qənaətindədirlər. Akademik Z.Bünyadovun rəyinə görə, Vardanın hakimiyyət illəri təqribən 570-ci illərə təsadüf edir. Deməli, Vardanlı (Kərimli) kəndinin tarixi ən azı V-VI (bəlkə də daha əvvəlki) əsrlərdən başlayır. Və bu kənd qədim Albaniyanın iri yaşayış məskənlərindən biri olub.
Vardanlı adının yaranması barədə bir neçə fikir var. Bəziləri bu sözü quruluşca mürəkkəb hesab edib, türk sözləri “var” və ”tan”/”dan” (dan yeri) sözlərindən yarandığını, “ucada duran”, “tanrının yaratdığı”, “tanrıdan var olan” mənasını daşıdığını bildirirlər.
Yazılı mənbələrin birində isə "Vartan" sözünün türk dillərindəki "Art" (yəni çoxal) sözünün üzərinə "-an" şəkilçisinin əlavəsi ilə yaradıldığı göstərilir, sözün əvvəlinə əlavə edilmiş “v” samitinin isə proteza hadisəsi olduğu qeyd edilir. T→D səsdəyişməsi sayılır. Filologiya üzrə fəlsəfə doktoru Ə.Ələkbərli və E.Qaraqoyunlu “Türk mənşəli erməni soyadları” əsərində (“Qaya”, Bakı-2016, səh: 452) yazırlar ki, “...saitlə başlanan sözlərin əvvəlinə “V” samitinin əlavə olunması bulqar dilinə də xas bir əlamət olmuşdur və Azərbaycanda bulqar türklərinin məskunlaşması ilə əlaqədar buradakı toponimlərdə də belə dil hadisələrinə tez-tez rast gəlinir. Məsələn: Eti//Veti//Vedi. Keçmiş Vartaşen rayonunun (eləcə də Vardanlı kəndinin – İ.V.) adı da bu yolla düzəlmiş ola bilər”.
Gördüyünüz kimi, sözün kökü quruluşca həm mürəkkəb (var+dan), həm də düzəlmə (V)Art+an) hesab edilir.
Sonrakı tam şəklində söz (Var(t)danlı) kök və leksik (aiddiyyat bildirən) şəkilçidən ibarətdir. Sözün kökünün şəxs adı olduğunu bildik. -lı şəkilçisi isə türk mənşəli qədim şəkilçidir. Xivəli Əbülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” əsərindən aydın olur ki, hələ vaxtı ilə Oğuz xanın 6 oğlundan dünyaya gələn törəmələrinin bəzilərinin adları da dördvariantlı –lı4 şəkilçiləri ilə işlənmiş və Turbatlı, Kəraylı, Sultanlı, Oklı, Kokli, Suçlı və s. olmuşdur.
Beləliklə, hazırkı Oğuz rayonunun ərazisində vaxtı ilə mövcud olmuş “Vartaşen” toponimi kimi, “Vardanlı” toponimi də qədim və türk mənşəli “Vard(t)an” şəxs adı əsasında formalaşıb.
1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral tarixli, 54-XII saylı Qərarı ilə kəndin adı dəyişdirilmiş, XIX əsrdə həmin kənddə yaşayıb-yaratmış Mücrim Kərim Vardaninin şərəfinə Kərimli adlandırılmışdır.
“Ədəbiyyat və incəsənət”
(30.01.2026)


