Qadın ərinə ən çox hansı səbəblərdən xəyanət edir?

Qadın qətllərindən sonra adətən, bir fikir ortaya çıxır "qadın xəyanət edirdi". Bu fikir çox zaman qatilə haqq qazandırmaq üçün, onun həbsxanada yerinin daha "yaxşı" olması, daha "hörmətli" olması üçün uydurulan bir yalandır.

 

Demirik, qadınların hamısı mələkdir və xəyanətdən uzaqdır. Əsla. Qadınlar da xəyanət edə bilir. Amma öncə xəyanətin nə olduğuna bir nəzər salaq.

Xəyanət bir münasibət daxilində cütlüklərin birinin bir başqası ilə fiziki, cinsi və duyğusal ünsiyyət yaratmasıdır. Bəli, qadınlar da aldadır. Əslində aldatmaq və ya xəyanət, çox xoş olmayan sözlərdir. Kişilərə çox zaman "niyə aldadırsan" sualı verildiyi zamanı bunu hormonları ilə əlaqələndirirlər. Ancaq qadınlar isə çox zaman duyğusal səbəblərlə aldadır. Münasibətində narahatlıqlar, tez-tez edilən mübahisələr, psixoloji və fiziki zorakılıq varsa, qadın münasibətində dəyər görməməyə başladığını düşünürsə, partnyor yox sayılmağa başlanırsa, qadın ailədən, münasibətdən soyumağa başlayır.

Kişilər, xüsusilə evləndikdən sonra və ya uzun münasibətlərdə qadının getməyəcəyini düşünüb onun şəxsiyyətini öz şəxsiyyəti altında əzməyə çalışırlar. Bu isə qadına dəyərsizlik hissi yaşatmağa başlayır. Qadın, dəyərini tapa bilmək üçün aldatmağa yönəlir. Aldadan qadınların çoxu, həyat yoldaşının da onu aldatdığını bildiyi üçün aldadılmağa layiq olduğunu hesab edir.

Psixoloq Leyla Zaman bildirir ki, cinsi uyğunsuzluq, fiziki zorakılığa məruz qalmaq da aldatma səbəbləri arasındadır.

"Qadınların dözə bilmədiyi digər proses isə onunla kobud davranılmasıdır. Hörmət etməyən, aşağılayan, nəzakətsiz davranışlar sərgiləyən, kişilər qadınları münasibətlərdən soyudur. Münasibətində yetərli qədər tərif, kompliment ala bilməyən, yaşlanmaya başladığını düşünən qadınlar ciddi bir narahatlıqla yaşlanmadıqlarını və hələ də gözəl olduqlarını hiss etmək üçün aldatmağa başlayırlar. Münasibətlərdə həyəcanı qalmayıbsa, hər şey adiləşibsə, kişi qadının yanında şəxsi təmizliyinə diqqət etmirsə, qadınlar münasibətdən uzaqlaşa bilirlər. Münasibətlərində danışmayan kişi ilə yaşayan qadınlar duyğularını böyük şəkildə izah edən kişilərə daha çox üstünlük verirlər",- deyə psixoloq bildirib. Onun sözlərinə görə, münasibətlərdə qadının və ya kişinin aldatmaması üçün azadlıq olmalıdır. Yəni tərəflərin nəfəs ala bilmələri üçün uyğun mühiti olmalıdır.

Bəzən insanlar münasibətlərini o qədər iç-içə yaşayırlar ki, qısa zamanda xoşbəxt hiss edib bədbəxt olaraq münasibətdən çıxrlar: "Qadın xəyanət edirsə, burada kişidə də günah var. Yəni heç bir kişi deməsin ki, "işlədim, evə yemək aldım, geyim aldım, o da xəyanət etdi". Kişi düşünməlidir ki, qadın xəyanət edirsə, hardasa boşluq buraxıb".

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.