Əkbər Qoşalı yazır
Fransa Güney Qafqaza və Qarabağa müdaxilə etməkçün yüz hoqqadan çıxır
ATƏT-in keçmiş Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının (hələlik) daimi üzvü Fransanın prezidenti Emanuel Makron beynəlxalq humanitar təşkilatların Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisinə göndərilməsi çağırışında bulunub. Onun bu çağırışı əlbəttə əsassızdır – özü də tamamilə əsassızdır.
Birincisi, o dövlət ki, guya arbitr rolu oynayır (özünü buna haqqı çatan dövlət konumunda görür), zəhmət çəkib, tərəflərdən eyni məsafədə durmağı bacarmalıdır. O isə keçmiş işğalçı Ermənistanın böyük bacısıdır və bu bacılıq fiziki yox, siyasi-ideoloji, müəyyən qədər dini amillərlə bağlıdır. Yəni bu yanaşmada heç bir halda hüquq, beynəlxalq nizam arayışı iştirak etmir.
Beləliklə, sual yaranır: bir şey ki əsassızdır o nə nəticə verə, hansı qalıcı imkanlar yarada bilər? Bu çəpdişli çarx altındaymış kimi davranmaq nəyi göstərir? Suallar ritorik xarakterlidir. Bəli, bu, bir daha Emanuel Makronun hər vəchlə Güney Qafqaza müdaxilə etməyə, burada möhkəmlənməyə çalışdığını göstərir. Bu, “Gözü qarayam” deyirmişcəsinə bir müdaxilə cəhdidir; amma biz nə Fransanın gözünün rənginə, nə də onun kiçik bacısının göz yaşına baxmayacağıq...
Öz çirkin planını “sərhəd missiyası” adı altında həyata keçirməyə cəhd göstərən Makron istəyinin puç olduğunu görüncə, bu dəfə “kurs”u dəyişib humanitar təşkilatların əli ilə öz niyyətini gerçəkləşdirməyə çalışır. Onun humanitariya qavramına verdiyi “dəyər”i Frankafoniyanın Tunis toplantısında bir daha gördük: adam yekun qətnaməyə, qurumun rəsmi elanolunmuş qayəsi ilə heç bir bağlantısı olmadan Azərbaycan əleyhində bəndlər salmaq istəyirdi. Hətta israrlara baxmayaraq o bəndlər keçmədi – çünki Azərbaycanın güvənli dostları hər yerdədir; Makron gördü ki, Frankafoniyada belə üzv Ermənistanın deyil, adil Azərbaycanın sözü daha kəsərli, daha keçərlidir. Ermənistanın üzv olduğu KTMT-də də belədir. Azərbaycan şahlanış dönəmindədir, kəsafətləri kəsə-kəsə irəliləyir və bizi kimsə durdura bilməz! Çünki haqlıyıq! Çünki haqqımızı savunmağa yetərli gücümüz var!
Bəli, artıq kimisə aldatmaq mümkünsüzdür – Fransanın Ermənistanla birgə hazırladığı məkrli planları faş etməyə imkanımız var. Fransanın öz bəd niyyətini humanitar təşkilatların əli ilə gerçəkləşdirməyə çalışması keçməyəcək – bu plan da iflasa məhkumdur.
Təkrarçılıq olmasın, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Və Fransanın yanlış yanaşmaları ilk növbədə BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı müddəalarından sui-istifadədir. Hər hansı bir ölkənin ərazisinə humanitar missiya, yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Azərbaycan Respublikasının belə bir razılığımı var? – Xeyr! Azərbaycanın nəinki razılığı, öhdəliyi, imzası var, əksinə heç belə bir niyyəti də yoxdur.
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ermənilər yaşadığı ərazilərində guya humanitar böhranla bağlı iddialar tipik erməni yalanı, hay vay-şüvənidir. Hələ bircə fikir verin: guya Xankəndi və çevrəsində 120 min (?) erməni yaşayır. Bədbəxt uşağı o qədər yalan danışıb, artıq yalanla nəfəs alır, yalanla qol-boyun yatır, yalanla oyanır, elə yalanla da əl-üzünü yuyub, sonra da yeni yalanlarla qəlyanaltı edirlər... Təqribən 25 min erməninin zorən məskun edildiyi əraziyə bundan 4-5 dəfə çox erməni “pripiska” edirlər. Necə ki Xankəndindəki son (25 dekabr tarixli) mitinq haqqında yayılan erməni “rəsmi” xəbərlərində də saxtalaşdırma gördük: yenə 4-5 dəfə şişirtmə vardı – guya 17 min yox 70 min civarı erməni toplaşıbmış Xankədni meydanına. Bilirsiz, burada iki məqam qabarıq görsənir. Birincisi, bizim ekofəalların, vətəndaş cəmiyyəti institutları təmsilçilərimizin Laçın-Xankəndi yolundakı əyləmindən sonra Ermənistandan “TIR”larla-filan “mitinqçi” daşımaq alınmadığı üçün, meydanın münasib rakurslardan çəkilişləri ilə, digər texniki quramalarla oynadılar; ikincisi, qlobal meydanda Fransa-Rusiya ayrımçılığı söz konusuykən, balaca meydanda Fransa-Rusiya işbirliyi cəhdi, əsintisi hiss olunur. – Olsun ki, bu da, Vardanyana bir az ümid verir. Amma və lakin yeni terrorçubaşı olmaq istəyən Vardanyanın danışığına çökmüş qüssə, (qabağı düşüm derkən dala düşdüyünü idrak etmiyin gətirdiyi gərginlik) danılmazdır. Vardanyan Yoxdanyan olmaq yolundadır – ha bir az gec ha bir az tez... Rəhmətlik Şaiq Vəli demiş, olacaqlar olacaqlar...
Kim bilməsə də, Ermənistan və onun böyük bacısı yaxşı bilir ki, əgər Xankəndi ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hər hansısa bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz ərazisində yaşayan dinc sakinlərin, vətəndaşlarının problermlərini ləyaqətli həll etməyə qadirdir. Azərbaycanın ədalətinə kiminsə şübhəsi olmasın. Cənab Prezidentin məşhur sözləri ilə desək, “sözümüz imzamız qədər keçərlidir”.
Hər şey bir yana qalmış olsa belə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə qərargahı var və bu qurumla işbirliyi mövcuddur. Deməli, hər hansı bir çətinlik yaranarsa da, Qırmızı Xaç Komitəsinin vasitəsi ilə çözüm yolu tapmaq mümkündür.
Zatən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin arabalarının, onların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin, Laçın – Xankəndi yolunun hazırda əyləm keçirilən hissəsindən maneəsiz hərəkəti bir neçə dəfə tam təmin edilib. Əyləmçilər yolçulara, yolçular əyləmçilərə öyrəşib artıq. Artıq daha çox erməni idrak edir ki, Azərbaycanla anlaşmaya varmaq alternativlərin ən yaxşısıdır! O da görəsnir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır.
Uzun sözün qısası, Fransa Prezidentinin səsləndirdiyi fikirlər onun yenidən vasitəçiliyə can atdığını göstərməkdədir. Amma və lakin Fransa məsələ ilə bağlı birtərəfli mövqe tutduğuna görə belə bir vasitəçilik mümkün deyil. Fransa öz missiyasını, mandatını özü gorbagor eləyib. Gorbagor olansa dirilmir...
Müsyö üçün Dərviş Məstəli Şahmı gəlsin, yoxsa, Şeyx Nəsrullahmı?..
Dövlətimiz zaval görməsin!
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)