Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
2026-cı ilin yanvarından etibarən Gürcüstana səfər edən hər bir xarici vətəndaş üçün yeni bir qayda qüvvəyə minib: ölkəyə daxil olmaq üçün səyahət sığortası təqdim etmək zəruridir. Bu, yalnız bir sənəd və ya rəsmi tələb deyil; səfəri daha etibarlı, rahat və öncədən düşünülmüş bir təcrübəyə çevirən kiçik, amma mühüm bir qoruyucudur.
Hər səfər, hər yeni şəhərin küçəsi, hər dağın ətəyi, hər qədim məkan özündə gözlənilməz anlar daşıyır. Bəzən bir xəstəlik, bəzən kiçik bir qəza – bu anlar səfəri gözlənilməz və bəzən çətin edə bilər. Elə burada səyahət sığortası bir növ görünməz qanad kimi yardım edir; səfər edənlərin addımlarını qoruyur, onları maddi və mənəvi narahatlıqlardan azad edir.
Turistlərin, tələbələrin və işgüzar səfərlərin iştirakçıları üçün bu qoruyucu qanadın əhəmiyyəti fərqlidir: bəziləri üçün bir günlük şəhər gəzintisi, bəziləri üçün isə uzunmüddətli təhsil və ya iş təcrübəsi. Hər halda, səyahət sığortası olmadan, yeni yerlərin cazibəsi bəzən narahatlıq və risklərlə qarışa bilər.
Sığorta, yalnız hüquqi bir tələb deyil; səfərin incə ritmini, küçələrin musiqisini, dağların sakit nəfəsini və şəhərlərin rəngini qoruyan bir vasitədir. Gürcüstana gedən hər bir addım artıq bir planlaşdırma, bir diqqət və bir qorunma ilə birgə yaşanmalıdır ki, səfər yalnız gözləntilərlə deyil, həm də rahatlıq və təhlükəsizliklə dolu olsun.
Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən Sığorta eksperti Şahin İsmayılov bildirib ki, 1 yanvar 2026 il tarixdən etibarən, Gürcüstana səfər edən bütün xarici ölkə vətəndaşları sağlamlıq və bədbəxt hadisələrdən sığorta polisi ilə təmin olunmalırdırlar:
"Bu kimi tələb yalnız şengen ölkələrinə səyahət zamanı mütləq idi. Bu ildən etibarən belə bir məcburiyyət Gürcüstan höküməti tərəfindən də bir zərurət kimi irəli sürüldü".
Ekspert belə bir tələbin olmasının ölkəmizin vətəndaşları üçün hansı müsbət və mənfi şərtləri yaratdığını qeyd edib:
"Səyahət sığortası ölkə ərazisini tərk edən hər bir vətəndaş üçün vacibdir və həyati əhəmiyyət kəsb edir. Məlum məsələdir ki, öz ölkəsindən kənarda olan vətəndaşlar üçün tibbi xidmət qiymətləri çox bahadır və vətəndaş xarici ölkədə olduğu zaman tibbi yardıma ehtiyac yaranarsa ( hər hansı bir səbəbdən) bu halda həmin şəxs böyük məbləğ, gözlənilməz xərclərlə üzbəüz qala bilər. Bu kimi hallarda sağlamlıq sığortasının olması həmin şəxsi əlavə maddi itkilərdən qoruyur. Təəssüf ki, Azərbaycan vətəndaşları ölkədən gedərkən sağlamlıq sığortası almağa maraqlı olmadıqları üçün, qonşu dövlətin belə tələb irəli sürməsi, vətəndaşlarımız arasında ciddi narazılıqla qarşılandı. Turizm məqsədli gedişlərdə bu elə də böyük xərc tələb etmir. Ancaq araşdırmalarımız ortaya çıxartdı ki, bir çox Azərbaycan vətəndaşları Gürcüstana təhsil almağa gedirlər və bir illik sığorta müqaviləsi olmalıdır, bu halda vətəndaşımızın narazılığı hardasa başa düşüləndir. Çünki bir illik sığorta qiyməti olduqca yüksəkdir. Digər tərəfdən Gürcüstana işləmək məqsədi ilə gedənlər də kifayət qədərdir. Onlar da uzun müddətli sığorta məhsulu olmadan, qonşu dövlətin ərazisində yerləşə bilməzlər. Sığorta məhsulunun olmamasına görə cərimənin məbləği də az deyil və 200 lari təşkil edir. Digər tərəfdən cavabını bilmədiyimiz bir çox suallar da var. Yanvar ayından əvvəl Gürcüstanda olan vıtəndaşlarımız sığorta almalıdırlarmı? Məlum deyil".
Ekspertin sözlərinə görə, əgər almalıdırlarsa, onlar Gürcüstanı tərk etmədən, online olaraq bizim sığorta şirkətlərinin məhsullarını ala bilərlərmi?- bunun Cavabı hələ də məlum deyil:
"Məncə sığorta şirkətlərimiz yaranmış vəziyyətdə operativlik göstərərək, müəyyən açıqlamalar versələr, yerinə düşər. Bakı hava limanında sığortası olmayan vətəndaşlar Tibilisi reysinə buraxılmırlar. Bundan xəbərsiz olan vətəndaş artıq aeroportda bu məlumatı aldıqda çətin vəziyyətə düçür. Bu barədə mətbuatda açıqlama verilməlidir.
Amma istənilən halda hər bir vətəndaş mütləq qaydada səyahətə gedərkən sağlamlıq sığortası əldə etməli və xarici ölkədə zərurət yarandıqda, xidmətdən istifadə etməlidirlər.
Onu da qeyd edim ki, Gürcüstan tərəfin təlıbinə əsasən sığorta müqaviləsi 30.000 lari təminatı əhatə etməlidir. Vətındaşlar sığorta müqaviləsi alarkən, bu məsələyə diqqət yetirməlidirlər".
“Ədəbiyyat və incəsənət”
(28.01.2026)


