Xalxal toponimi barədə nə bilirik? Featured

 

 

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalı

 

Tarixi mənbələr göstərir ki, “Xalxal” toponimi Azərbaycan Respublikasında, həmçinin Cənubi və Qərbi Azərbaycanda geniş yayılmışdır. “Xalxal” isimli nəinki kənd, hətta qədim şəhər, meşə, çay, dağ, bulaq, qala adları da olub, bəziləri indi də var.

 

“Xalxal” adlı belə kəndlərdən biri də Oğuz (keçmiş Vartaşen) rayonundadır. Bu kənd rayon mərkəzindən 15 km. şimal-şərqdə, Ərmənət kəndinin qərbində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal İnzibati Ərazi Dairəsinin mərkəzidir. Xalxal  kəndinin yaxınlığından həm də eyni adlı çay da keçir. (Xalxaldan 5 km cənubda, Xalxalçayın sol sahilində Xalxalqışlaq adlı başqa kiçik bir kənd də vardır.)  

 V əsrdə erməni cöğrafiyaçılarının əsərlərində də adı çəkilən bu kənd çox qədim tarixə malikdir. Vaxtı ilə M.Kalankatuklu tərəfindən Xalxalın   alban çarlarının iqamətgahı olduğu bildirilmişdi. Toponimin  təkrar hecalarla (qar+qar=xal+xal) düzəlməyi də onun qədimliyini sübut edir. 1824-cü il kameral təsvirinə görə kənddə 220 ev olub, əhalinin sayı isə 987 nəfər təşkil edib.

Xalxal toponiminin yaranması və formalaşması barədə xeyli mülahizə və fikirlər söylənilmişir. Biz həmin fikir və mülahizələri yazıb Sizləri yormaq istəmirik. Ona görə də birbaşa, həm də mümkün qədər qısa şəkildə öz fikrimizi söyləyəcəyik.

Bizcə, “Xalxal” etnotoponimdir. Bu oykonim qədim türk tayfalarından biri olan qarqar etnonimi əsasında yaranmışdır. Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim, ən böyük, geniş ərazilərdə yaşayan və Azərbaycan xalqının etnogenizinin formalaşmasında böyük rolu olan tayfalarından hesab edirlər. Tədqiqatçıların bir qrupu onları türk dilli, digər qrupu isə Qafqazdilli hesab edirlər. Tədqiqatçı Kamilla Trever qarqarların e.ə. III əsrdə Qafqaz dağlarında məskunlaşdığını, sonra dağlardan Qarabağ düzünə yayıldığını göstərir. Tədqiqatçılar M.Zehtabi və M.Ismayılov da qarqarların miladdan qabaq IV-II yüzilliklərdə Qafqaz dağlarının ətəklərində məskunlaşdığını qeyd edirlər. 

Filologiya üzrə fəlsəfə doktoru S.Sadıqova “Qərbi Azərbaycan ərzisindəki etnotoponimlər” adlı məqaləsində yazır ki, “...Qarqarlar miladdan qabaq IV-II yüzilliklərdə Qafqaz dağlarının ətəklərində, sonrakı dövrlərdə isə həm də Qarabağ düzənliklərində məskunlaşmışlar. Lakin sonradan onların məskunlaşdığı ərazilər genişlənmişdir. Çünki Qarqar etnonimi və onun fonetik variantları olan Karkar, Xarxar, Xalxal, Xerxer, Herher, Qerqer, Gərgər etnonimlərinin arealı çox böyükdür”.

Araşdırmaçılar Qafqaz Albaniyasında qarqarların üç bölgədə yaşadıqlarını göstərirlər: 1. Qarabağda, 2. Albaniyanın Şimal-Şərq bölgəsində, 3. Albaniyanın Şimal-Qərb bölgəsində

Oğuzun ərazisi də (Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ ilə birlikdə)  sonuncu bölgəyə – Şimal-Qərb bölgəsinə daxildir.  Rayonunun qərb qonşusu Şəkinin “Qarqarlar ölkəsi” (V.Areveltsinin əlyazmaları-XIII əsr) adlandırılması, şərq qonşusu Qəbələdə Qarqar etnonimini əks etdirən “Qaraqar” (Xarxar) xarabalığının aşkar olunması indiki Oğuz ərazisində də qarqarların yaşadıqlarını sübut etmək üçün kifayətdir, bizcə. Necə ola bilər sağında və solundakı iki böyük bölgədə qarqarlar yaşayıb, ortada qalan kiçik bir bölgədə yaşamayıb!?

Qarqar etnoniminin əks olunduğu ərazidəki Xalxal toponimi özü qarqarların Oğuz bölgəsində də yaşadığını göstərir. Çünki Xalxal elə “Qarqar”ın təhrif olunmuş formasıdır.

Filologiya elmləri doktoru, professor H.Mirzəyev göstərir ki, dil və tarixi faktlara əsasən demək olar ki, nəinki XarXar (Qaraqar), hətta Xalxal  toponimi də mənşə etibarı ilə qarqar etnonimi ilə bu və ya digər cəhətdən, az və ya çox dərəcədə bağlıdır. Coğrafiya elmləri doktoru, professor N.Məmmədov, filologiya üzrə fəlsəfə doktoru S.Sadıqova və digərləri də  Karkar, Xarxar, Xerxer, Herher, Qerqer, Gərgər etnonimləri ilə yanaşı Xalxal etnonimini də “qarqar”ın fonetik variantı hesab edirlər. Başqa bir sıra tədqiqatçılar da Xalxal toponiminin Azərbaycanın Alban vilayətindəki qədim qarqar tayfa adının qismən təhrif olunmuş variantını özündə əks etdirdiyini bildirirlər. (N.Məmmədov, K.Səmədova və b.)  Qədim mixi yazılarda Qarqar sözünün Xarxar kimi yazılması da bunu sübut edə bilər.  

 Ə. Siyablı özünün “Türküstan” qəzetində (30 sentyabr-06 oktyabr 2025) çap olunmuş “Dünya tarixinin turan dövrü” məqaləsində yazır: “...Mixi mətnlərində qarqar adının Xarxar şəklində də yazılması bu etnonimin Azərbaycanda çox yayğın olan Xalxal adı ilə də eyniyyət təşkil etdiyini və adın yazılışındakı fərqliliyin ancaq R-L əvəzlənməsi ilə baş verdiyi yəqindir”.

Bir daha qeyd edirik ki, Xalxal oykonimi qarqar etnonimi əsasında yaranmışdır. Və bu, bizim şəxsi qənaətimizdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.