Cəlilabadda maraqlı və nadir tarixi tapıntı... Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" Mətbu Orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Son illər ərzində Cəlilabad rayonu ərazisində olduqca maraqlı bir tapıntı tapılmışdır. Həmin tarixi tapıntı, eyni halda maddi-mədəniyyət nümunəsi Cəlilabad rayonunun Eçara kəndində yerləşən qədim məzarlıqdadır. Təsbit edilmiş qəzim məzar daşının üzərində həzrət Davudun (ə) ulduzu kimi tanınan altıguşəli simvol həkk olunmuş, həm də bununla yanaşı ərəb əlifbası ilə yazılar müşahidə olunur.

 

Daşın üzərindəki yazıların çox qədim zamanlara aid olduğunu söyləmək olar. Əlbəttə, daş üzərində mamırların yarandığına görə hələlik ərəb əlifbası ilə yazılmış yazıları dəqiqləşdirmək mümkün olmamışdır. Kənd sakinlərinin söylədiyinə görə, orada əvvəllər böyük sandıq daşı, həm də bir qoçdaş mövcud olmuş, lakin vətəni və mədəniyyətini deyil, ötəri maddi mənfəətini düşünənlər tərəfindən sındırılaraq məhv edilmiş və ya aparılmışdır...

Hər halda Odlar Yurdu Azərbaycanın ayrılmaz hissəsi olan qədim və sirli Muğan zonasının müxtəlif ərazilərindən tapılan altıguşəli simvolların əsasən xəzərlərin yadigarı olduğu, eyni halda İudaizm (Yəhudilik) dininə mənsubiyyəti inkaredilməzdir. Cəlilabadın Eçara kəndi ərazisindən tapılan bu maddi-mədəniyyət nümunəsi də onun bir nümunəsi kimi təqdim edilməlidir.

Məzar daşı üzərindəki yazıların ərəb əlifbası ilə yazıldığı sübut edildiyi üçün bu məzarın İslam dininin zühurundan sonrakı illərə (təxminən 1200-1300 il öncəyə) aid olduğu ehtimalını yürütmək olar. Çünki bu ərazilərdə ərəb əlifbasından istifadə əsasən İslam dininin zühurundan sonrakı illərə aiddir.

Bu tapıntının özəlliyi həmin simvolun ərəb qrafikası ilə yazılan yazılar arasında həkk olunmasıdır. Çünki indiyədək Cəlilabad rayonu ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri üzərində müşahidə edilən altıguşəli simvol adətən ya digər simvollar, ya da naməlum xətlərin (yazıların) əhatəsində təsbit edilmişdir. Bu baxımdan, həmin maddi-mədəniyyət nümunəsi sirli və qədim Muğan tarixi sahəsində ilk tarixi tapıntı kimi təqdim edilə bilər.

Məlumat üçün qeyd etmək lazımdır ki, miladi tarixlə Odlar Yurdu Azərbaycan və eləcə də onun Muğan diyarında hakim olan xəzərlərin müəyyən hissəsi 740-cı illərdə yəhudiliyi qəbul etmiş, İudaizm dinini daha mükəmməl din olaraq qəbul etmişlər. Əldə olan məlumatlara görə, həmin ildə Xəzər Xaqanı Obadi İudaizm (Yəhudilik) dinini dövlətin rəsmi dini elan etmiş, hətta, üzərində ərəb əlifbası ilə "Musa Rəsulullah" (Musa Allahın Elçisidir) yazılmış sikkələr kəsərək tədavülə buraxmışlar...

Bu tarixi və nadir tapıntı ilə bağlındəfələrlə aidiyyatı orqanlara məlumat verilsə də təəssüflər olsun ki, bu günədək onun rəsmi qeydiyyata alınması və qorunması ilə bağlı heç bir konkret addım atılmamışdır.

Ümid edirəm ki, aidiyyatı orqanlar, xüsusilə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu nadir tarixi və qiymətli tapıntıya xüsusi diqqət ayıracaq, onun qorunması üçün lazım olan addımları atacaqdır.

Burada sadəcə bir məsələni diqqətə çatdırmaq istərdim ki, Cəlilabad rayonunun Eçara kəndində yerləşən həmin qədim məzarlıq zəhərli ilanların məskənidir. Hətta, yerli tarixçilərdən birinin söylədiyinə görə, bir neçə il öncə həmin məzarlıqda olmuş, lakin orada ilanların çoxluğu və hücumu nəticəsində dərhal ərazini tərk etmək məcburiyyətində qalmışlar. Bu baxımdan ora daha çox ilin payız və qış fəsillərində getmək məsləhət görülür. Yaz və yay fəslillərində əraziyə getdikdə isə çox ehtiyatlı olmaq, öncədən lazımi tədbirlərin görülməsi lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.