“Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı son açıqlamalarında vurğuladığı təhlükəsizlik, infrastruktur, xidmət keyfiyyəti və regional potensial məsələləri turizm sektorunda uzun illərdir gözlənilən strateji yanaşmanı əks etdirir. Dövlət başçısının “turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür” fikri yalnız rəqəmsal hədəf deyil, eyni zamanda özəl sektor üçün aydın çağırışdır.”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a açıqlamasında “Avola Travel” şirkətinin direktoru, Skal International beynəlxalq turizm təşkilatının üzvü İbrahim Qəfərov bildirib.
Onun sözlərinə görə, Prezidentin müsahibəsində diqqət çəkən bir neçə əsas istiqamət var ki, bunlar beynəlxalq turizm təcrübəsi ilə tam uzlaşır. O qeyd edib ki, hədəflərin reallaşması üçün bir sıra praktik məsələlərin həlli də vacibdir.
“Turizm və hotelçilik sahəsində kadr hazırlığının daha da gücləndirilməsinə ehtiyac var. Otellər və turizm şirkətlərində daxili təlim proqramları tətbiq edilsə də, sahə üzrə vahid standartların formalaşdırılması vacibdir. Beynəlxalq sertifikatlaşdırma sistemlərinin təşviqi, turizm kollecləri ilə özəl sektor arasında daha sıx əməkdaşlıq bu istiqamətdə faydalı ola bilər”, - deyə o bildirib.
Bakı və əsas turizm mərkəzlərində (Qəbələ, Şəki, Lənkəran) inkişaf dinamikasının nəzərə çarpdığını söyləyən İbrahim Qəfərov diqqətə çatdırıb ki, bununla belə, yeni turizm istiqamətlərinin genişlənməsi üçün infrastruktur və xidmət obyektlərinin paralel şəkildə inkişafı önəmlidir: “Prezidentin qeyd etdiyi Zəngilan, Kəlbəcər, İstisu kimi ərazilərdə yol, elektrik, su kimi baza infrastrukturu ilə yanaşı, mehmanxana, restoran və nəqliyyat xidmətlərinin mərhələli şəkildə formalaşdırılması tələb olunur. Bu istiqamətdə özəl sektorun marağı var, dövlət dəstəyi və aydın tənzimləmə mexanizmləri isə prosesi sürətləndirə bilər”.
İ.Qəfərov əlavə edib ki, onlayn rezervasiya sistemləri, rəqəmsal ödəniş imkanları, eləcə də sosial media marketinqi hələ də arzuolunan səviyyədə deyil: “Dünya turizm bazarında rəqabət aparmaq üçün bu istiqamətlərdə daha sistemli və ardıcıl addımlar atılmalıdır”.
O qeyd edib ki, Skal Internationalın beynəlxalq şəbəkəsindən istifadə etməklə Azərbaycan turizm mütəxəssislərinin qlobal platformalarla əlaqələndirilməsi, beynəlxalq standartlarla tanış olması istiqamətində aktiv işlər görür: “Son bir ildə keçirilən görüşlərdə 30-dan çox sahə nümayəndəsi iştirak edib və bu formatın davam etdirilməsini istəyirlər”.
İ.Qəfərov əlavə edib ki, turizm şirkətlərinin rəhbərləri ilə birgə regionlara kəşfiyyat xarakterli səfərlər də təşkil olunur. Məqsəd yeni turizm marşrutlarını müəyyənləşdirmək və infrastruktur ehtiyaclarını yerində öyrənməkdir. Son olaraq isə Şuşa, Laçın və Kəlbəcər istiqamətində belə səfər reallaşdırılıb.
Müsahibin sözlərinə görə, Prezidentin 5-6 milyon turist hədəfi sistemli işin nəticəsi kimi dəyərləndirilməlidir və özəl sektorun bu prosesdə məsuliyyəti böyükdür. O, prioritetləri belə sıralayıb: xidmət keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, beynəlxalq standartlara uyğunlaşma (sertifikatlaşdırma, təlim, innovasiya), həmçinin Azərbaycanın turizm gücləndirilməsi.
“Dövlətin siyasi iradəsi və Prezidentin aydın strategiyası ölkəmizə turizmdə tarixi imkan yaradır. Mən şəxsi təcrübəm və beynəlxalq şəbəkəmlə bu strategiyanın həyata keçirilməsinə töhfə verməyə hazıram. Düzgün koordinasiya və məsuliyyətli yanaşma ilə Azərbaycan yaxın illərdə regionun aparıcı turizm mərkəzlərindən birinə çevrilə bilər”, – deyə İbrahim Qəfərov vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(16.01.2026)


