İlin əvvəlindən "Tesla"-nın səhmləri 68% ucuzlaşıb və bunun nəticəsində şirkətin rəhbəri İlon Mask 2022-ci ildə təxminən 140 milyard dollar itirib. Buna baxmayaraq, o, dünyanın ikinci ən zəngin adamı olaraq qalır.
Maskın sərvətinin böyük hissəsinin itirilməsi "Tesla səhmlərinin" azalması ilə yanaşı, onun "Twitter"-i 44 milyard dollara alması ilə bağlıdır.
Dekabrın 28-nə olan məlumata görə, İlon Maskın ümumi varidatı 130 milyard dollar qiymətləndirilir.
Elon Maskın sərvəti
"Businessinsider"-in məlumatına görə, bu ilin əvvəlində Maskın sərvəti 300 milyard dollara çatıb və o, dünyanın ən varlı adamları siyahısında başçılıq edirdi. O, bu pulun böyük hissəsini, o cümlədən "Tesla" səhmlərinin düşməsi səbəbindən itirib: elektromobil şirkətinin investorları Maskın buna kifayət qədər diqqət yetirməməsindən və digər müəssisələrlə, xüsusən də "Twitter" ilə məşğul olduğundan narahatdırlar.
Qeyd edilir ki, Maskın "SpaceX"-dəki payı hazırda onun ən qiymətli sərvətidir və 47 milyard dollar dəyərindədir, "Tesla"-da isə təxminən 40 milyard dollardır. İş adamının "Twitter"-i 40 milyard dollara almasına baxmayaraq, ekspertlər şirkəti cəmi 20 milyard dollar dəyərində qiymətləndirirlər. Həmçinin "Bloomberg"-in məlumatına görə, Maskın "The Boring Company"-dəki payı 3,3 milyard dollardır.
Kəskin ziyana düşməsinə baxmayaraq, iş adamı dünyanın ən varlı adamları siyahısında ikinci şəxs olaraq qalır.
2022-ci il milyarderlər üçün səxavətli olmayıb
"Bloomberg Billionaires Index"-ə baxsanız, 2022-ci ildə bir çox milyarderin sərvətlərinin bir hissəsini itirdiyini görərsiniz.
Milyarderlər siyahısına liderlik edən maqnat, LVMH-nin həmtəsisçisi və baş direktoru Bernard Arnaultdur. Onun sərvəti 163 milyard dollar qiymətləndirilir, lakin bu il daha 15 milyard itirib.
Reytinqdə üçüncü yeri hazırda 116 milyard dolları olan hindistanlı iş adamı Qautam Adani tutur. İlk iki milyarderdən fərqli olaraq o, bu il sərvətini 39,9 milyard artırıb. O, bu il qazandığı pulun həcminə görə siyahıda birinci yerdədir.
"Amazon"-un qurucusu Ceff Bezos 106 milyard dollarla siyahıda 6-cı yerdədir: bu il o, sərvətinin yarıdan bir qədər azını - 86,3 milyard itirib. 2022-ci ildə itirilən pulun həcminə görə o, siyahıda 2-ci yerdədir.
"Facebook"-un qurucusu Mark Zukerberq hazırda 44,4 milyard dollarla milyarderlər siyahısında 25-ci yerdədir. O, bu il 2 dəfə çox - 81,1 milyard itirib.
Ən böyük kriptovalyuta birjalarından olan "Binance"-nin qurucusu və baş direktoru Changpeng Zhao üçün il yaxşı olmayıb: 84,2 milyard dollar itirib və cəmi 11,7 milyard dollara sahibdir. O, hazırda milyarderlər siyahısında 154-cü yerdədir.
Onun rəqibi, FTX kriptovalyuta birjasının yaradıcısı Sam Bankman-Fried isə ən şanssız milyarder hesab olunur. Cəmi bir neçə həftə ərzində, demək olar ki, bütün var-dövlətini itirib: Onun kapitalı təxminən 26 milyard dollar idi və noyabrın əvvəlində, hətta kriptovalyutası müflisləşmədən əvvəl 15,6 milyard dollar olub. İndi onun hesabında təxminən 100 min dollar qalıb. Və təbii ki, o, milyarderlər siyahısından çıxıb.
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)